Məhkəmə qərarları › İş №e-2(012)-3285/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3285/2022

14.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3285/2022 14.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi boşdayanmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi boşdayanmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli KÇ 152 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının öz vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən 25 manat mediasiya xərcinin əvəzinin, 215 manat dövlət rüsumunun əvəzinin, istifadə edə bilmədiyi 54 günlük məzuniyyətə görə kompensasiyanın ödənilməsi, o cümlədən ona dəymiş mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixli KQ-21 nömrəli əmr və həmin tarixli əmək müqaviləsi əsasında cavabdeh "xxxx" MMC-də Hüquq Şöbəsinin hüquqşünası vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə əmək funksiyalarını vicdanla icra etmiş, icra intizamına həmişə riayət etmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmiş və həvəsləndirmə tədbirlərinə layiq görülmüşdür. Buna baxmayaraq, cavabdeh müəssisəyə yeni direktor təyin edildikdən sonra ona tam məlum olmayan səbəblərdən Hüquq Şöbəsinə qarşı qərəzli münasibət həyata keçirməyə başlamışdır. Hüquq Şöbəsinin əməkdaşları olaraq onlar müəssisə rəhbərinə çoxsaylı müraciətlər göndərsələr də, bu yazılı müraciətlərə baxılmamışdır. Bu şəxsi qərəzlilik xx.xx.2022-ci il tarixində əmək fəaliyyətinin həyata keçirildiyi məkanda ona qarşı zor tətbiq edilməsi ilə nəticələnmişdir. Bu faktla bağlı hazırda hüquq mühafizə orqanında araşdırılma aparılmaqdadır. Nəticədə xx.xx.2022-ci il tarixli KÇ 152 nömrəli əmr əsasında Şirkətin Hüquq Şöbəsi ləğv edilmiş və Şöbənin müdiri Əfqan Məmmədov və işçisi kimi o, işdən azad edilmişdir. Bəhs edilən əmr şəxsi düşmənçilik əsasında, tamamilə qanunsuz olaraq qəbul edilmiş və onların məlumatı olmadan əmək müqavilələrinə xitam verilmişdir. İşəgötürənə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixində ona əmək kitabçası təqdim edilmişdir. Ərizə ilə bütün sənədləri tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən Əmək Məcəlləsinin 9-cu, 83-cü və 88-ci maddələrinin tələbi pozulmaqla əmək münasibətlərinə dair digər sənədlər ona qərəzli olaraq təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi qərəzlilik əsasında qanunsuz olaraq xitam verilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki tələblərə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, KÇ 152 saylı və xx.xx.2022-ci il tarixli, 10 saylı əmrlərinin ləğv edilməsi tələbinin əlavə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı təmsil etdiyi qurumdakı vəzifəsindən əsaslı əmrlə azad edilmişdir. Həmin əmrin ləğv edilməsinə və onun işinə bərpa edilməsinə isə heç bir əsas yoxdur. Sonda o, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materialları ilə birgə tədqiq edərək, işdə olan sübutları araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2016-cı il tarixdə işə qəbul olmuşdur, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci ildir. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə qəbul edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 01 saylı təqdimatdan görünür ki, Cavabdeh MMC-də idarəetmənin optimallaşdırılması, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, hüquq xidmətinin peşəkar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini, müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsini labüd etdiyindən, Cavabdeh MMC-nin X5 Cəmiyyətin direktoruna Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin xx.xx.2022-ci ildən ləğv edilməsinin məqsədəmüvafiq hesab edildiyini bildirmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 10 saylı əmrindən görünür ki, Cəmiyyətin Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin ixtisar edilməsilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərinə başlanılmış, həmin ştatlarda çalışan əməkdaşların müvafiq qaydada xəbərdar edilərək onlara əmək qanunvericiliyinin tələblərinin rəsmi qaydada izah edilməsi təmin edilmiş, xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə, habelə iş ahəngini pozmamaq şərtilə hər iş həftəsinin fərqli iş günləri olmaqla iki iş günü ərzində İddiaçı və X3 əmək funksiyalarının icrasından azad edilmişlər. Əmrin verilməsinə əsas X2 xx.xx.2022-ci il tarixli təqdimatı olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktubdan (e-mail) görünür ki, Cavabdeh MMC-nin direktoru M.Korkmaz (Korkmaz.M@engin.az) İddiaçı (Jeyhun.H@engin.az) Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 10 saylı əmri barədə ətraflı məlumat vermişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, KÇ 152 saylı əmrindən görünür ki, Cəmiyyətin Hüquq Şöbəsinin hüquqşünası vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İşçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq işdənçıxarma müavinəti (orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında - 4192,29 manat) verilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsilə bağlı xx.xx.2022ci il tarixli bildirişdən görünür ki, İddiaçı tutduğu vəzifədən azad edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 19 saylı məktubundan görünür ki, Şirkətdə HİK fəaliyyət göstərmir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 17 saylı aktdan görünür ki, 07 fevral 2022-ci il tarixdə İddiaçı Şirkətdə hüquqşünas ştatının ləğv edilməsi barədə əmr verildiyi bildirilmiş, daha sonra Şirkətdə hüquqşünas vəzifəsinin 28 mart 2022-ci il tarixindən ləğvi barədə xəbərdarlıq təqdim edilmiş, lakin İddiaçı xəbərdarlıqla tanış olmaqdan imtina etmiş və sənədin onun yaşayış ünvanına göndərilməsini tələb etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 16 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən MMC-də hüquqşünas vəzifəsində çalışdığı ştat vahidinin 28 mart 2022-ci il tarixdən ləğv edilməsi nəzərdə tutulduğu barədə məlumat verilmişdir. Məktubun alınmasından imtina edilmişdir (akt var). Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 79 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı iş yerini tərk edərkən şirkətin girişində ona yaxınlaşaraq bu gün işdə olduğundan səhhəti ilə maraqlanmışlar. İddiaçı xəstə olmadığını, lakin digər işləri olduğu üçün ofisi tərk edəcəyini bildirmişdir. Bundan sonra tutduğu vəzifənin ixtisar olunduğu bir daha diqqətinə çatdırılaraq işdən azad edilməklə bağlı əmr qəbul etməsi üçün təqdim edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri qəbul etməkdən imtina edərək rəsmi şəkildə ev ünvanına göndərilməsini tələb etmişdir. Həmçinin İddiaçı əmək haqqı kartının dəyişildiyi, yaxınlaşıb kartı təhvil alması barədə məlumat verilməsinə baxmayaraq neqativ reaksiya bildirərək, liftə yaxınlaşaraq iş yerini tərk etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən onun xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə uyğun olaraq işdən azad edilməsi barədə məlumat verilmişdir. Məktublar iki müxtəlif poçt ünvanına göndərilmiş və hər iki məktub qapı bağlı olması və ünvan sahibinin evdə olmaması səbəbilə götürülməmişdir (aktlar var). Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ona məxsus hesab kartı təqdim edilmişdir. Mülki işin materiallarında olan ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 30 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsi, daha çevik və rəqabətədavamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətində aparılan davamlı tədbirlər kontekstində ölkənin qabaqcıl hüquq şirkətlərindən biri ilə bağlanmış tərəfdaşlıq müqaviləsi səbəbindən Cəmiyyətin xx.xx.2022-ci il tarixli 10 saylı əmri ilə strukturda dəyişiklik edildiyi, X1 və İddiaçı vəzifə (peşə) üzrə işçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisədəki əmək stajına uyğun olaraq (altı təqvim həftəsi xəbərdarlıq müddəti nəzərə alınaraq) xəbərdar edildiyi, xx.xx.2022-ci il tarixli aktda xəbərdarlıqla tanış olmaqdan imtina etdiyi və bu səbəbdən xəbərdarlıq məktublarının müvafiq yaşayış və qeydiyyat ünvanlarına göndərildiyi, xx.xx.2022-ci il tarixli aktda isə həmin məktubun onun tərəfindən qəbul edilməkdən imtina edildiyi məlum olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla, həmçinin X3 ilə Cəmiyyət arasında bağlanmış əmək müqavilələrinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi, son haqq-hesabın ödənildiyi məlum olmuşdur. Həmçinin araşdırma zamanı Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərdən qanunvericiliyin tələbləri pozularaq son haqq-hesabın ona düzgün ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Son haqq-hesabın yenidən hesablanıb tam ödənilməsinin təmin edilməsi ilə bağlı müəssisənin rəhbərliyinə qurum tərəfindən müvafiq məktub ünvanlanmışdır. Mülki işin materiallarında olan ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Mülki işin materiallarında olan müxtəlif məktublardan görünür ki, 2022-ci ilin fevralaprel aylarında İddiaçı əmək münasibətləri ilə bağlı Cavabdeh MMC-yə müxtəlif məzmunda ərizələr yazmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-3284/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan barədə iddia tələbi təmin edilməmişdir. Mülki iş materiallarında olan mötəbər sənədlərdən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2016-cı il tarixdə hüquqşünas vəzifəsində işə qəbul edilmişdir. Cavabdeh MMC-nin idarəedilməsinin təkmilləşdirilməsi, daha çevik və rəqabətədavamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətində aparılan davamlı tədbirlər kontekstində ölkənin qabaqcıl hüquq şirkətlərindən biri ilə bağlanmış tərəfdaşlıq müqaviləsi səbəbindən Cəmiyyətin xx.xx.2022-ci il tarixli 10 saylı əmri ilə strukturda dəyişiklik edilmiş, İddiaçı vəzifə (peşə) üzrə işçilərin sayının və ya ştatların ixtisar edilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisədəki əmək stajına uyğun olaraq (altı təqvim həftəsi xəbərdarlıq müddəti nəzərə alınaraq) xəbərdar edilmiş, o, xəbərdarlıqla tanış olmaqdan imtina etmiş (xx.xx.2022-ci il tarixli akt), bu səbəbdən xəbərdarlıq məktubları onun yaşayış və qeydiyyat ünvanlarına göndərilmiş, həmin məktublar onun tərəfindən qəbul edilməkdən imtina edilmişdir (xx.xx.2022-ci il tarixli akt). Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ilə Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi, İddiaçı son haqq-hesabın ödənildiyi müəyyən olunur. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi boşdayanmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, KÇ 152 saylı və xx.xx.2022-ci il tarixli, 10 saylı əmrlərinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun öz vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən 25 manat mediasiya xərcinin əvəzinin, 215 manat dövlət rüsumunun əvəzinin, istifadə edə bilmədiyi 54 günlük məzuniyyətə görə kompensasiyanın ödənilməsi, o cümlədən ona dəymiş mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, İddiaçı işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli əmrdən xx.xx.2022-ci il tarixdə - son haqq-hesabı alarkən məlumatı olmuş, lakin əmrin ləğv edilməsilə bağlı iddia ərizəsilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmiş, beləliklə, hər iki əmrə münasibətdə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq (kəsici) müddəti ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 10 saylı əmrindən görünür ki, bu əmrin verilməsinə əsas Şirkətin X2 xx.xx.2022-ci il tarixli təqdimatı olmuşdur. Təqdimatın və əmrin verilməsində məqsəd isə Cəmiyyətdə idarəetmənin optimallaşdırılması, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, maliyyə xərclərinin qənaəti, hüquq xidmətinin peşəkar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini, müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsini labüd etmiş, Cavabdeh MMC-nin X5 Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin xx.xx.2022-ci ildən ləğv edilməsini məqsədəmüvafiq hesab etmiş, Cəmiyyət isə Hüquq Şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin ixtisar edilməsilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərinə başlamış, həmin ştatlarda çalışan əməkdaşların müvafiq qaydada xəbərdar edilərək onlara əmək qanunvericiliyinin tələblərinin rəsmi qaydada izah edilməsi təmin edilmişdir. Xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə, habelə iş ahəngini pozmamaq şərtilə hər həftənin fərqli iş günləri olmaqla iki iş günü ərzində İddiaçı əmək funksiyalarının icrasından azad edilmişdir. Mülki Məcəllənin 91-2-ci maddəsinə görə Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, MMC-də idarəetmə onun təsisçilərinin ümumi yığıncağında seçilmiş şəxs (direktor) tərəfindən aparılır və o, Cəmiyyətin maliyyə, təsərrüfat və sairə məsələlərinin həll edilməsində məsuldur. Konkret halda, Cavabdeh MMC-nin maliyyə vəziyyətində və hüquqi işlərin aparılmasında nöqsanlar müəyyən edilmiş və Şirkətin hüquq şöbəsinin və işçilərinin ixtisar edilməsi təklif edilmiş, MMC-nin direktoru isə bu təklifləri qiymətləndirərək xx.xx.2022-ci il tarixli, 10 saylı əmr imzalamışdır. Əmr imzalanan zaman mülki və ya əmək qanunvericiliyinin hər hansı tələbinin pozulması iş materialları ilə müəyyən edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1 və 2-ci hissələrinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İş materiallarından görünür ki, iddiaçının işlədiyi ştat vahidinin ixtisara düşməsi barədə xx.xx.2022-ci il tarixli əmr verilmiş, orada 5 ildən çox iş stajı olan İddiaçı əmək müqaviləsinə xitam veriləcəyi barədə azı 6 təqvim həftəsi öncə xəbərdarlıq edilmiş, o, əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə müəyyən iş günü əmək funksiyasından azad olunmuş, işdən azad edildikdən sonra isə son haqq-hesabını almışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmrin ləğv edilməsi və işə bərpa olunma barədə əsas tələb təmin edilmədiyindən, iddianın məcburi boşdayanmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi və dəymiş mənəvi zərərin əvəzinin tutulması hissəsi də təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlilləri işin məhkəmə baxışında təqdim olunan sənədlərlə öz təsdiqini tapdığından, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi boşdayanmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi boşdayanmaya görə əmək haqqının və kompensasiyanın ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə iddia tələbi təmin edilməsin. İddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar