Məhkəmə qərarları › İş №2(060)-3853/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3853/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3853/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 27.03.2018-ci il tarixli qətnaməsi ilə 28.01.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancından (başqa gəlirlərindən) onun xeyrinə tutulan dörddə bir hissəsi miqdarda alimentin dəyişdirilərək hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 17.10.2017-cı il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda alimentin tutulub 28.01.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 50 (əlli) manat miqdarda maddi yardımın 17.10.2017-cı il tarixdən başlayaraq 28.01.2020-ci il tarixədək tutulub ona verilməsi qət edilmişdir. Qətnamə üzrə aliment cavabdehin əmək haqqına yönəlmişdir. 2020-ci ilin yanvar ayına qədər cavabdehin əmək haqqından 250- 300 manat aliment və 50 manat maddi yardım tutulurdu. Lakin 2020-ci ilin yanvar ayından cavabdeh təqaüdə çıxmış, bundan sonra alimentin məbləği əhəmiyyətli dərəcədə dəyişərək, xeyli azalmışdır. Uşağın üç yaşı tamam olduğuna görə maddi yardım kəsilmişdir. Hazırda o, 98 manat aliment alir. O, uşağını maddi cəhətdən təmin edə bilmir. Uşaq böyüyür, tələbatları artır. Cavabdeh tərəfindən ödənilən 98 manat aliment isə hər gün artan maddi və digər tələbatları ödəməyə çatmır. O, həkim işləyir 190 manat maaş alır. Mənzilinin ipotekasını ödəyir. Maddi vəziyyəti ağırdir. Lakin cavabdeh uşağına heç bir yardım göstərmir, onun nəinki maddi, hətta mənəvi tələbatını yerinə yetirmir. Üzərinə düşən valideynlik hüquqlarını həyata keçirmir. Cavabdehdən rəsmi qaydada ayrıldıqdan sonra cavabdeh uşağı ilə görüşməmiş, ona heç bir qayğı göstərməmiş, yaşayış tərzi və digər ehtiyacları ilə maraqlanmamışdır. Halbuki, cavabdehin ata olaraq vəzifəsi təkcə aliment ödəmək deyil. Uşağın bütün qayğılarını o, təkbaşına çəkir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-422/2018 saylı, 27.03.2018-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Cavabdeh ilə X3 arasında 21.02.2014-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, 28.01.2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 17.10.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin bir yetkinlik yaşına çatmayan övladının olması, uşağın ananın yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin hazırda işləməməsi, alimentin cavabdehin pensiyasından tutulması və həmin məbləğin uşağın marağını əhəmiyyətli dərəcədə pozduğunu nəzərə alarah hesab edir ki, bu hal məhkəmə tərəfindən müəyyən olunan alimentin tutulması qaydasının dəyişdirilməsi, yəni cavabdehdən tutulacaq alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsas kimi qəbul edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-422/2018 saylı, 27.03.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28.01.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iş üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-422/2018 saylı, 27.03.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28.01.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar