Məhkəmə qərarları › İş №2(060)-3946/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3946/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3946/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı Rəhimli (Ağayeva) Aytən Azad qızının Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Rəhimli (Ağayeva) Aytən Azad qızı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 iyun 2021-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2023-cü il təvəllüdlü X5 adlı bir övladı doğulmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilmiş və MŞS/MT030/2023-02765 saylı, 08 yanvar 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin Saziş ilə müəyyən edilmişdir ki, hər iki tərəf aliment tələbindən başqa bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Mediasiya prosesində - X4 uşağın X3 anası İddiaçı himayəsinə verilməsinə razışlaşmışlar. Mediasiya prosesində - İddiaçı ilə Cavabdeh rəsmi nikaha münasibətlərindən doğumlu X1 atası Cavabdeh ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətə mane olmayacağı barədə İddiaçı razılaşaraq öhdəlik götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1874/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Rəhimli (Ağayeva) Aytən Azad qızı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, 1150 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Aliment məsələsi həll edilməmişdir. Belə ki, cavabdeh övladının saxlanılmasında iştirak etmir. Odur ki, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı Rəhimli (Ağayeva) Aytən Azad qızı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 916380 saylı, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 iyul 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1874/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, iddiaçı Rəhimli (Ağayeva) Aytən Azad qızı ilə Cavabdeh arasında 2 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, 1150 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

10. İşin materiallarında olan Rəhimli (Ağayeva) Aytən Azad qızı ilə Cavabdeh arasında mediator X6 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023/02765 saylı barışıq sazişinə əsasən, mediasiya prosesində hər iki tərəf Cavabdeh ilə İddiaçı aliment tələbindən başqa bir- birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən adalarındakı nikah qeydinin (Bakı şəhəri: 2 saylı “ASAN xidmət” qeydiyat şöbəsi, xx.xx.2021-ci il 1150 № ilə qeyd edilmiş, AZ-İİ № 446025) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Mediasiya prosesində - Cavabdeh (uşağın atası) uşağın X2 Doğ /şəh. (AZ № 916380) İddiaçı (uşağın anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - İddiaçı (uşağın anası) ilə Cavabdeh (uşağın atası) rəsmi nikah münasibətlərindən (Bakı şəhəri:2saylı ASAN xidmət qeydiyat şöbəsi,xx.xx.2021-ci il 1150 № ilə qeyd edilmiş, AZ-İİ № 446025) doğumlu X2 Doğum /şəh. (AZ №916380) atası- Cavabdeh ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə İddiaçı (uşağın anası) razılaşaraq öhdəlik götürdü.

11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis, satışın həvəsləndirilməsi metodları vəzifəsində çalışır və aylıq maaşı isə 1184 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulan uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və aliment tutulmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh azyaşlı uşağı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat məbləğində aliment tutularaq iddiaçı Rəhimli (Ağayeva) Aytən Azad qızına ödənilməlidir.

17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

20. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

23. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 20 may 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

24. Məhkəmə iddianın “uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

25. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

26. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

27. İşdən isə göründüyü kimi cavabdeh iddiaçının zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

28. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

29. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

30. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

31. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Rəhimli (Ağayeva) Aytən Azad qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Rəhimli (Ağayeva) Aytən Azad qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar