Məhkəmə qərarları › İş №2(060)-3929/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3929/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3929/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "əlavə xərclərə cəlb olunması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "əlavə xərclərə cəlb olunması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının atasıdır. Valideynləri xx.xx.2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və onların birgə nikahından xx.xx.2001-ci il tarixdə İddiaçı və xx.xx.2003-cü il tarixdə isə bacısı X5 anadan olmuşdur. Valideynlərinin xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri tədricən pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-205/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydi pozulmuşdur. X1 himayəsində yaşayırlar. Hazırda yetkinlik yaşına çatmışlar, Sevinc Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin əyani şöbəsində təhsil alır, iddiaçı isə 3-cü qrup əlildir. Maddi vəziyyətləri ağırdır. Yaşayış şərtlərinin daha da çətinləşməsi, qiymətlərin qalxması, Sevincin təhsil haqqının ödənilməsində, onun müalicə xərclərində olan problemlər və digər səbəblərdən gündəlik maddi tələbatlarını lazımınca ödəyə bilmirlər. Cavabdeh onlara çəkilən əlavə xərclərdə iştirak etməyə cəlb olunmalıdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının müalicə olunmağı üçün çəkilən əlavə xərclərdə iştirak etməyə cəlb olunması və cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-205/13 saylı, xx.xx.2013cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh və X8 arasında xx.xx.2000-ci il tarixli Sumqayıt şəhər Nikah evində 424 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı, 22 iyul 2003-cü il təvəllüdlü X5 və 16 aprel 2008-ci il təvəllüdlü X4 boşanmadan sonra X8 ilə qalması, xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı, 22 iyul 2003-cü il təvəllüdlü X2 və 16 aprel 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 dekabr 2012-ci ildən başlayaraq hər ay Cavabdeh hər ay bir uşaq üçün 70 manat olmaqla, ümumilikdə 210 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 18 yaşına çatanadək müalicəsi məqsədilə Cavabdeh hər ay 50 manat pul tutularaq X6 verilməsi, iddia tələbinin müalicə xərcinə aid qalan məbləğ hissədə təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi qət edilmişdir.

8. İş materiallarında olan Sumqyıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 141175 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X7r.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair notarial qaydada təsdiq olunmuş məlumatdan görünür ki, İddiaçı müddətsiz olaraq 3-cü qrup əlildir. Diaqnoz: Budun anadangəlmə ikitərəfli çıxığı, hər iki bud çanaq oynağının anadangəlmə çıxığı, keçirilmiş cərrahi əməliyyatdan sonraki vəziyyət, hər iki diz oynaqlarının valqus deformasiyasi, cərrahi əməliyyatdan sonraki vəziyyət ağırlaşma Q65.1. Budun anadangəlmə ikitərəfli çıxığı, hər iki bud çanaq oynağinin anadangəlmə çıxığı, keçirilmiş cərrahi əməliyyatdan sonraki vəziyyət , ağırlaşma M24.S. Oynaqların kontrakturası, hər iki bud oynaqlarının kontrakturası, ağırlaşma M16.2. İkitərəfli displaziya nəticəsində koksartroz, hər iki bud çanaq oynaqlarının deformasiyaedici koksartrozu, ağırlaşma R26. Hərəkətin və yerişin pozulmaları, aşağı ətrafların yeriş funksiyasının pozulması, qaz yerişi Yanaşı xəstəliklər F48.0- nevrasteniya.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00839 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı 50 manat çəbləğində mediasiya xərci ödəmişdir.

11. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” Hüquqi Şəxsi 1 nömrəli xəstəxana poliklinika şöbəsi tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan məlum olur ki, İddiaçı hər iki diz oynağının anadangəlmə çıxığı, keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuş və sözügedən poliklinikada fizioterapevtik müalicə qəbul edərək, dispanser qeydiyyatdadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı yetkinlik yaşına çatmış, habelə üçüncü qrup əlil olmaqla, əmək qabiliyyəti yoxdur, müntəzəm olaraq fizioterapevtik müalicə alır. Cavabdeh onun atasıdır, iddiaçının xəstəliyi ilə əlaqədar maddi yardıma ehtiyacı vardır, Cavabdeh ona maddi yardım etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Eyni Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər (maddə 29.1.). Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir (maddə 29.2.). Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar (maddə 29.4.).

17. Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

18. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

19. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

20. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər. Bu hallardan biri də övladın xəstə olması və həmin xəstəliyin müalicəsi üçün zəruri vəsaitin ödənilməsinin valideyn tərəfindən qarşılanmasıdır.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı budun anadangəlmə ikitərəfli çıxığı, hər iki bud çanaq oynağının anadangəlmə çıxığı, ikitərəfli displaziya nəticəsində koksartroz, hər iki bud çanaq oynaqlarının deformasiyaedici koksartrozu, ağırlaşma, hərəkətin və yerişin pozulmaları, aşağı ətrafların yeriş funksiyasının pozulması, qaz yerişi və s. xəstəliklərdən əziyyət çəkir. Həmçinin, müntəzəm olaraq fizioterapevtik müalicə alır.

22. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 25 may 2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə belə hesab edir ki, əlavə xərclərə görə müəyyən edilmiş məbləğ həmin tarixdən başlayaraq tutulmalıdır.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

24. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, övladı İddiaçı xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 (bir yüz) manat tutularaq İddiaçı verilməlidir.

25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, övladı İddiaçı xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar