Məhkəmə qərarları › İş №2(060)-3901/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3901/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3901/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən övladları 07.07.2017-ci il təvəllüdlü X3 və 09.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2016-cı il tarixdən faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin 07.07.2017-ci il təvəllüdlü X3 və 09.08.2018-ci il təvəllüdlü X4 adlı 2 övladları vardır. Cavabdeh ailəsi ilə maraqlanmır, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsində heç bir köməklik etmir. İddiaçı hər iki uşağın maddi ehtiyaclarını özü qarşılamaq məcburiyyətində qalmışdır ki, onun maddi imkanı uşaqların maddi ehtiyaclarının lazımi qaydada ödənilməsinə imkan vermir. Bu səbəblə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdeh bankda sürücü vəzifəsində işləyir və onun maddi imkanı yaxşıdır. Qeyd olunanlar əsasında iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci ildə anadan olmuş, Sumqayıt şəhəri, Yataqxana 6A, Sülh küçəsi, məhəllə 76-da qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1976-cı ildə anadan olmuş, Qubadlı rayonu, Həmzəli kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X3 07.07.2017-ci ildə, X4 09.08.2018-ci ildə anadan olmuşlar. Uşaqların anası İddiaçı, atası isə Cavabdehdur. 376267 və 357513 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, hər iki uşağın atası Cavabdehdur. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşaqların yetkin yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 manat alimentin tutulmasını xahiş etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin təmin edilməsi üçün cavabdehin zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 06.04.2021-ci ildə müraciət etdiyi üçün alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07.07.2017-ci il təvəllüdlü X1 və 09.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 06.04.2021-ci il tarixindən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar