Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3968/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat, dayənin xərclərini qarşılamaq üçün ona hər ay ödəməli olduğu 2018-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayınadək 300 manatın ½ hissəsi olan 150 manat olmaqla, ümumilikdə 4050 manat, xəstəliyi və himayəsində olan iki azyaşlı uşağı ilə birlikdə çətin sosial vəziyyətdə olduğuna görə uşaqların 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 28.11.2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 24.09.2015-ci il təvəllüdlü X3 və 20.11.2018-ci il təvəllüdlü X6 adlı övladları vardır. Nikahları pozulmasa da, münasibətləri gərgindir və onlara ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir köməklik göstərmir. Cavabdeh uşaqların saxlanması üçün yardım edə biləcək gücdədir. Ona görə də iddia tələbinin qəbul edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi, cavabdehin övladlarına baxmadığını, uşaqları ilə maraqlanmadığını, iddiaçı onkoloji xəstə olduğu üçün Türkiyəyə aparılıb müalicə aldığını bildirdi. Əlavə olaraq bildirdi ki, iddiaçı bir il övladı ilə birlikdə qalmış, digər uşağa isə dayə baxmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh laqeyd ata olmadığını, ailəsinə kömək etdiyini, uşağın müalicəsi üçün yetəri qədər yardım etdiyini, uşaqlarının saxlanması üçün əvvəl əlbəəl, sonradan isə kart hesabı açdıraraq yardımlar etdiyini bildirərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadə verərək bidirdi ki, o, tərəflərin balaca övladı 20.11.2018-ci il təvəllüdlü X5 öz evində 2018-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayınadək aylıq 150-300 manat haqq müqabilində dayəlik etmişdir. Məhkəmə, tərəflərin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Tağıyeva Sura Qulu qızı arasında 28.11.2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2456 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Nadirova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 24.09.2015-ci il təvəllüdlü X3 və 20.11.2018-ci il təvəllüdlü X6 adlı övladları vardır. - Milli Onkologiya Mərkəzi Kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya şöbəsinin pasient İddiaçı 18.12.2018-ci il tarixdə müayinəsi barədə verdiyi raportdan görünür ki, hər iki ağciyər yuxarı pay paramediastinal sahədə, sağ ağciyər aşağı payda fibroz və xəfif septal qalınlaşmalar təyin olunur. Hər iki plevral boşluqda cüzi "sərbəst"maye izlənilir.Yuxarı ön divararalığında yerləşib traxeyanı, hər iki baş bronxu, iri kalibirli damarları va hər iki ağciyərin yuxarı paylarını kəskin kompressiya edən - 10,3x14,8x(CC) 11,4 sm ölçülü konqlomerat şəkilli patoloji kütlə aşkar edilir. Sağ körpücüküstə nahiyədə - 1,7x2,0 sm ölçülü böyümüş limfa düyünü izlənilir. Hər iki qoltuqaltı nahiyədə patoloji böyümüş limfa düyünləri təyin olunmur.Divararalığı magistral damarların diametri genişlənməmişdir. Ürək boşluqlarında KT olaraq patologiya qeyd edilmir. Perikard boşluğunda cüzi maye izlənilir. Traxeya və hər iki baş bronxun mənfəzi sərbəstdir. Müayinə sahəsinə daxil olan qarın boşluğunda paraqastral sahədə - 2,1x2,8 sm ölçülü patoloji böyümüş limfa düyünü təyin olunur. Müayinə sahəsinə daxil olan sümüklərdə destruktiv dəyişikliklər qeyd edilmir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Yeni Klinika” X9 verdiyi 18.05.2021-ci il tarixli, 211 №-li arayışdan görünür ki, Cavabdeh 17.07.2020-ci il tarixindən “Yeni Klinika” X10 porter vəzifəsində çalışır və onun aylıq əmək haqqı 311,65 manatdır. Aylıq əmək haqqından tutulmalar aparıldıqdan sonra ona ödəniləcək məbləğ 278,88 manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 28.11.2014-cü il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 24.09.2015-ci il təvəllüdlü X3 və 20.11.2018-ci il təvəllüdlü X6 adlı övladları vardır. Tərəflər ayrı yaşayırlar. Cavabdeh “Yeni Klinika” X10 porter vəzifəsində çalışır və onun aylıq əmək haqqı 311,65 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uqalara aliment ödənilməsi barədə saziş olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 12 aprel 2021-ci il tarixdən etibarən 24.09.2015ci il təvəllüdlü X3 və 20.11.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə, eyni zamanda belə nəticəyə gəlir ki, iddianın dayəyə çəkilmiş xərcin yarısının tutulmasına dair hissəsi mötəbər sübutlar təqdim olunmadığından, uşaqların 3 yaşına çatanadək 200 manat maddi yardım verilməsi hissəsi isə 24.09.2015-ci il təvəllüdlü Mənzərə Nadirovanın artıq 3 yaşı tamam olduğundan, habelə cavabdehin kömək göstərməkdən imtina etməsi, eləcə də zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12 aprel 2021-ci il tarixdən etibarən 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3968/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3968/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver