Məhkəmə qərarları › İş №2(060)-407/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-407/2025

22.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-407/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) "bağışlama müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı " bağışlama müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, məhkəmədən 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-281 reyestr nömrə ilə qeydə alınmış onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin və buna əsasən Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Həmin mənzil həyat yoldaşı rəhmətə gedəndən sonra miras olaraq ona keçmişdir. Əri rəhmətə gedəndən bir müddət sonra cavabdeh dəfələrlə ondan mənzili onun adına keçirməyi həm xahiş, həm də tələb etmişdir. O da bir ana kimi fikirləşmişdir ki, oğludur. Onunla o qalır, mənzili də onun adına keçirməyində onun üçün gələcəkdə heç bir problem yaranmaz. Ona görə də onun təklif və təkidi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 4Ə-281 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili oğlu Cavabdeh bağışlamışdır. Mənzili cavabdehə bağışladığı vaxtdan bir neçə ay keçəndən sonra, təxminən bu ilin yaz aylarından başlayaraq, onun ona qarşı münasibəti kəskin pisləşmişdir. Artıq ona əvvəlki kimi bir ana kimi qayğı göstərmir, ona qarşı kobudluqlar edir, özünü evin yeganə sahibi kimi apararaq onun mənzildəki hüquqlarını məhdudlaşdırır, digər övladlarının mənzilə gəlibgetməsinə narazılıqlar bildirərək mübahisələr salır, faktiki olaraq onların mənzilə gəlməsinin qarşısılı alır, bir övlad kimi ailə münasibətlərindən irəli gələn öhdəliklərini yetirmir, qayğısına qalmır, xidmətində durmur, hətta qidalanmağında da heç bir yardım etmir. Dəfələrlə bu barədə ona öz narazılıqlarını bildirəndə isə, ona qarşı kobudluq edir, lazım gələrsə onu kompensasiya veməklə mənzildən çıxarmaqla hədələyir. O, artıq başa düşmüşdür ki, onun bu evin ona bağışlanmasına onu razı salmaqla cavabdehin məqsədi evi mülkiyyətinə keçirərək, onu mənzildən çıxarmaq olmuşdur. O, cavabdehə bağışlama müqaviləsindən imtina etməyi və müqaviləni ləğv etmək barədə bildiriş göndərmişdir. Təyin edilmiş 3 gün ərzində cavabdeh rəsmi olaraq ona cavab verməmiş, amma şifahi olaraq ona bildirmişdir ki, bu müqaviləni ləğv etmək fikrində deyildir. Hazırda onun bu hərəkətləri ucbatından belə qərara gəlmişdir ki, mənzili ona bağışlamaqdan imtina etsin və onunla bağlanmış bağışlaçma müqaviləsini məhkəmə qaydasında ləğv etdirsin. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Hazırda həmin mənzil cavabdehin mülkiyyəti kimi qeydə alınmışdır. Ona görə də, aralarında olan bağışlama müqaviləsi ləğv edilərkən, onun adına olan çıxarış da ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək bildirir ki, mübahisəli mənzil iddiaçının şəxsi mülkiyyətində olmuşdur. İddiaçının 70 yaşdan yuxarı yaşı vardır. Səhhətində olan problemlər ilə əlaqədar kənar qayğıya və köməyə ehtiyacı olan şəxsdir. İddiaçı nə qədər səy göstərsə də, cavabdeh düzəlməmiş, hətta digər övladlarının mənzilə gəlib-getməsinə maneçilik törətmişdir. İddiaçı hal-hazırda təkbaşına yaşayır. İddiaçı dəfələrlə oğlundan öz borcunu yerinə yetirməyi tələb etsə də, cavabdeh bunlardan imtina etmişdir. Məhkəmə mübahisəsi dövründə iddiaçı əməliyyata düşmüş, o zaman da bir övlad kimi bir dəfə də olsun anasına baş çəkməmişdir. Qadın hətta əməliyyatdan çıxdıqdan sonra tək qalmasını, cavabdehə və gəlininə gəlməsini demiş, onda da gəlməmişlər. Burada isə iddiaçı qənaətə gəlmişdir ki, cavabdehin məqsədi yalnız və yalnız onun evinə yiyələnmək olmuşdur. İddiaçı hesab edir ki, münasibətlər pozulubsa və iddiaçı da üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə bağışlamaqdan imtina edir. 2024-cü ilin aprel ayından münasibətlər pozulmuşdur. İddiaçı da oğlu olduğu üçün məhkəməyə müraciət etmək istəməmişdir. Qanunvericiliyin müəyyənləşdirdiyi bir il müddət münasibətlərin pozulduğu andan müəyyənləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, anası ilə normal şəraitdə yaşayır. Ünvana gəlib-gedir. Anasının əməliyyatına vaxtı olmadığı üçün gedə bilməmişdir. Təxminən keçən ilin yay aylarında digər mənzilə köçmüşlər. Yoldaşı gil getmiş, lakin özü anasının yanında qalmışdır. Gedib yemək hazırlamaq və digər işlər alınmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü üçüncü şəxslər 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəməyə təqdim edilmiş ərizələri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Nikah evi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 194427 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Cavabdeh və X4 xx.xx.2007-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Eyvazov, arvada Eyvazova soyadı verilmişdir. - Hədiyyə verən qismində İddiaçı ilə hədiyyə alan qismində Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 49, mənzil 38, yeni qaydalarla: AZ5001, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94 kv/m olan mənzili Cavabdeh bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 49, mənzil 38, yeni qaydalarla: AZ5001, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94 kv/m olan mənzil tam paylı mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehin iddiaçıya qarşı olan kobud münasibəti, ailə münasibətlərinə uyğun olmayan davranışlarına görə o, həmin mənzili bağışlamaqdan imtina edir. Könüllü olaraq hədiyyədən imtina etmək və notarial qaydada həmin bağışlama müqaviləsini ləğv etmək üçün üç gün ərzində ona öz qərarını bildirməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, 44-cü məhəllə, 20, mənzil 15, yeni qaydalarla : AZ 5008, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48.80 kv/m olan mənzil tam paylı mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir və bu barədə xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, analarını görməyə getdikdə onun narazı olduğunu görmüşdür. Soruşduqda demişlər ki, mənzili onların adına keçirtməyi istəmişlər. Demişdir ki, sabahsı gün iddiaçının başına bir iş gəlsə, qızlar evə hücum çəkəcəkdirlər. Evdə çörəyin ona zəhər olduğunu bildirmişlər. Bundan sonra qənaətə gəlmişlər ki, evi qardaşlarının adına keçirtsinlər. Hər şey analarına görə yaxşı olsun. Onlar da günləri xoş keçsin deyə razılaşmışlar. Aprel, may aylarında görməyə getdikdə görmüşdür ki, vəziyyət daha pisləşmişdir. İddiaçı özü demişdir ki, onu heç insan yerinə qoymurlar. Bir söz deyən kimi, ona hara müraciət edirsə, etməyini demişlər. Bir söz də dedikdə, bildirirlər ki, əgər xoşu gəlmirsə özü aparıb-saxlasın. Anaları xəstələnərkən özləri onun müalicəsini elətdirirlər. Anaları olduğu üçün onu ata bilməzlər. Otağını da təmizləyirlər. Mənzil bağışlanana kimi münasibətlər normal olmuş, bağışlandıqdan sonra isə münasibətlər pozulmuşdur. Keçən ilin aprel-may aylarında cavabdeh ailəsi birlikdə digər mənzilə köçmüşdür. Anası da evdə təkdir. Ayaqları da əsəbdən tutulmuşdur. Anası deyir ki, hər şey evin üstündə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, mənzil bağışlanana kimi bir yerdə yaşamışlar. Cavabdeh evin balaca oğludur. Cavabdeh ailə qurduqdan sonra da həmin mənzildə yaşamışdır. Atası rəhmətə getdikdən sonra ev anasının adına keçmişdir. Son zamanlar evə gedərkən ona üz göstərməmişlər. Zamanla evi niyə saxladığı sualını verməyə başlamışlar. Daha sonra qərara gəlmişlər ki, evi qardaşının adına keçirtsinlər. Ev ada keçdikdən sonra heç nəvələr evə gedə bilməmişdir. Yaşlı qadındır. Heç özünə bir stəkan çay süzə bilmir. Uşaqlar da evə gəldikdə narazılıq edirlər. Keçən ilin yaz aylarında digər mənzilə köçmüşlər. Bir müddət bir evdə yaşamış, lakin həmin müddətdə də qadının evdə söz ixtiyarı belə olmamışdır. Bəlkə də qardaşı ayda, ildə bir dəfə gəlib evə dəyib-gedir. Əməliyyat xərclərini bacıları qarşılamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh iddiaçının oğludur. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı – mənzili xx.xx.2023-cü il tarixdə Cavabdeh bağışlamışdır. Hazırda iddiaçı Cavabdeh anası olduğu üçün ona baxması üçün əmlakı ona bağışladığını, lakin hazırda onunla cavabdeh arasında ailə münasibətlərinin cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulmasından irəli gələrək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubu və onun çatdırılması barədə eyni tarixli “xəbərnaməli bildirişə” (xx.xx.2024-cü il tarixli) əsasən müəyyən edilir ki, məhkəməyə qədər mübahisənin həlli mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehlə olan münasibətin məhz bağışlanan əmlakdan sonra pozulması və imtinanın əsaslarının iddiaçıya bəlli olduqdan sonra münasibətlərin bərpasının mümkün olmaması tələbin qanuni və əsaslı olması qənaətinə gəlməyə imkan verir.Aralarındakı olan danışıqlarından irəli gəlməyərək, həyat yoldaşı ilə digər mənzilə köçmüş və həmin mənzildə yaşamaqdadır. Məhkəmə mübahisəsi dövründə iddiaçının əməliyyat keçirməsindən belə xəbəri olmamış, iclas zamanı onun yanına baş çəkməyin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673-cü maddəsi üzrə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Həmin Məcəllənin 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o,hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir.Həmin maddəyə əsasənhədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə qeyd edir ki, MM-in 666.1-ci maddəsində bağışlama müqaviləsinə belə bir qanuni tərif verilmişdir: “Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir”. Göründüyü kimi qanuni tərifdə bağışlama müqaviləsinin mövcudluğunun qəbul edilə bilməsi üçün üç əsas ünsürün olması tələb olunur. Bunlar: a. sağ ikən zənginləşdirmə; b. əvəzsizlik/qarşılıqsız olması; c. Razılaşma. Hər bir şərti çox qısa da olsa nəzərdən keçirilməlidir. a. Zənginləşdirmə. Burada “zəngiləşdirmə” predmeti özgəninkiləşdirməyə əlverişli istənilən əmlak xarakterli dəyərlərin hər hansı biri ola bilər. Başqa sözlə bağışlama müqaviləsindən bəhs oluna bilinməsi üçün hər şeydən əvvəl “zənginləşdirmə” predmetinin məhz əmlak xarakterli bir dəyər olması lazımdır. Bu zənginləşdirmə isə, bağışlayanın sağlığında ikən həyata keçirilmək məqsədi ilə edilməlidir. Yəni tərəflər, xüsusilə də bağışlayan əmlak dəyərinin ölümündən sonra hədiyyə alana qazandırılması məqsədi daşıdıqda bu bağışlama deyil, vərəsəliklə bağlı hüquqi rejimə aid bir məsələ hesab olunur (MM.m.670.2). b. Əvəzsizlik. Bağışlama müqaviləsinin mövcudluğunun qəbul edilə bilməsi üçün əmlak xarakterli olan qazandırma predmeti qarşı tərəfə əvəzsiz olaraq, yəni bu qazandırmanın müqabilində əvəz olaraq hər hansı bir əmlak dəyərinin verilməsi öhdəlik və vəzifəsini əmələ gətirmək məqsədi güdülmədən, sırf hədiyyə məqsədi (animus donandi) ilə verilməlidir. Başqa sözlə, bağışlama müqaviləsindən bəhs oluna bilinməsi üçün hüquqi müstəvidə bağışlayan şəxsin bu müqavilə üzrə hədiyyə alana qarşı əvəz olaraq hər hansı bir əmlak xarakterli haqqı (subyektiv hüququ) yaranmamalıdır. Ancaq burada nəzərə almaq lazımdır ki, bağışlamada “əvəzsizlik” şərti müqavilənin özü ilə bağlıdır, yoxsa hədiyyə edənin bağışlama iradəsini hansı niyyət və motivlə (minnətdarlıq etmək, yardım və yaxşılıq etmək, hörmət qazanmaq və s.) ifadə etməsi bağışlama müqaviləsinin yaranması baxımından əhəmiyyət daşımır. Başqa sözlə, bağışlama müqaviləsi özlüyündə birbaşa hədiyyə edəni hər hansı bir maddi və əxlaqi borcdan azad etməməli və bağışlama predmetinin müqabilində hədiyyə edənə qarşı əvəz olaraq hər hansı bir maddi (əmlak xarakterli) haqqın yaranmasına səbəb olmamalıdır. c. Razılaşma. Aydın məsələdir ki, mahiyyətcə bir razılaşmanı ifadə edən müqavilənin mövcudluğundan bəhs oluna bilinməsi üçün ən az ikitərəfli iradə ifadəsinin olması zəruridir. Bu fakt müqavilə anlayışını tənzimləyən MM-in 389-cu maddəsində çox açıq şəkildə öz təsdiqini tapır. Bu nöqteyi-nəzərdən bağışlama müqaviləsi də təklif (oferta) və qəbul (aksept) mahiyyətini daşıyan qarşılıqlı iradə ifadələri nəticəsində yaranan ikitərəfli bir əqddir. Nəticə etibarı ilə hədiyyə edənlə hədiyyə alan şəxs hədiyyə predmetinin əvəzsiz olaraq qazandırılması barəsində razılığa gəldikləri təqdirdə bağışlama müqaviləsi əmələ gələ bilər, əks halda nə qədər qazandırma edilməsindən asılı olmayaraq bağışlamadan söhbət gedə bilməz. Yəni bir tərəf əmlak dəyərini hədiyyə vermək niyyəti ilə bağışlayana qazandırma etməli, digər tərəf isə bunun hədiyyə məqsədilə ona verildiyini bilməli və buna razı olmalıdır. Bu razılıq açıq ola biləcəyi kimi üstüörtülü də ola bilər. Ailənin əhəmiyyəti və ailə hüquq münasibətləri. Bəşəriyyət tarixində heç bir qurum, rejim, ideologiya və sistem ailənin əhəmiyyət və rolunu aradan qaldıra bilməmişdir. Bu baxımdan ailə, cəmiyyət və dövlət anlayışları arasında çox sıx bir funksional bağlılıq vardır. AR Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində cəmiyyətin əsas özəyinin ailə olduğu bildirilərək onun dövlətin xüsusi himayəsində olduğu vurğulanmışdır. Bu qətiyyən təsadüfi deyildir. Çünki ailə insanın böyüyüb yetişməsi, onun ümumi xarakterinin formalaşması və ictimai həyatda bir fərd olaraq iştirak keyfiyyəti baxımından olduqca vacib rol və təsirə malikdir. Ailənin nüvəsi ər-arvad arasında olan evlilik və bu evlilik daxilində doğulan uşaqlar arasındakı münasibətlərin təşəkkül tapdığı bir birlikdən ibarətdir. Ailə insanın təhlükəsiz bir şəkildə sevgi mühitində formalaşması baxımdan ən ideal bir şəraiti təmin edə bilir. Bu baxımdan etibarlı və sağlam ailə mühiti uşaqların, yəni gələcək nəsillərin daha sağlam və güclü və bu minvalla da insanlardan təşkil olunan cəmiyyətin gələcəyinin daha sağlam və güclü olaraq formalaşmasına ən böyük dəstəkdir. Nəticə etibarı ilə insan həyatında doğumdan əvvəl başlayan və insan həyatının sonuna qədər öz iz və təsirini göstərən ailə institutu fizioloji olmaqla yanaşı insanın iqtisadi, mədəni, mənəvi-psixoloji formalaşmasına və onun davranışının inkişaf səviyyəsinə böyük təsir göstərməklə ictimai həyat baxımından da olduqca vacib bir institutdur. “Ailə” sözü özlüyündə bir sistem və birliyi göstərən hüquqi faktı ifadə etdiyinə görə “Ailə hüquq münasibətləri” ifadəsi də yuxarıda insan həyatı baxımından qeyd olunan əhəmiyyəti daşıyan ailə birliyi ilə bağlı münasibətləri bildirir. Çünki ailə ifadəsi insanların bir evə yığışıb orada sadəcə toplu bir şəkildə yaşaması halını deyil, özlüyündə hüquqi bağlar və nəticələr yaradan ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birlik faktını göstərir. Burada “ailə dəyərləri” ifadəsi ailə üzvlərinin bir-birlərinə qarşı sevgi, sədaqət, qayğı və fədakarlıq kimi ülvi insani hissləri təcəssüm etdirməklə yanaşı, həm də insanların mənsub olduqları ailə birliyinin hörmət və ehtiramını qorumaq xüsusiyyətini də özündə ehtiva edir. Bütün bunlara görə də psixoloji bir canlı olaraq insanın özünə ən yaxın və ən etimad və etibar etdiyi şəxslər adətən özünün mənsub olduğu ailə üzvləri olur. Beləliklə, hüquqi müstəvidə “ailə hüquq münasibətləri” ifadəsi ilə ailə birliyinin təməlini və əsasını təşkil edən mənəvi, əxlaqi dəyərlərlə bağlı münasibətlər sistemi nəzərdə tutulur. Bağışlama münasibətini əmələ gətirən motiv. Bağışlama tarixən həmişə mənəvi və əxlaqi dəyərlər əsasında formalaşan münasibətlərlə bağlı olubdur. Belə ki, insanlar mənəvi və əxlaqi baxımdan özlərini əlaqədar və yaxın hesab etdikləri məqsədlər üçün fədakarlıq edib öz əmlak nemətlərini bağışlayırlar. Bu baxımdan bağışlama institutu hüquq ilə əxlaq arasındakı təməl (fundamental) əlaqəni də bariz şəkildə göstərən faktlardan biri kimi özünü göstərir. Buna görə də bağışlanılan əmlak dəyərləri nə qədər böyükdürsə və xüsusilə də bağışlayanın əmlakı baxımından edilən hədiyyənin iqtisadi əhəmiyyəti nə qədər ciddidirsə bu bağışlayanın hədiyyə edilən şəxsə və məqsədə bağlılıq və yaxınlıq hissinin də o dərəcədə böyük olduğunu göstərir. Bu səbəblə də insanlar adətən ancaq özünə çox yaxın hesab etdiyi şəxslərə özləri baxımından ciddi iqtisadi dəyər daşıyan əmlak nemətlərini fədakarlıq edib bağışlayırlar. Bu baxımdan təsadüfi deyildir ki, belə ciddi əmlak nemətləri bir qayda olaraq məhz ailə üzvləri arasında olur. Çünki insanlar arasında böyük və güclü yaxınlığı təmin edən əsas amillərin başında heç şübhəsiz ailə bağları gəlir. Bunun məntiqi nəticəsi olaraq gündəlik həyatın reallığı budur ki, insanın şəxsi həyatı baxımından böyük iqtisadi dəyər daşıyan bağışlamalar əsasən yalnız ailə üzvləri arasında olur. Bütün bunlar isə açıqca onu göstərir ki, bağışlamanın motivində hədiyyə edən baxımından əsas aparıcı amil özünün əmlak mənafeyi deyil, mənəvi və psixoloji mənafedir. İnsanın özünə çox yaxın bildiyi bir şəxsə etdiyi bağışlamadakı bu mənəvi və psixoloji mənafe isə hədiyyə alandan özünə qarşı bu yaxınlığa uyğun hərəkət və rəftar ediləcəyi gözləntisində özünü təzahür etdirir. Başqa sözlə insan, özünə çox yaxın bildiyi birinə şəxsi həyatı baxımından böyük iqtisadi dəyər daşıyan bağışlamaları ondan bu yaxınlığa uyğun hərəkət və rəftar edəcəyi gözləntisi ilə edir. Məhz bu səbəblə də insanlar ciddi bağışlamaları heç bir gözləntisi olmayan tamamilə yad şəxslərə deyil, tam əksinə, özünə çox yaxın bildiyi və bu səbəblə də yaxşı mənada böyük gözləntisi olan özünün yaxın ailə üzvlərinə edirlər. Ailə münasibətlərindən irəli gələn vəzifələrin pozuntulara qarşı qorunması konstitusiyanın tələbidir. Yuxarıda ailə qurumunun fərd olaraq həm insan, həm də insanların təşkil etdiyi cəmiyyət həyatı baxımından daşıdığı rol və əhəmiyyəti nəzərə alınaraq AR Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində ailənin cəmiyyətin əsas özəyi olaraq dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi AR Konstitusiyası tərəfindən dövlət üzərinə qoyulan ümumi bir tələbdir. Etibarlı və sağlam ailə münasibətlərini qorumaq və gücləndirmək məqsədi isə, ailə dəyərlərinin pozuntulardan qorunmasını labüd edir. Bilindiyi üzrə konstitusion normaların hüquqi funksiyası və əhəmiyyəti qanunverici, icra və məhkəmə hakimiyyəti üçün məcburi yanaşma və hərəkət istiqamətini göstərməkdən ibarətdir. Başqa sözlə, qanunverici orqan qanunları qəbul edərkən, icra hakimiyyəti orqanları bu qanunları icra edərkən, məhkəmələr isə bu qanunlarla tənzimlənən məsələlərə dair mübahisələri həll edərkən konstitusion müddəalarda qeyd olunan istiqamətlər üzrə hərəkət etməyə borcludurlar. Bu nöqteyi-nəzərdən də, dövlət hakimiyyətinə daxil olan qanunverici orqan tərəfindən qanun qəbul edilərkən, icra hakimiyyəti orqanları tərəfindən qanunlar icra edilərkən və məhkəmə hakimiyyəti orqanı tərəfindən mübahisələr həll edilərkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da dəfələrlə qeyd olunan etibarlı və sağlam ailə münasibətlərinin qorunması və möhkəmlənməsini təmin etmək istiqamətində hərəkət etməlidirlər. Mənəvi və əxlaqi dəyərlərə əsaslanan etibarlı və sağlam ailə münasibətlərinin pozuntulara qarşı hüquqi baxımdan qorunması bu dəyərləri pozanlara qarşı sanksiya tətbiqini zəruri edir. Mülki hüquqda başlıca hüquqi sanksiya isə əsasən əmlak nemətlərindən məhrumiyyət şəklində təcəssüm edir. Bu baxımdan da MM-in 673.1.2-ci maddəsi qanunverici orqan tərəfindən konstitusion normanın tələbinin yerinə yetirilməsi məqsədinə xidmət edən bir tənzimləmə funksiyası daşıyır. Belə ki, bağışlamadan imtina səbəbləri içərisində MM-in 673.1.2-ci maddəsində “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda” səbəbi göstərilməklə mənəvi və əxlaqi dəyərlərə əsaslanan ailə münasibətlərini kobud şəkildə pozan ailə üzvləri üçün mülki hüquqi sanksiyanı nəzərdə tutulmaqla ailə üzvlərini ailə münasibətlərindən irəli gələn vəzifələrini icra etməkdə intizamlandırmaq məqsədi daşıyır. Ailə hüquq münasibətlərindən yaranan hüquqi vəzifələr yalnız aliment öhdəliklərindən ibarət deyildir. Burada başdan dərhal onu da qeyd etmək lazımdır ki, MM-in 673.1.2-ci maddəsində nəzərdə tutulan hərəkətlər məhz MM-in 673.1.1-ci maddəsində nəzərdə tutulan “hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətmək mahiyyətində olmayan hərəkətlərdir. Məhz buna görə də MM-in 673-cü maddəsində verilmiş hədiyyələrin geri tələb olunması səbəbləri içərisində “cinayət” sayıla biləcək hərəkətlər xaricində qalan ayrı bir hal olaraq MM-in 673.1.2-ci maddəsində “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobud şəkildə pozulması” ayrı bir səbəb kimi nəzərdə tutulmuşdur. Bu isə öz növbəsində onu göstərir ki, MM-in 673.1.2-ci maddəsində nəzərdə tutulan müddəa sırf hədiyyə alanın bağışlayana və ya onun yaxın qohumlarına qarşı ailə dəyərlərindən irəli gələn mənəvi və əxlaqi vəzifəsini kobud şəkildə pozması halları ilə bağlıdır. Bağışlayan tərəfindən ciddi bir əmlak dəyərinin əvəzsiz olaraq hədiyyə kimi verilməsi hədiyyə alan tərəfindən birbaşa əmlak xarakterli öhdəlik yaratmasa da, mənəvi və əxlaqi tələblərə cavab verən bir vəzifənin yaranmasına səbəb olur. Bu isə öz növbəsində onu deməyə tam əsas verir ki, hədiyyə edən baxımından çox ciddi iqtisadi dəyər daşıyan bağışlamaların kökündə yatan başlıca motiv: hədiyyə alanın bu yaxınlığa yaraşan hərəkət və rəftar edəcəyinə dair olan inam və ümiddir. Bu nöqteyi-nəzərdən də ailə üzvlərinə edilən ciddi bağışlama və hədiyyələr bir növ hədiyyə alanın bağışlayana qarşı aralarındakı yaxınlığa, xüsusilə də ailə bağlarından irəli gələn dəyərlərə uyğun hörmət və yaxınlıq göstərəcəyinə olan inam və etimada əsaslanır. Bağışlayan tərəfindən edilən maddi fədakarlığın kökündə mənəvi əsaslar olduğundan hədiyyə alan baxımından da bağışlayana qarşı mənəvi və əxlaqi bir vəfa borcu yaranır. Bu vəfa borcu özünü ən bariz olaraq bağışlayanın ailə üzvü olması halında hədiyyə alanın ona qarşı ailə dəyərlərinə uyğun münasibət bəsləməsi halında göstərir. Yuxarıda əvvəldən etibarən qeyd olunan bütün xüsuslar onu göstərir ki, MM-in 673.1.2-ci maddəsində “ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələr” ifadəsi məhz milli-mənəvi dəyərlərin faktiki ayrılmaz bir tərkib hissəsi olan ailə dəyərlərini qorumaq, etibarlı və sağlam ailə münasibətlərinə xələl gətirməməklə bağlı prinsipial vəzifəni bildirir. Bu baxımdan MM-in 673.1.2-ci maddəsində bağışlayana münasibətdə yalnız çox istisnai bir durum olan (çünki hədiyyə edənin hədiyyə alandan aliment alacaq qədər iqtisadi cəhətdən asılı olması çox nadirən qarşılanılan bir hadisədir) aliment öhdəliyinin yaranması hallarında bu öhdəliyin yerinə yetirilməməsi halı deyil, ailə dəyərlərinə kobud şəkildə zidd olan və bununla da etibarlı və sağlam ailə münasibətlərinə ciddi xələl yetirən hərəkətləri etməməklə bağlı vəzifələrin pozulması halları nəzərdə tutulur. Beləliklə, MM-in 673.1.2-ci maddəsində hədiyyə alanın bağışlayana və ya onun yaxın ailə üzvlərinə qarşı ailə hüququndan irəli gələn vəzifələrini kobud şəkildə pozması bağışlayanın hədiyyə olaraq verdiklərini geriyə istəməsi üçün hüquqi əsas olaraq göstərilmişdir. Çünki hədiyyə alanın bağışlamaya səbəb olan mənəvi dəyərləri kobud şəkildə pozması ona edilən bağışlamanın əsasını da aradan qaldırır. Bu səbəblə də sözügedən maddənin tətbiqinin yalnız hədiyyə alanın aliment öhdəliklərini icra etməməsi halları ilə məhdudlaşdırılması həm ailənin qorunması anlayışına və konstitusion göstərişə, həm də bağışlama münasibətinin mahiyyətinə uyğun deyildir. Ailə anlayışı özlüyündə şirkət kimi sırf maddi mənafelər əsasında qurulmuş münasibətləri deyil, əksinə, nikah və qan bağı əsasında formalaşan, mənəvi və əxlaqi dəyərlərə əsaslanan hissi və fizioloji bir yaxınlığı və birliyi bildirir. Üstəlik, müraciətdə də qeyd olunduğu kimi bağışlama müqaviləsi öz mahiyyət və xüsusiyyəti etibarı ilə məhz əmlak nemətlərinin əvəzsiz, yəni əmlak qarşılığı olmadan hədiyyə olaraq verilməsi məqsədilə bağlanan müqavilə olduğuna görə belə bir müqavilədən imtina şərtini yalnız aliment kimi sırf əmlak mənafeyinin pozulması şərtinə bağlanması bağışlama müqaviləsi ilə bağlı münasibətlərin mahiyyət və təyinatına uyğun deyildir. Nəticə etibarı ilə MM-in 673.1.2-ci maddəsində nəzərdə tutulan müddəa: məhz hədiyyə alan tərəfindən bağışlayanın özünə və ya onun yaxın ailə üzvlərinə qarşı ailə dəyərlərindən irəli gələn mənəvi vəzifələrini qəsdən edilmiş hərəkətlər nəticəsində pozması hallarında ona verilmiş hədiyyənin bağışlayan tərəfindən geriyə tələb olunmasını təmin etmək məqsədi daşıyır. İmtinaya əsas verən hərəkətlərlə bağlı qadağa hər hansı bir müddətlə məhdudlaşmır. Etibarlı və sağlam ailə münasibətlərini gücləndirmək məqsədi və bu məqsədin nüvəsini təşkil edən ailə dəyərlərinə hörmət və ehtiram göstərilməsi vəzifəsi hər hansı bir müddətlə məhdudlaşmır. Çünki bu əxlaqi vəzifə öz təyinat və funksiyası etibarı ilə hər hansı bir müddətlə məhdudlaşmır və mahiyyəti isə bağışlayana qarşı ən azından böyük nankorluq sayılacaq əməlləri törətməkdən çəkinməkdən ibarətdir. Odur ki, bağışlamanın üzərindən hər hansı bir müddətin keçməsi özlüyündə hədiyyə alanı bağışlayana və ya onun yaxın qohumlarına qarşı ailə dəyərlərinə hörmət göstərmək vəzifəsindən azad etmir. Yəni etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi məqsədi milli-mənəvi dəyərlərin və ümumi əxlaq anlayışının ayrılmaz bir tərkib hissəsi olaraq hər hansı müddətə bağlı deyildir. Məhz bu səbəblə də təsadüfi deyildir ki, AR Ailə Məcəlləsinin 8.1-ci maddəsində “ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur” kimi bir müddəaya açıqca yer verilməklə bu xüsusa vurğu edilmişdir. Beləliklə, hədiyyənin verilməsinin üzərindən nə qədər bir müddətin keçməsindən asılı olmayaraq hədiyyə alan baxımından bağışlayana və ya onun yaxın qohumlarına qarşı ailə hüququndan irəli gələn vəzifələrin kobud şəkildə pozulması verilmiş olan hədiyyənin geri tələb olunmasına hüquqi əsas verir. Yalnız belə bir əsas bağışlayana məlum olduqdan sonra 1 il ərzində verilmiş olan hədiyyə geri tələb oluna bilər (MM.m. 673.3). Bu 1 illik müddətin ötürülməsi verilmiş olan hədiyyənin geri tələb olunması imkanın aradan qalxması nəticəsini yaradır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının bağışlamadan imtinası qəbul edilməli, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edildiyindən restitusiya qaydasında həmin müqavilə əsasında Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyat və qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar