Məhkəmə qərarları › İş №2(060)-3993/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-3993/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3993/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4370 manat pulun və məhkəməyə müraciət etmək üçün iddia ərizəsinə ödədiyi 40 manat, məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 30,40 manat, Sumqayıt şəhəri 4 saylı notariat ofisində onunla cavabdeh arasında kredit müqaviləsi rəsmiləşdirilərkən müqavilə xərci olaraq ödədiyi 93 manat, xidmət haqqı olaraq ödədiyi 9,40 manat, dəymiş maddi ziyan olaraq cəmi 172,80 manatın məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Gilan” Tekstildə işləyərkən iş yoldaşı kimi tanımış və onların yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh uşağın müalicəsi ilə bağlı 4700 manat borca ehtiyacının olduğunu bildirib və ondan borc istəmişdir. O, onun ailə vəziyyətini, uşağının xəstə olduğunu bildiyindən ona borc verməyə razılaşmış və borcla bağlı notariat qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlamağı təklif etmişdir. Cavabdeh də 16 noyabr 2021-ci il tarixədək 4 ay ərzində hər ay 200 manat, 13 ay isə hər ay ərzində 300 manat qaytarmaq şərtilə kredit müqaviləsi bağlamağa razılıq vermişdir. Ona görə də cavabdehlə onun arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 16 iyun 2020-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. 4700 manat pul xüsusi notariusun hesabına köçürülmüş, oradan isə kredit müqaviləsinə görə dövlət rüsumu və xidmət haqqı tutulmaqla 4700 manat borc pul cavabdehə təqdim edilmişdir. Bununla bağlı ondan 93 manat kredit müqaviləsi bağlanması xərci və 9,40 manat xidmət haqqı tutulmuşdur. Bu barədə sübutları vardır və iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh borc pulu aldıqdan sonra kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, dəfələrlə ona müraciət etdikdən sonra 6 ay ərzində müxtəlif vaxtlarda hissə-hissə (hər dəfə 50, 30, 40 manat olmaqla) cəmi 330 manat ödəsə də, kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aylıq ödənişləri ödəməmişdir. Daha sonra qardaşı İİ Qarabağ-Vətən Müharibəsində yaralanmış və pula ehtiyacı yaranmışdır. Bu dəfə o qardaşının yaralandığını, onun müalicəsinə pul vəsaiti tələb olunduğunu cavabdehə bildirib, heç olmasa aylıq ödənişləri vaxtlı-vaxtında ödəməsini tələb etsə də, yenə də cavabdeh ona pulu ödəmək üçün görş yeri təyin etməsinə baxmayaraq hər dəfə onu aldatmış, borcunu ödəməmiş, daha sonra telefon zənglərinə cavab verməmişdir. 25 noyabr 2020-ci il tarixdə ona Whatsuppda mesaj ataraq pulu ona faizə verdiyini bəhanə gətirərək borcu ödəməkdən boyun qaçırdığını bildirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq borclu olduğu pulu vermədiyindən o pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına 40 manat, iddianın qiymətiməhkəmə dövlət rüsumu olaraq 30,40 manat ödəmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 16.06.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 4700 manat borca pul vermiş və cavabdeh həmin pul məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür. - Cavabdehə ünvanlanan pretenziya məktubundan görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - “xxxx” ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş mədaxil orderindən görünür ki, X1 4700 manat pul verilmişdir. - “xxxx” ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş mədaxil orderindən görünür ki, X1 9,40 manat pul verilmişdir. - 16.06.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilənin bağlanması üçün İddiaçı 92 manat məbləğində haqq tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 16.06.2019-cu ildə kredit müqaviləsinə əsasən cavabdehə 4700 manat borc pul vermişdir. Cavabdeh 4700 manat pulu almış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları da qaytarmamışdır. “xxxx” ASC tərəfindən 4700 manat və 9,40 manat məbləğində pul vəsaiti cavabdehə verilmişdir. 16.06.2019-cu il tarixli kredit müqaviləsinin bağlanması üçün İddiaçı 92 manat məbləğində haqq tutulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh Qasım oğlu aldığı borcu qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 16.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu və 172,8 manat digər xərclər tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4700 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 172,8 manat digər xərclər İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4700 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 172,8 manat digər xərclər tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar