Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3861/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qızıl və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cehiz əşyaları kimi paltaryuyan maşını “LG”-500 manat, yataq mebeli 450 manat, stol-6 stul 350 manat, qab- şkafı stenka 400 manat, xalça 2 ədəd 400 manat, tozsoran maşını “Sony” 150 manat, Lüstr 2 ədəd 100 manat, ət çəkən maşın “Gepas” 100 manat, qab-qacaq- 700 manat, yorğan- döşək-400 manat, blendir -300 manat, televizor Samsunq -300 manat, soyuducu “Altus”-500 manat əgər bu əşyalar yoxdursa onların ümumi dəyəri olan 4650 manat pul vəsaitinin; qızıl zinət əşyaları kimi Komplekt üzük-sırqa-firuzə qaşlı- 30 qr 1800 manat, Nişan üzüyü briliant qaşlı- 15 qr 1000 manat, Qolbaq-sep kolye-40 qr-2500 manat, tək qolbaq-12 qr 600 manat, qaşsız üzük -3 qr 200 manat, qaşsız üzük - 3 qr 200 manat, briliant qaşlı üzük- 8 qr 500 manat, qolbağ tros- 15 qr 900 manat, qızı üçün alınmış sep-qolbaq-10 qr 500 manat əgər bu əşyalar yoxdursa onların ümumi dəyəri olan 8200 manat pul vəsaitinin; birgə nikah dövründə alınmış əşya kimi mətbəx mebeli 1600 manat, paltar şkafı 1000 manat, televizor 2 ədəd (“Panasonic”,“LG”) 1300 manat, xalça 2 ədəd 600 manat, lüstr 2 ədəd 150 manat, tozsoran maşını 150 manat, kondisioner “Shivaki” 1300 manat, mətbəx divanı 400 manat, qaçış idman aləti 600 manat əgər bu əşyalar yoxdursa onların ümumi dəyərinin ikidə bir hissəsi yəni 3550 manat pul vəsaitinin toplam olaraq 16400 manat vəsatinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 15.06.2008-cü il təvəllüdlü X5 və 16.05.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-513/2021 nömrəli 08.02.2021-ci il tarixli qətnaməsilə 20 avqust 2007-ci il tarixli rəsmi nikahlarına xitam verilməsi, birgə nikahdan olan 15.06.2008cü il təvəllüdlü X5nun və 16.05.2014-cü il təvəllüdlü X2 onun yanında qalmaları və cavabdehdən aliment pulunun tutulması qət olunmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olarkən aşağıdakı cehiz əşyalarını cavabdehin yaşadığı evə gəlin köçərkən aparmışdır. Paltaryuyan maşın “LG”-500 manat, yataq mebeli 450 manat, Stol-6 stul 350 manat, qabşkafı stenka 400 manat, xalça 2 ədəd 400 manat, tozsoran maşını “Sony” 150 manat, lüstr 2 ədəd 100 manat, ət çəkən maşın “Gepas” 100 manat, qab-qacaq 700 manat, yorğandöşək 400 manat, blendir 300 manat, televizor Samsunq 300 manat, soyuducu “Altus” 500 manat. Bundan başqa birgə nikah dövründə, yəni 2007-2020-ci illərdə bir sıra ev əşyalarını almışlar ki, həmin əşyalar aşağıdakılardır və hal-hazırda cavbdehin yaşadığı evdədir- mətbəx mebeli 1600 manat, paltar şkafı 1000 manat, televizor 2 ədəd (“Panasonic”,“LG”) 1300 manat, xalça 2 ədəd 600 manat, lüstr 2 ədəd 150 manat, tozsoran maşın 150 manat, kondisioner “Shivaki” 1300 manat, mətbəx divanı 400 manat, qaçış idman aləti 600 manat. Cavabdehlə rəsmi nikaha daxil olarkən ona aşağıdakı qızılzinət əşyaları alınmışdır - komplekt üzük-sırqa-firuzə qaşlı- 30 qr 1800 manat, nişan üzüyü briliant qaşlı- 15 qr 1000 manat, qolbaq-sep kolye-40 qr 2500 manat, tək qolbaq-12 qr 600 manat, qaşsız üzük -3 qr 200 manat, qaşsız üzük - 3 qr 200 manat, briliant qaşlı üzük-8 qr 500 manat, qolbağ tros-15 qr 900 manat, qızı üçün alınmış sep-qolbaq-10 qr 500 manat dəyərində, həmin əşyaları tələb edir. Bundan sonra, 14.06.2021-ci il tarixdə iddiaçı tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 17 qr, qiyməti 1037 manat olan kolye, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzük adlı zinət əşyalarının, həmin əşyalar olmadıqda onların dəyəri olan 3400 manat pul məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, birgə nikah dövründə firuzə qaşlı dəsti təxminən 2016-cı ildə uşağın müalicə xərcləri üçün satmışdır, ona görə həmin qızıl əşyasını tələb etmir. Tələb etdiyi qızıl əşylara qayınanasından soruşduqda lombarda qoyduqlarını, geri götürə bilmədikləri üçün isə qızılların batdığını bildirmişdir. O, atasıgilə getdikdən sonra cavabdeh qızılları lombarda qoyub, daha sonra pulu qaytarmadığı üçün qızıllar lombardda qalıb. Ona tələb etdiyi qızıl əşyalarının lombarda qoyulduğunu qaynanası bildirmişdi. Onun iştirakı ilə qızıl əşyaları lombarda qoyulmayıb. Tələb etdiyi qızıl-zinət əşyaları toyda ona hədiyyə edilib. Evdən çıxan zaman yalnız geyim əşyalarını götürmüşdür. Cavabdeh birgə nikah dövründə qızıl əşyalarından xəbəri olmadan satdığı üçün digər qızıl əşyalarını qayınanası özündə saxlayırdı ki, cavabdeh onları da satmasın. Həmçinin bildirdi ki, cavabdehin nümayəndəsinin izahatında bildirdikləri həqiqətə uyğun deyil, İbrahim həmişə işləyib, o cümlədən, maşın alqı-satqısı ilə məşğul olub, qızıl əşyaları onun razılığı ilə, eləcə də cavabdehlə birgə yaşadıqları dövrdə lombarda qoyulmayıb, o, cavabdehdən faktiki olaraq ayrılaraq atası evinə getdikdən sonra onun xəbəri və razılığı olmadan qızıllar lombarda qoyulub. Birgə nikah dövründə yalnız firuzə qaşlı dəst satılmışdır. Həmin dəstin satılmasından əldə edilən vəsait uşağın müalicə xərclərinə sərf olunduğu üçün həmin zinət əşyasını tələb etmir. Eləcə də bir ədəd qolbağın onun tərəfindən birgə nikah dövründə satılması barədə cavabdehin nümayəndəsinin göstərdikləri doğru deyil, cavabdeh həmin qolbağı onun razılığı və məlumatı olmadan satıb. İddiaçı eləcə də göstərdi ki, qızıl əşyalarının dəyərini təxmini qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Tərəflərin birgə nikahında olan uşaqları xəstədir. Hazırda uşaq cavabdehin yanında qalır. Uşağın müalicəsi ilə bağlı pul tələb olunduğundan iddiaçıya məxsus iddia predmetini təşkil edən komplekt dəst lombarda qoyularaq, pul götürülmüş, daha sonra cavabdehin həmin pulu qaytarmağa imkanı olmadığından qızıl əşyaları lombardın hesabına keçmişdir. Bundan başqa, tələb olunan bir ədəd qolbağı iddiaçı özü cavabdehlə birgə yaşadıqları dövrdə satıb. Bu qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Eləcə də 31 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Sahil Allahverdiyev izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddia edilən qızıl-zinət əşyaların mövcudluğunu mübahisə etmirlər, həmin əşyalar iddiaçıya hədiyyə alınıb, lakin İbrahim işləmədiyinə və uşaqları xəstə olduğundan, bununla bağlı müalicə xərcləri tələb olunduğundan pul məbləğinə ehtiyac olmuş və bu ehtiyacla əlaqədar olaraq iddiaçının özünün də razılığı ilə qeyd olunan qızıl-zinət əşyaları lombarda qoyulmuş və əldə edilən pul məbləği ailənin ümumi ehtiyaclarına, uşağın müalicə xərclərinə sərf edilmişdir. İbrahim işləmədiyinə görə lombarddan götürülən vəsaiti geri qaytara bilməmiş və qızıl əşyaları lombardda qalmışdır. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıda şərh olunanlara əsaslanmışdır. Mülki iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 avqust 2007-ci il tarixdə 1268 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, …… qət edilmişdir. İddia tələbi üzrə məhkəmə aşağıda şərh olunanları qeyd edir: Göründüyü kimi tərəflər 20 avqust 2007-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər. İddiaçı iddia edilən əşyaların ona nikaha daxil olarkən hədiyyə olaraq verildiyini, ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq, əşyaların cavabdeh tərəfdə qaldığını, ona qaytarılmadığını iddia edir və qaytarılmasını tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edərək iddia edilən qızıl-zinət əşyalarının bir qisminin iddiaçının razılığı ilə və özü tərəfindən satıldığını, bir qisminin isə lombarda qoyularaq birgə nikahdan olan uşağın müalicə xərclərinə sərf edildiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə hesab edir ki, araşdırma zamanı iddia edilən qızıl-zinət əşyaların cavabdeh tərəfindən iddiaçıya hədiyyə verildiyi və bu əşyaların mövcud olması sübuta yetdi. Bu göstərilənlər işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran halları iddiaçıya hədiyyə verilmiş qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qalması və iddiaçıya verilməməsi, həmin əşyaların birgə nikah dövründə satılması və ailənin məsrəflərinə sərf edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından göründüyü kimi mübahisələndirilən qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qalması öz təsdiqini tapmaqla, iddiaçının bu barədə göstərdikləri işin faktiki hallarına uyğundur. Məhkəmə, həmin əşyaların bir qisminin iddiaçı tərəfindən satılması barədə cavabdeh tərəfin etirazını inandırıcı hesab etmir və qeyd edir ki, cavabdeh əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfin izahatından göründüyü kimi qızıl əşyaları iddiaçı atası evinə getdikdən sonra lombarda qoyulmuşdur. Məhkəmə araşdırması zamanı həmin qızıl əşyalarının əyarı, çəkisi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı tərəfindən tələb olunan əşyaların dəyəri təxmini göstərildiyindən məhkəmə tərəfindən qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4854 saylı 08 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4185,00 manat məbləğindədir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ekspert rəyini sübut növü olaraq qəbul edərək, habelə mülki qanunvericiliyin hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı göstərişini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 17 qr, qiyməti 1037 manat olan kolye, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzük, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olaraq 3400 manat pul alınaraq İddiaçı verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 100 manat tutularaq X3 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 583 əyarlı, çəkisi 23,8 qr, qiyməti 1451 manat olan qızıl qolbaq, çəkisi 17 qr, qiyməti 1037 manat olan kolye, çəkisi 12 qr, qiyməti 732 manat olan tək qolbaq, çəkisi 3 qr, qiyməti 180 manat olan qaşsız üzük, həmin əşyaların naturada qaytarlıması mümkün olmadıqda onların dəyəri olaraq cəmi 3400 (üç min dörd yüz) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 100 (bir yüz) manat tutularaq X3 hesabına köçürülsün (Kod:210005, Vöen:**********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3861/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3861/2021
26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver