Məhkəmə qərarları › İş №2(060)-4079/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4079/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4079/2020 07.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2008-ct il təvəllüdlü X4 adlı bir uşaqları var. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-3027/2010 saylı qətnaməsi ilə nikah qeydləri ləğv olunmuşdur. Həmin vaxt uşağın saxlanılması üçün cavabdehdən aliment tələbi olmamışdır. Lakin hazırki situasiya uşağın saxlanılmasında atanın da rolunun olmasını tələb edir. Ona görə də X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Əlavə olaraq qeyd etdi ki, hazırda “Azərbaycan Respublikasında 2020-ci il uçun yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, o, həqiqətən İddiaçı ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan Ariana adlı bir qızları olmuşdur. Aralarındakı nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Nikah pozulduqdan sonra o, heç vaxt aliment ödəməmişdir. Hazırda iddiaçının aliment tələbi ilə razılaşmır, çünki 170 manat sabit pul məbləğində aliment ödəməyə imkanı yoxdur. Ona görə də o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Tərəflərin birgə nikahından xx xxxxxx 2008-ci il təvəllüdlü X4 anadan olmuşdur (iş materiallarında olan AZ-İİ 077849 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən). Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli, 2(060)-3027/2010 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2006-cı ildə Nikah evində bağlanmış nikahın pozulması və xx.xx.2008-ci ildə anadan olmuş X3 İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 197194 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2012-ci il tarixdə 443 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 270 saylı arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 7-keçid, 23 saylı məhəllə, 13/215 saylı evdə qeydiyyatsız olaraq yaşayır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən ondan sabit pul məbləğində aliment tutulmalı, bu məbləğ hər ay 170 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutlması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2020ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür: Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar