Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4114/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən S.Süleymanovun 19 mart 2021-ci il tarixli, 25 saylı əmrinin ləğv olunması, onun Sumqayıt Bələdiyyəsində öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması, maddi ziyan məbləği olaraq 19 mart 2021 -ci il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 10.000 (on min) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ilin may ayından 2021-ci ilin mart ayınadək Sumqayıt Bələdiyyəsində işləmişdir. Həmin təşkilatda 2006-ci ildə hüquq məsləhətçisi vəzifəsində işləməyə başlamış, 2009-cu ildə icra aparatının hüquq şöbəsi müdirinin müavini vəzifəsinə keçirilmiş, 2020-ci ilin fevral ayında isə hüquq şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Bu müddət ərzində yerli özünüidarə orqanı olan Sumqayıt Bələdiyyəsinin qulluqçusu kimi və bələdiyyənin aparıcı işçilərindən biri olaraq bələdiyyə ərazisində yaşayan vətəndaşların hüquqlarının qorunması, onların problemlərinin həlli istiqamətində səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi göstərməyə və heç bir fiziki və ya hüquqi şəxsin qanuni maraqlarının pozulmasına, əsassız şəkildə incidilməsinə imkan verməməyə çalımışdır. Lakin 2021-ci ilin yanvar ayında bələdiyyə rəhbərliyində baş vermiş dəyişiklikdən sonra Sumqayıt Bələdiyyəsində işləmək artıq mümkünsüz vəziyyətə gəlib çıxmışdır. Həmin vaxtdan etibarən Sumqayıt Bələdiyyəsinin sədrinin vəzifəsini müvəqqəti icra etmək işi tapşırılmış sədr müavini Sərviz Süleymanovun yerli özünüidarə orqanı olan Sumqayıt Bələdiyyəsini özünün şəxsi dədəbaba idarəsi sayaraq təkbaşına idarə etməyə başlaması, qanunları heçə sayaraq dövlət torpaqlarından, yaxud da istifadə hüququ əsasında fiziki və hüquqi şəxslərin sahibliyində olan torpaq sahələrindən qaunsuz şəkildə icarə haqlarının yığılması, faktiki istifadələrində olan torpaq sahələrini sənədləşdirmək istəyən şəxslərin müraciətlərindən kütləvi şəkildə imtina olunması və həmin torpaqların onların əllərindən alınması kimi qeyri-qanuni göstərişlər verməsi, həmçinin adı çəkilən şəxsin bələdiyyə qulluqçularına münasibətdə kobudluğu və özünü hamıdan üstün görməsi ucbatından belə bir məmurla işləmək istəməyərək 2021-ci ilin mart ayının 3-ü tarixində ərizə ilə müraciət etmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin ərizəni o, rəsmi qaydada bələdiyyənin ümumi şöbəsinin müdiri İ.Omarova təqdim etmiş və sadalanan halları, həmçinin onun vəkillik fəaliyyəti ilə məşğul olmağına bələdiyyənin daha öncə rəsmi qaydada razılıq verməsinə baxmayaraq, hal-hazırda vəkil kimi fəaliyyətinə şərait yaradılmadığını nəzərə alaraq işdən azad olmaq istədiyini bildirmişdir. Lakin o, sözügedən ərizədə işdən çıxmaq istədiyi tarixi göstərmədiyindən, xəbərdarlıq müddəti ərzində işdən azad edilə bilməzdi və buna görə də əmək fəaliyyətini davam etdirirdi. Sonradan o, müəyyən səbəblərdən işdən çıxmaq haqqında fikrindən daşınaraq 19 mart 2021-ci il tarixdə ikinci ərizə ilə bələdiyyə müvəqqəti rəhbərlik edən S.Süleymanova müraciət etmiş və 03 mart 2021-ci il tarixdə işdən çıxmaq barədə yazdığı ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Həmin ərizə 19 mart 2021-ci il tarixdə ümumi şöbənin müdiri İ.Omarov tərəfindən rəsmi qaydada ondan qəbul edilmişdir. Lakin bu ərizədən dərhal sonra, yəni 19 mart 2021-ci il tarixdə S.Süleymanovun göstərişi ilə onun 03 mart 2021-ci il tarixində verdiyi ərizə 19 mart 2021-ci il tarixdə tələsik bələdiyyədə qeydiyyatdan keçirilmiş, müvafiq əmr hazırlanaraq onun işdən azad edilməyinə qərar verilmişdir. Halbuki, onun 03 mart 2021-ci il tarixdə işdən azad edilməyinə dair ərizə verdiyi nəzərə alınsa, təkrar ərizə vermədiyi halda belə onunla bağlanılmış əmək müqaviləsinə ərizənin verildiyi tarixdən 1 ay sonra, yəni 02 aprel 2021-ci il tarixdə xitam verilə bilərdi. Lakin əmək qanunvericiliyinin ziddinə olaraq onun əmək müqaviləsinə 19 mart 2021-ci il tarixdə xitam verilmiş, həmin əmrin surəti və əmək kitabçası da ona 29 mart 2021-ci il tarixdə təqdim olunmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a“ bəndinə əsasən, kimin təşəbbüsü ilə xitam verildiyi də qeyd olunmadan xitam verilmişdir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsinə yeni sədr seçilənədək müvəqqəti olaraq rəhbərlik etmək tapşırılmış S.Süleymanov özbaşına olaraq və vəzifə səlahiyyətlərini aşaraq onun əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Nəzərə alınsa ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş peşəkar bir hüquqşünasdır və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür, hüquq elmindən anlayışı olmayan bir şəxsin onu bu şəkildə işdən uzaqlaşdırmasını o, şəxsiyyətinə və işgüzar nüfuzuna zərər vurmağa yönəlmiş bir addım kimi qiymətləndirir ki, buna görə də maddi ziyanla yanaşı, ona vurulmuş mənəvi ziyanın da cavabdehdən ödənilməsini tələb etməkdə qərarlıdır. Bu səbəbdən qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır. Cavabdeh Sumqayıt Bələdiyyəsinin müvəqqəti rəhbəri S.Süleymanovun bu hərəkəti hesab edir ki, ona maddi ziyan vurmaqla yanaşı, onda mənəvi sarsıntı yaratmağa,bələdiyyənin ən hörmətli və nüfuzlu işçilərindən biri kimi onu gözdən salmağa, bir hüquqşünas və vəkil olaraq onun işgüzar nüfuzuna təsir göstərməyə yönəlmişdir. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Cavabdeh öz ərizəsi əsasında qanunla nəzərdə tutulmuş qaydada işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, iddiaçının azad olduğu vəzifəyə hazırkı tarixədək yeni işçi götürülməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli 25 saylı əmrindən görünür ki, Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19 mart 2021-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. Əsas olaraq İddiaçı ərizəsi göstərilir. Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri İddiaçı tərəfindən Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə ünvanlanmış sonuncuya 19 mart 2021ci il tarixdə daxil olmuş 03.03.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, müraciət edən onun vəkillik fəaliyyətinin həyata keçirilməsinə tam imkan verilmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri İddiaçı tərəfindən Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, o ərizə ilə 03.03.2021-ci il tarixdə Sumqayıt Bələdiyyəsinə müraciət edərək iş həcminin çoxluğu səbəbindən vəkillik fəaliyyətini lazımı şəkildə həyata keçirə bilmədiyini nəzərə alaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Hazırda qeyd olunan problem öz həllini tapdığından, sözügedən ərizənin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmçinin həmin ərizədən görünür ki, ərizə 19 mart 2021-ci il tarixdə ümumi şöbənin müdiri İ.M.Omarov tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş mübahisəsiz və faktiki hallarından göründüyü kimi, İddiaçı Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış, 03 mart 2021-ci il tarixli ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, sonradan zərurət aradan qalxdığından həmin ərizəsinin etibarsız sayılması barədə 19.03.2021-ci il tarixdə təkrarən ərizə ilə cavabdehə müraciət etmişdir. Sumqayıt Bələdiyyəsinin 19.03.2021-ci il tarixli əmri ilə İddiaçı AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı iddia ərizəsinin məzmununda sadalan əsaslara əsasən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozuluduğunu iddia edir və işə bərpa edilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 296-cı maddəyə əsaəsn fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (maddə 69.1). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (maddə 69.2) . Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur (maddə 69.4). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (maddə 69.5). İşin hallarından göründüyü kimi, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin yuxarıda şərh olunan 68.2-ci maddəsinin a)yarımbəndinə istinad olunmuşdur. Həmin yarımbəndə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi qaydaları həmin məcəllənin 69-cu maddəsi ilə tənzimlənir və göstərilən əsasa görə əmək müqaviləsinə xitam verilərkən bu norma ilə müəyyən edilmiş qaydalar gözlənilməlidir. Belə ki, qeyd olunan hüquq normasının şərh olunan məzmununa əsasən işçinin işəgötürəni 1(bir) təqvim ayı ərzində xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi işəgötürən tərəfindən işçini işdən çıxarması üçün əsas deyil. Normanın 4-cü bəndinin tələbinə əsasən işçinin həmin xəbərdarlıq müddəti ərzində müraciət ərizəsini geri götürmək və ya onu etibarsız hesab etdirmək hüququ vardır. Yalnız işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etdiyi təqdirdə işçinin ərizəsinin hüquqi qüvvəsi yoxdur. Həmçinin işəgötürən tərəfindən qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmayıbsa xəbərdarlıq müddəti ərzində işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) yarımbəndinə əsasən xitam verilə bilməz. İş materiallarında olan ərizənin məzmunundan göründüyü kimi iddiaçı əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi barədə ilkin ərizə ilə müraciət edərkən əmək münasibətlərinin dayandırılması üçün müddət göstərməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının azad olduğu vəzifəyə yeni işçi götürülməmiş, bu barədə rəsmi bildiriş verilməmişdir. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən əmək qanunvericiliyinin sadalanan müvafiq maddələrinin tələbləri pozulmuş, qanunla nəzərdə tutulmuş müddətlər daxilində iddaçının işdən azad olunması barədə ərizəsinin etibarsız sayılması barədə müraciət etməsinə və həmin ərizənin cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilməsinə baxmayaraq, həmin ərizə nəzərə alınmamış, gözlənilməli olan xəbərdarlıq müddəti ərzində iddiaçı işdən azad edilmişdir. Odur ki, cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş əmr əmək qanunverciliyinin tələblərini pozulmaqla qəbul olunduğundan ləğv edilməli, iddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa edilməlidir. Məhkəmə iddia tələbinin məcburi işburaxma müddətində əmək haqqını hesablanması hissəsi ilə bağlı qeyd edir ki, AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd olunan maddənin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçıya onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Eyni zamanda iddiaçı mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir”. Göründüyü kimi mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin təmin edilməsi üçün zərərçəkənin, yəni hazırki iş üzrə iddiaçının şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqları və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması, bu pozuntu nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi tələb olunur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ail əvə tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Plenum eləcə də izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması...., anlaşılır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudliyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitutsiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır». Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarının 10-cü bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçının bir müddət qanunsuz işdən azad olunması nəticəsində onun mənəvi sarsıntı, iztirab keçirməsi şübhə doğurmur və bunun əlavə sübuta ehtiyacı yoxdur. Bu qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin əvəzi olaraq 300 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli, 25 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin İcra aparatının hüquq şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilsin. Mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat cavabdeh Sumqayıt Bələdiyyəsindən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4114/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4114/2021
25.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver