Məhkəmə qərarları › İş №2(060)-4248/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4248/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4248/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iş üzrə (açar sözlər: alimentin miqdarının dəyişdirilməsi ) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi:

1. İddiaçı cavabdehə qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-442/2017 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən olunmuş 120 manat sabit pul məbləğində aliment məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-442/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü Fətəliyev Rauf Ruslan oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 168/2025 saylı qərardadı ilə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 1.034 misli həddində indeksasiya edilmişdir. O, N saylı hərbi hissədə texnik vəzifəsində işləyir. Aylıq maaşı 629 manatdır. Tutulmalardan sonra ona 530 manat maaş hesablanır. Həmin 530 manat pulun 70 %-i aliment və yığılmış aliment borcu kimi tutularaq cavabdehə verilir. Ona maaşından 162 manat pul qalır. Hesablamasına görə cavabdehə 13386 manat aliment borcu vardır. Borcla əlaqədar 1 dəfə inzibati həbs, 1 dəfə 500 manat cərimə edilmişdir. Onun həm alimenti, həm də yığılmış aliment borcunu ödəmək imkanı yoxdur. Aliment 1.034 mislində indeksasiya edildikdə 1 uşağa ayda 413 manat olmaqla, üç uşağa cəmi aliment məbləği 1239 manat təşkil edir. Bu məbləğ onun maaşından qat-qat yüksəkdir. Aliment borcu ilə əlaqədar cavabdeh tərəfindən mütəmadi olaraq hədə-qorxu gəlinərək narahat edildiyindən cana yığılaraq xx.xx.2025-ci il tarixdə intihara cəhd etmiş, sirkə turşusu içdiyindən səhhəti pozulmuşdur. O, hər uşağa hər ay 180 manat olmaqla, cəmi 540 məbləğində aliment ödəyə bilər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) iddia tələbinə qarşı etiraz

3. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, onunla İddiaçı ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlu dünyaya gəlmişdir. Uzun müddətdir ki, 2017-ci ildən etibarən iddiaçı ilə nikahlarına xitam verilmişdir. Ondan qabaq da illər idi ki, iddiaçı uşaqları onunla bərabər qoyaraq çıxıb getmişdir. O, iddiaçının gəlmədiyini gördükdə 2015-ci il tarixdə boşanmadan aliment tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, iddiası təmin edilmişdir. Övladları onun himayəsində saxlanılan gündən bəri o, uşaqlarınn əziyyətini, maddi və mənəvi çəkmişdir. Onların boyabaşa çatdırılmasında böyük əziyyət çəkir. Aliment borcu iddiaçının əmək haqqına məcburi yönlənmişdir. Qət edilən aliment məbləği tam şəkildə ona ödənilmir. İllərdir ki, İddiaçı külli miqdarda aliment borcu yığılmışdır. Cənab Prezidentin sərəncamına əsasən alimentin indeksasiyasına müraciət etdikdən sonra alimentin artırılması iddiası Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən təmin olunmuşdur. Daha sonra İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayətlə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-54/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmış və İddiaçı şikayəti təmin olunmamışdır. Buna baxmayaraq heç bir ödəniş olunmayıb. Nə ayrılmış aliment, nə də yığılmış borc İddiaçı tərəfindən ödənilmir. Övladlarının əlavə təhsil və digər xərclərini o, tək qadın olaraq qarşılayır. Bu çətin bir dövrdə tək ana olaraq bu qədər xərcin öhdəsindən gəlməkdə böyük çətinlik çəkir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, guya o, iddiaçıya hədə-qorxu gələrək ondan uşaqlara ayrılmış aliment borcunu tələb edir. Bu tamamilə absurddur. O, iddiaçı ilə illərdir ki, əlaqə saxlamır, yaranmış borcla bağlı məhkəmə qətnaməsini icra edən icra məmuru onunla mütamədi olaraq əlaqə saxlayır. Bir daha bildirir ki, valideyn olaraq İddiaçı öz övladlarının böyüyüb boya-başa çatmalarında, təhsil almalarında və s. maddi və mənəvi dəstək olmalıdır və bu, onun borcudur. Bu öhdəlikdən yayınması da düzgün addım deyil.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Birgə nikahdan uşaqları yoxdur. İddiaçı 2020-ci ildə hərbiyə işə düzəlib. Əri işə düzələndən 5 ildir ki, maaşının 70 faizini cavabdehə ödəyir. İddiaçının 2020-ci ilə qədər aliment borcu yığılmışdır. Cavabdeh 13 min manat aliment borcunu istəmiş və məhkəmə tərəfindən bu barədə cavabdehin xeyrinə qərar çıxarılmışdır. Onlar 2000 manat ödəniş etmək istəsələr də, cavabdeh bu borcdan bir hissəsinin ödənişini yox, yalnız tam ödənişi tələb etdiyini bildirdiyindən məhkəmədə əri 500 manat cərimə edilmiş, cavabdeh apellyasiya şikayəti vermiş və məhkəmədə də borclunun tutulmasını istədiyini bildirmişdir. İddiaçı hər ay 1200 manat ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən yenidən çağırıldıqda, yəni 08 aprel 2025-ci ildə tarixində bu dəfə sirkə içərək intihar etmişdir. Buna görə 3 gün komada yatmış və möcüzə nəticəsində həyata qayıtmışdır. Hazırda yemək yeyərkən qan qusur. Əvvəllər hər ay hər uşaq üçün 120 manat ödəyirdilər. Hazırda həmin məbləğ artıb hər ay hər uşaq üçün 413 manat olmuşdur. O, hətta öz maaşından da qarşı tərəfin aliment borcu üçün ödəniş edir. İddiaçı səhər saat 6-dan axşam saat 6-ya qədər işləyir, sağala bilmir. İddiaçı alimentə görə yox, cavabdehin onu bezdirməsi səbəbilə intihar etmişdir. İddiaçı aviasiya üzrə məsul olan bir şəxsdir. Lakin aliment artırıldığı təqdirdə, ödəyə bilməməsi və cavabdehin müraciətləri səbəbilə yenidən həbs ediləcəkdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, yoldaşı 629 manat əmək haqqı alır, vergilər çıxıldıqdan sonra ələ çatan məbləğ 530 manatdır. Həftədə 5 gün işləyir və əlavə gəlir yeri yoxdur. Cavabdeh bunu iddia edirsə, o, bunu sübut etməlidir. Yığılmış aliment dekabr ayından etibarən hər ay 500 manat olmaqla ödənir. İddiaçı intihar etdikdən sonra səhhəti kəskin pisləşmişdir. Hə ay müayinə və müalicələrinə çoxlu xərc çəkilir. Hər ay hər uşaq üçün 413 manat ödəmək iddiaçının imkanı xaricində olduğundan stress çəkir. İddiaçı hər ay hər uşaq üçün 180 manat ödəyə bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazına uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçının aliment borcu 13000 manat yox, 20000 manata yaxındır. O, hazırda azyaşlı uşaqları ilə tək qalıb. Bağçada dayə işləyir və 300 manat maaş alır. Uşaqlarının bütün xərcləri onun üzərindədir. 2016-cı ildən bu yana iddiaçı qəsdən alimenti ödəmir. İddiaçı 10 gün həbs edildikdən və iş yerinə məcburi olaraq aliment ödənişi edilməsi üçün icra məmuru tərəfindən məktub göndərildikdən sonra aliment ödənişlərini etməyə başlamışdır. O, qanuni şəkildə indeksasiya üçün məhkəməyə müraciət etmiş və məhkəmə qərarından apellyasiya şikayəti verildikdən sonra da onun xeyrinə qərar qüvvədə qalmışdır. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Cavabdehin sirkə içməyinə səbəb aliment ödəməkdən yayınmaq istəməsidir. O, uşaqlarının hər birini 5 müəllim yanına, aylıq 80 manat ödəniş etməklə hazırlıqlara qoyub. İddiaçı tərəf əlavə gəlirlərini gizlədir və qərəzli şəkildə aliment ödənişindən yayınır. Bu səbəblə də elə icra məmuru özü məhkəmə iclasında iddiaçının həbs edilməsini istəyib. Həmçinin, hələ ailəli olarkən iddiaçı ofisiant işləyirdi. İddiaçının komputer bacarıqları var. Ordan da gəlir əldə edir. O, 2017-ci ildən bu yana ilk dəfədir ki, aliment artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda hər şey çox bahadır. O, uşaqlarına tək baxır. İddiaçının bir neçə aydır ödəməyə başladığı aliment təkcə ərzağa gedir. 540 manat alimentlə 3 uşağın tələbatını ödəmək indiki dövrdə mümkünsüzdür. İddiaçının səhhəti ilə bağlı qarşı tərəfin qeyd etdiklərinə münasibətdə bildirdi ki, iddiaçı iyun ayında qızının son zəng mərasimində iştirak etmiş, bu yaxınlarda Rauf da atasını görmüşdür. İddiaçının səhhətində heç bir ciddi problem yoxdur. Həmçinin, bildirdi ki, iddiaçı bütün qərarlardan apellyasiya şikayəti verir. Hər zaman hüquqi yardımdan istifadə edir. Bu o deməkdir ki, onun kifayət qədər maddi imkanı var. Bütün bunları nəzərə alaraq, ayrılmış aliment məbləğinin (1239.8) dəyişdirilmədən saxlanılmasını və iddianın tamamilə rədd edilməsini xahiş etdi.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları:

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-168/2025 nömrəli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü Fətəliyev Rauf Ruslan oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin Cavabdeh ödənilməsi qət edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü Fətəliyev Rauf Ruslan oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,034 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3131/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3131/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. “Sumqayıt Tibb Mərkəzi X5 X4 Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli, 406 nömrəli arayışından görünür ki, İddiaçı (1982-ci il təvəllüdlü) xx.xx.2025-ci il tarixdə, saat 06:30-da xəstəxananın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə X4 briqadası ilə gətirilib. D-z: Naməlum mənşəli kimyəvi maddələrin toksiki təsiri.

11. xx.xx.2025-ci il tarixli, 59614 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xəstə İddiaçı Sumqayıt TTY briqadası ilə toksikoloji şöbəyə ağır vəziyyətdə gətirilmişdir. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır olmuşdur. Şikayətləri qanlı qusma, boğazda, qida borusunda olan ağrılardır.

12. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, İddiaçı N nömrəli hərbi hissədə texnik işləyir. Əmək haqqı 530 manat təşkil edir.

b) mülki iş üzrə tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 21 yanvar 2017-ci il tarixli Sərəncamı: “1. Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilsin.”

16. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.”

17. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). ... 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır.

21. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında nikah pozularkən birgə nikahdan doğulmuş uşaqlar analarının yanında saxlanılmış, onların saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat məbləğində aliment təyin edilmişdir. Həmin aliment məbləği məhkəmə qərardadı ilə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,034 misli həddində indeksasiya edilmişdir. Bundan sonra iddiaçının cavabdehə ödədiyi alimentin məbləği hər ay hər uşaq üçün 413.6 manat olmaqla, cəmi 1240.8 manat olmuşdur.

22. İddiaçı alimentin bu miqdarda müəyyən edilməsinin onun maddi və sosial vəziyyətinə uyğun olmadığını əsas gətirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğin azaldılmasını (180/400*116=52.2 manat) xahiş edir.

23. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əmək haqqı 530 manat təşkil edir. Cavabdeh iddiaçının əlavə gəlirləri olduğunu bildirsə də bununla bağlı sübut təqdim edilməmişdir. İddiaçının həmin əmək haqqı ilə 1240.8 manat məbləğində indeksasiya edilmiş alimenti ödəməsi real olaraq qeyri-mümkündür. Belə ki, iddiaçının faktiki gəliri ödənilməli aliment məbləğini 2.3 dəfə aşmaqla bu, həm ədalətlilik, həm də uşağın maraqları ilə aliment ödəyənin real imkanları arasındakı balans prinsiplərinə uyğun deyildir. İndeksasiya edilmiş aliment məbləği iddiaçının ödəmə qabiliyyətindən açıq-aşkar yüksək olduğuna görə hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcuddur. Bu norma aliment ödəyicinin faktiki gəlir səviyyəsi ilə aliment öhdəliyi arasında ədalətli və proporsional münasibət yaradılmasını təmin etməyə yönəlmişdir.

24. Lakin məhkəmə iddianın bir uşağa görə təyin edilmiş 120 manat alimentin azaldılaraq 52.2 manat saxlanılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, aliment öhdəliyi uşağın saxlanması üçün zəruri xərclərin təmin edilməsi məqsədi daşıyır. Bu baxımdan onun tamamilə və simvolik şəkildə azaldılması uşaqların mənafeyinə ziddir. Qanunvericiliyin tələbinə görə aliment məbləğinin müəyyən edilməsində uşağın maraqları prioritet təşkil etməli, eyni zamanda valideynin əmək və sosial vəziyyəti obyektiv surətdə nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının tələb etdiyi məbləğ inflyasiya və real yaşayış xərcləri fonunda uşağın normal inkişafı və ehtiyaclarının minimun təminatına adekvat deyil.

25. Odur ki, məhkəmə əsaslandırılmış balanslı yanaşma prinsipini rəhbər tutaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-442/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat aliment məbləğinin azaldılaraq 75 manat müəyyən edilməsi qənaətinə gəlir. Bu məbləğ həm iddiaçının real maddi imkanlarını aşmır, digər tərəfdən uşaqların saxlanılması üçün minimum təminatı qoruyur.

26. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməli, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən də göstərilən qaydaya əməl etməlidirlər.

27. 2017-ci il üçün minimum əmək haqqı 116 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,65 misli həddində müəyyən edilməlidir.

28. Beləliklə, iddia qismən təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010cu il təvəllüdlü Fətəliyev Rauf Ruslan oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulması Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-442/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 75 manat - ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində müəyyən edilməlidir.

Nəticə hissəsi:

29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü Fətəliyev Rauf Ruslan oğlu və xx.xx.2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulması Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-442/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 75 manat - ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar