Məhkəmə qərarları › İş №2(060)-4153/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4153/2022

08.09.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4153/2022 08.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv edilərək cavabdehdən ödədiyi 12.000 manat və avtomobilə çəkdiyi 1.300 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, avtomobil almaq üçün bir neçə satış məntəqələrinə baş vurduqdan sonra telefonda bir reklamla rastlaşmışdır. Məlum olmuşdur ki, «Turbo AZ» saytı avtomobil satışı ilə məşğul olur və çeşidli-saz vəziyyətdə olan avtomobillərə malikdir. Saytda ünvan olaraq https://turbo.az/autos/5476642-Volkswagen jetta markalı gözəl bir maşının satışa təqdim olunduğu göstərilmişdir. Birbaşa telefon əlaqəsi yaratdıqdan sonra onların dəvəti ilə yəni saytda olan məlumatla maraqlandığını bildirmiş və o, Cavabdeh ilə əlaqə saxlamağı bildirmişdir. O, həmin şəxslə əlaqa yaratdıqdan sonra maşına baxmaq istədiyini bildirmişdir. Maşına baxdıqdan sonra xoşuna gəldiyi üçün qiymət barədə sövdələşmədən sonra 12.000 manata razılaşaraq avtomobili Respublika DAM-i idarəsində müqavilə bağlayaraq həmin vətəndaşdan almışdır. Onu da bildirmişdir ki, alqı-satqı notariat orqanında satılır və etibarnamə cavabdehin adınadır. Avtomobil sənədləşdiriləndən və yeni texniki pasport alındıqdan sonra sürərək evinə gəlmişdir. Səhəri gün avtomobilə ətraflı baxış keçirdikdə məlum olmuşdur ki, yağ axıdır və maşının sürət ötürücüsü nasaz vəziyyətdədir. Dərhal ustaya müraciət etmiş və bu vaxt maşının motorunun da yaxşı vəziyyətdə olmadığı aşkarlanmışdır. O, bütün bunların neçəyə düzəldilə biləcəyini ustadan soruşmuş və usta bildirmişdir ki, maşın yaxşı vəziyyətdə deyil, yaxşı olar ki, aparıb qaytarsın. O, dərhal satıcı Cavabdeh zəng etsə də cavab verməmişdir. Sonra bir neçə gün zəng etsə də telefona cavab verilməmişdir. O, məcburiyyət qarşısında qalaraq Sumqayıt şəhər Polis İdarəsinə yazılı müraciət etmişdir. Oradan isə cavab almışdır ki, məsələ mülki mübahisə olduğu məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. O, Bakı şəhəri Binəqədi Məhkəməsinə müraciət etdikdən sonra oradan cavab göndərilərək bildirilmişdir ki, ərizə aidiyyəti üzrə göndərilmədiyindən baxıla bilməz. O, da məcbur olub aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Bu gunə qədər maşın işləmir, cavabdehlə də heç bir əlaqə yarada bilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, avtomobili təmir etdirmiş və onun hibrid funksiyasını ləğv etdirmişdir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı tələbini qəbul etmədiyini, belə ki, iddiaçıya avtomobil satılan zaman saz vəziyyətdə olduğunu, avtomobildə nasazlığın yaranması iddiaçının ucbatından olduğunu, iddiaçının ustaya müraciət etdiyini və təmir xərclərinin 1.300 manat müəyyən edildiyini, lakin sonradan ustanın avtomobili təmir edə bilməyəcəyini bildirdiyini və iddiaçının pulu geri qaytarmaq istədiyini, iddiaçının qeyd etdiyi detalın qiymətinin 10.500 manat olmasının absurd olduğunu, çünki avtomobilin satış qiymətinin 12.000 manat olduğunu bildirdi və qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə həmin bölməyə daxil olmuş İddiaçı ərizəsi əsasında yoxlama aparılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Wolkswagen Jetta” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə (MF 10893351 №-li elektron talon) və xx.xx.2022-ci il tarixdə (MF 13353308 №-li elektron talon) texniki baxışdan keçirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus olan “Wolkswagen Jetta” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə (MF 13353308 №-li elektron talon) texniki baxışdan keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehdən “Wolkswagen Jetta” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışdır və iddiaçıya məxsus olan nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə (MF 13353308 №-li elektron talon) texniki baxışdan keçirilmişdir. Faktiki olaraq sözügedən avtomobil iddiaçı tərəfindən cavabdehə 12.000 manata ödənilməklə əldə edilmişdir. Bu zaman nəqliyyat vasitəsi müvafiq ustalara göstərilmiş və ona baxış keçirilmişdir. Bundan sonra avtomobil istismar olunarkən müəyyən qüsurlar meydana çıxmış və onların aradan qaldırılması üçün iddiaçının xərci çıxmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Bu Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı avtomobilin qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən həmin qüsurlar üçün satıcı- Cavabdehlik daşımır. Eyni zamanda yuxarıda qeyd olunan zərər tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar