Məhkəmə qərarları › İş №2(060)-410/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-410/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-410/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 1229.00 (bir min iki yüz iyirmi doqquz) manat sığorta ödənişi məbləğinin və 32,29 (otuz iki manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun, cəmi 1261.29 (bir min iki yüz altmış bir manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X1 arasında 14.11.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Samand 1.8 LX” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 23.12.2018-ci il tarixdə “Samand 1.8 LX” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhərinin Corat ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21144” markalı, 50DE 914 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1229,00 (bir min iki yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt ŞPİ DYPŞ-dən 25.12.2018-ci il tarixli, AP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Sumqayıt ŞPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 26.12.2018-ci il tarixli, 9599 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt "Samand 1.8 LX” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyəti icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalaya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına 15.07.2021 -ci il tarixli, AS-SHTD- 221/1144 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də sığorta ödənişi məbləği bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması məhkəmədən xahiş edilir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, hadisə zamanı avtomobili o idarə etsə də, avtomobilin sahibi onun yanında olmuşdur. Sığorta əməkdaşları hadisə yerinə gələrək maşının sahibi ilə məsələni aydınlaşdırmışlar. Bu zaman ona hadisə və cərimə edilməsi barədə heç bir məlumat verilməmişdir. O, yalnız qəza şəraiti yaratdığına görə cərimə olunmuş və onu ödəmişdir. Eyni zamanda həmin avtomibili o sahibinin icazəsi ilə onun yanında idarə etmişdir. Ona görə də, onun barəsində avtomobili etibarnamə olmadan idarə etməsinə görə protokol tərtib olunmamış və o, həmin xətaya görə cərimə edilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, cavabdehin avtomobili idarə etmək hüququnun olmadığını əsas götürərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsinə istinad etmişdir. Lakin iddiaçı cavabdehin avtomobili idarə etmək hüququ olmadan idarə etməsinə görə inzibati məsuliyyətə cəlb olunması barədə müvafiq inzibati xəta haqqında iş üzrə qərarı iddia ərizəsinə əlavə etməmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında avtomobili sahibinin yanında idarə etdiyini bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddiaçının nümayəndəsi isə qeyd olunan sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında iştirak etməyərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar