Məhkəmə qərarları › İş №2(060)-4143/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4143/2021

09.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4143/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisi, üçüncü şəxslər "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisi, üçüncü şəxslər "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) arasında bağlanmış 14.06.2019-cu il tarixli, 2019/00629 saylı kredit müqaviləsinə əsasən ona şəxsi məqsədlər üçün illik 32 faiz olmaqla 36 ay müddətinə 30000 AZN məbləğində və 19.02.2020-ci il tarixli, 2020/00752 saylı kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün illik 32 faiz olmaqla 36 ay müddətinə 10000 AZN məbləğində kreditlər verilmiş və bu kreditlərə təminat olaraq digər İddiaçı2 məxsus ünvan 1 ünvanını ipoteka predmeti kimi yüklü edilmişdir. O, kredit üzrə ödənişləri həyata keçirmiş, lakin sonradan pandemiya ilə bağlı işsizlik yarandığı üçün həmin ödənişləri apara bilməmiş və ona heç bir güzəşt tətbiq etməyən cavabdeh təşkilat aralarında bağlanmış kredit müqaviləsini əsas tutaraq cavabdehə müraciət etməklə 16.02.2021-ci il tarixdə icra qeydi əldə etmiş və 3-cü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təqdim etmişdir. Hazırda icra məmuru həmin pulu ödəməyi tələb edir, əks təqdirdə tutmanın evə yönəldiləcəyi bildirilir. Halbuki, o, götürmüş olduğu kreditdən ödənişlər etmiş və onunla bağlanmış kredit müqaviləsi hələ də qüvvədədir, yəni həmin müqavilə müddəti 2022-ci ilin iyun ayının 14-də başa çatır. Onun da fikrini öyrənmədən, bank qarşısında borcunun olub-olmadığını araşdırmadan cavabdeh kredit müqaviləsində icra qeydinin verilməsi şərtləri, qaydası və müddəti ilə bağlı heç bir şərt olmadığı halda və onu xəbərdar etmədən bu icra qeydini yazmış və sonda onun üzərinə böyük məbləğdə kredit yükü qoyulmaqla yanaşı, o, ağır bir öhdəliyə cəlb edilmişdir. Həmin icra qeydində onu əsas borcunun faiz borcu şişirdilmiş, hətta ona 10290 AZN və 3680 AZN məbləğində dəbbə pulu da hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən onunla "xxxx" BOKT arasında bağlanmış 14.06.2019-cu il tarixli, 2019/00629 saylı kredit müqaviləsinə əsasən ona şəxsi məqsədlər üçün illik 32 faiz olmaqla 36 ay müddətinə 30000 AZN məbləğində və 19.02.2020-ci il tarixli, 2020/00752 nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün illik 32 faiz olmaqla 36 ay müddətinə 10000 AZN məbləğində kreditlər üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Sumqayıt şəhər 4 saylı DNK tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 8i-1978 nömrəli reyestrlə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 izahat verərək bildirdi ki, onlar icra qeydinin verilməsindən qanunla nəzərdə tutlmuş qaydada xəbardar olmamış, heç bir bildirişi qəbul etməmişlər.Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisi və üçüncü şəxs "xxxx" BOKT MMC məhkəməyə ərizə ilə müraciət edərək, keçiriləcək məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinin, 3-cü şəxs "xxxx" BOKT MMC-nin və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən İddiaçı1 verilmiş 19.02.2020-ci il tarixli, 2020/00752 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı1 19.03.2020-ci il tarixindən etibarən 19.02.2023-cü il tarixinədək hər ay 435,57 AZN ödəniş etməlidir. İş materiallarında olan "xxxx" BOKT MMC ilə İddiaçı1 arasında bağlanmış 19.02.2020-ci il tarixli, 2002/00752 saylı kredit müqaviləsindən görünür ki, BOKT tərəfindən borc alana illik 32 faiz ödənilməsi şərti ilə 36 ay müddətində 10000 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT MMC ilə İddiaçı1 arasında bağlanmış 14.06.2019-cu il tarixli, 2019/00629-İP saylı ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mkr., 0,0136 ha torpaq sahəsinin üzərində yerləşən 222,2 m2 ümumi sahəsi, 142,5 m2 yaşayış sahəsi, 79,7 m2 köməkçi sahəsindən ibarət olan, 2 mərtəbəli, 6 otaqlı, 20A nömrəli fərdi yaşayış evi yüklü edilməklə BOKT tərəfindən borc alana illik 32 faiz ödənilməsi şərti ilə 36 ay müddətində 30000 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.02.2020-ci il tarixli, 2020/00752-İP saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan "xxxx" BOKT MMC, borc alan İddiaçı1 və ipoteka qoyan İddiaçı2 arasında müqavilə imzalanmış, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 14.06.2019-cu il tarixli, 2019/00629 nömrəli və 19.02.2020-ci il tarixli, 2020/00752 nömrəli kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 16.02.2021-ci il tarixli, 8İ-1978 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respubliası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti adından X4 tələbi ilə borcalan İddiaçı1 ipoteka qoyan İddiaçı2 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mkr., 0,0136 ha torpaq sahəsinin üzərində yerləşən 222,2 m2 ümumi sahəsi, 142,5 m2 yaşayış sahəsi, 79,7 m2 köməkçi sahəsindən ibarət olan, 2 mərtəbəli, 6 otaqlı, 20A nömrəli əmlaka 2019/00629 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 60689,68 AZN tutma yönəldilməsi, borclular İddiaçı2 və İddiaçı1 tələbkar tərəfindən ödənilmiş 20 AZN məbləğində dövlət rüsumu olmaqla cəmi 60709,68 AZN pul tutulması barədə təklif edilmişdir. İş materiallarına əlavə edilmiş 13.01.2021-ci il tarixli, 004 saylı xəbərdarlıqdan görünür ki, "xxxx" BOKT MMC tərəfindən borcalan İddiaçı1 və ipoteka qoyan İddiaçı2 14.06.2019-cu il tarixli, 2019/00629 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi tələb olunmuş, müqavilə üzrə yaranmış borcun ödənilməsi lazımi qaydada aparılmadığı halda borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilənin şərtlərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər 4 saylı Notariat ofisindən daxil olmuş 23.06.2021-ci il tarixli, 2178 saylı məktubdan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, iddiaçılar qanunla nəzərdə tutulmuş qaydada məlumatlı olmamışlar. Belə ki, icra qeydi ilə bağlı bildiriş 13.01.2012-ci il tarixdə göndərilsə də, rəsmi olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıların poçt xidməti vasitəsi, həmçinin müddət baxımından düzgün məlumatlandırılmaması, “X8”, “X6” və “Notariat Haqqında Qanun”un tələblərinə zidd olmaqla, tərəflərin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, “Notariat Haqqında Qanun”un 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka Haqqında” Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə verilmiş iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən icra qeydinin ləğv edilməsi nəticəsini iş materiallarında olan sübutlar və işin mübahisə edilən hallarını aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3-cü maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 340-ci maddəsinin tələbinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı tədqiq edilən sübutlara uyğun qiymətləndirərək, tərəflər arasında olan mübahisə ilə bağlı sübutları araşdıraraq, qanunvericiliyin tələblərini nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin əsası olan müddəların (iddiaçıların qanunla nəzərədə tutulmuş qaydada məlumatlandırılması) qəbul etməyərək onun təkzibi ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən, verilmiş iddia tələbi təmin edilərək Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, Reyestrdə 8i- 1978 № ilə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri və məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, reyestrdə 8İ-1978 № ilə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia tələbi təmin edilsin. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən qəbul edilmiş 16 fevral 2021-ci il tarixli, reyestrdə 8İ-1978 № ilə verilmiş icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar