Məhkəmə qərarları › İş №2(060)-4240/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4240/2021

08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4240/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment və aliment borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11.10.2019-cu il tarixədək yığılmış köhnə aylara dair 11.528 manat aliment borcunun və 08.11.2019-cu ildən hazırki vaxta qədər yığılmış 2890 (17x170) manat aliment borcunun və birgə nikahdan olan övladları X4, X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər birinə görə hər ay 175 manat olmaqla, cəmi 525 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7933/2014 saylı, 16.12.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, o, Cavabdeh ilə 2010cu il mart ayında qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 10 avqust 2012-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 30 noyabr 2010-cu il təvəllüdlü X6, 29 oktyabr 2012-ci il təvəllüdlü llyasova Səkinə Rüstəm qızı və 10 fevral 2014-cü il təvəllüdlü llyasova Zeynəb Rüstəm qızı anadan olmuşlar. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan cavadehin ailəsinə laqeyd münasibəti, övladlarının maddi-mənəvi qayğıları ilə maraqlanmaması ailə münasibətlərinin pisləşməsinə səbəb olmuşdur. Buna görə də nikahlarının pozulması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlə arasındakı nikahın pozulması, uşaqların onun yanında qalması, həmçinin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 23 sentyabr 2014-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit alimentın tutulması qət edilmişdir. Hazırki aliment məbləği uşaqların maddi xərclərinin qarşılanması üçün kifayət etmir. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq göstərdi ki, özü işləyir, 400 manat əmək haqqı alır, həmçinin ikinci dəfə ailə həyatı qurmuşdur. Cavabdehin arıçılıq fəaliyyəti ilə məşğul olması ona məlumdur. Qazancı barədə dəqiq məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7933/2014 saylı, 16.12.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayədə qalması və aliment” tələbinə dair iddiası təmin edilmiş, 10.08.2012-ci il tarixdə qeydə alınmış nikahın pozulması, 30 noyabr 2010cu il təvəllüdlü X6, 29 oktyabr 2012-ci il təvəllüdlü X5 və 10 fevral 2014-cü il təvəllüdlü X3 anaları X1 yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 70 manat olmaqla, ümumilikdə 210 manat sabit pul məbləğində alimentin Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan üç övladının olması, uşaqların ananın yanında qalmaları, saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin hallarından göründüyü kimi uşaqların saxlanılmaları üçün hər uşağa münasibətdə 70 manat sabit pul məbləğində alimentin tutulması məhkəmə qətnaməsi ilə qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən xeyli müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir. Məhkəmə şərh olunanları, eləcə də iddiaçının işləməsini, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olması barədə qanunun göstərişlərini, cavabdehin iddia edilən məbləğdə aliment ödəməyə zəruri vəsaitə malik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7933/2014 saylı, 16.12.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 30 noyabr 2010-cu il təvəllüdlü X4, 29 oktyabr 2012-ci il təvəllüdlü X2 və 10 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğinin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iş üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7933/2014 saylı, 16.12.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 30 noyabr 2010-cu il təvəllüdlü X4, 29 oktyabr 2012-ci il təvəllüdlü X2 və 10 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutusun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar