Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-427/2023 10.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş vaxtından artıq iş saatlarının ödənilməsi tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti) dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq iş saatlarının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı daim əmək fəaliyyətində olmuş və müxtəlif şirkətlərdə işləmişdir. xx.xx.2015-ci il tarixdən "xxxx" MMC-də işləmişdir. xx.xx.2019-cu il tarixdən rəsmi əmək müqaviləsi bağlamaqla şirkətə 2-ci dərəcəli sürücü (dartıcı) vəzifəsinə qəbul edilmişdir. İşə qəbul edilən zaman müqavilə müddətli əmək müqaviləsi olmuşdur. Əmək müqaviləsi üzrə iş günü 8 saat olmaqla həftəlik 40 saat müəyyənləşdirilmişdir. Müqavilə üzrə artıq hesablanmış iş saatları ödənilməsi nəzərdə tutulmuşdur. İstirahət günləri şənbə və bazar günü olmasına baxmayaraq ənənəvi olaraq həftənin şənbə günləri bəzi hallarda isə bazar günləri eyni zamanda gecə saatlarında işə çağrılmışdır. İddiaçı güman etmişdir ki, iddiaçıya artıq işlədiyi saatlara görə ödənişlər ediləcəkdir. Həqiqətən də 2020-ci ilin avqust ayına qədər qanunla bütün ödənişlər ödənilmişdir. Lakin sonradan ona bildirilmişdir ki, hər hansı bir artıq ödəmədən söhbət gedə bilməz. Çünki maddi problem vardır. Dəfələrlə mübahisələr üzrə hüquqşünasın yanında və eyni zamanda şirkətin direktoru Ruslan Ağabəylinin qəbulunda olmuşdur. Ancaq hər hansı dinlənilmə olmadan uzaqlaşdırılmışdır. Lakin, bir dəfə kadrlar şöbəsinə bir məsələ barədə yaxınlaşdıqda orada bütün işçilərə görə əlavə ödənişlər hesablandığını görmüşdür. Bu barədə soruşduqda bunun başqa şey olduğu bildirilmişdir. Amma iddiaçı illərin sürücüsüdür və tabeldən də kifayət qədər anlayışı var. Lakin əməkdaşın bu şəkildə deməsi iddiaçıda şübhələrin yaranmasına səbəb oldu. Müxtəlif formalarda bəhanələr gətirərək iddiaçıya bildirilmişdir ki, struktur yenilənmələr səbəbindən mütləq əmək müqaviləsi başqa şirkətə dəyişdirilməlidir. Hamı kimi iddiaçı da razılaşmış və əmək müqaviləsi başqa şirkətə dəyişdirilmişdir. Həmin şirkətdən çıxdıqdan sonra son haqqhesab hesablandığı zaman iddiaçıya əlavə iş saatlarının da ödənilməli olduğunu bildirmişdir. Lakin bunun daha sonra ödəniləcəyi bildirilmişdir. İddiaçın yeni şirkətdə hər hansı bir problemin olmaması üçün sakit qalmağa üstünlük vermişdir. Lakin artıq ödənişin çox gecikdiyini görmüş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda cavabdeh iddiaçıya artıq işlədiyi əlavə iş saatlarına görə ödəniş etməlidir və hesab edir ki, bu onun haqqıdır. İddiaçı tərəfinfən hesablanmış iş vaxtından artıq iş saatları və ödənişlər aşağıdakı şəkildə olmuşdur: a) 2020-ci il üçün: Avqust - 52 saat, Sentyabr - 46 saat, Oktyabr-58 saat, Noyabr - 48 saat, Dekabr - 20 saat. b) 2021-ci il üçün: Yanvar - 12 saat, Fevral - 6 saat, Mart-36 saat, Aprel - 60 saat, May-20 saat, İyun - 8 saat, Sentyabr - 19 saat, Oktyabr - 4 saat, Noyabr - 10 saat, Dekabr - 8 saat. c) 2022-ci il üçün: Fevral - 15 saat, Mart-28 saat, Aprel 3 saat, Cəmi: 453 saat. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı iş materiallarına sadəcə tabellərin ksero-surətini əlavə etmiş, əlavə etdiyi materialların bir qismini, ümumiyyətlə, oxumaq mümkün olmasa da, digər qismində isə iş vaxtından artıq iş saatlarına cəlb olunduğu qeyd olunmamışdır. Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşçinin iş vaxtından artıq işlərə cəlb olunması üçün 2 şərt: işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı əsasdır. İddiaçının iddia etdiyi kimi 2020-ci ilin avqust ayından 2022-ci ilin may ayına qədər iş vaxtından artıq işlərə cəlb olunma halı baş vermədiyi üçün bu normada qeyd olunan sənədlər də tərtib olunmamışdır. Çünki sözügedən bu sənədlər məhz işçinin iş vaxtından artıq işlərə cəlb olunmasını təsdiq edən birbaşa sənədlərdir. Bu sənədlərdə hər iki tərəfin iradəsi – işəgötürənin işçinin iş vaxtından artıq işlərə cəlb etmək təklifi və işçinin bu təklifə razılığı ifadə olunur. İddiaçı isə məhkəməyə təqdim etdiyi sənədlərdə iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı nə işəgötürənin əmrini (sərəncamı, qərarı), nə də özünün razılığını ifadə edən sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının məhkəməyə təqdim etdiyi heç bir sənəddən onun iş vaxtından artıq işlərə cəlb olunduğu görünmür. İddiaçının iş materiallarına əlavə etdiyi tabellərdə işə gəliş və gediş saatları göstərilməmişdir. Bununla yanaşı tabellərdə onun günün hansı saatlarında iş vaxtından artıq işlərə cəlb olunduğu qeyd olunmamışdır, habelə həmin tabellərdə nə möhür, nə də imza var, buna görə də həmin tabelləri iddiaçının iş vaxtından artıq işlərə cəlb olunduğunu göstərən sübut kimi qəbul etmək doğru deyil. Sözügedən mübahisə ilə bağlı iddiaçı xx.xx.2022-ci il tarixində X7 Xidməti Abşeron Xızı regional şöbəsinə müraciət etmişdir. X7 Xidməti apardığı araşdırma əsasında iddiaçıya xx.xx.2022-ci il tarixli, № **********0 saylı cavab məktubu ünvanlamışdır. X7 Xidmətinin cavab məktubundan da aydın olur ki, iddiaçı cavabdeh tərəfindən yalnız 2020-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq işlərə cəlb olunmuş və həmin dövrlərə görə əmək haqqına əlavənin hesablanması və ödənilməsi təmin olunmuşdur. İddiaçı şikayət məktubunda və iddia ərizəsində qeyd etdiyi müddətlərdə iş vaxtından artıq işlərə cəlb olunmamışdır. Habelə bildirdi ki, iddiaçı "xxxx"-dən öz ərizəsi ilə çıxmış və öz ərizəsi ilə də digər şirkətə daxil olmuşdur. İddiaçının iş vaxtından artıq işlərə cəlb olunmasına dair iddiası hər hansı sübuta və faktlara əsaslanmadığı üçün əsassızdır və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə bildirdi ki, X7 Xidmətinə İddiaçı işlədiyi müddətdə "xxxx" MMC tərəfindən iş vaxtından artıq iş saatlarına görə haqqın ödənilməməsi ilə bağlı müraciəti daxil olmuş və onun müraciəti əsasında araşdırma aparılmışdır. "xxxx" MMC tərəfindən təqdim olunmuş iş vaxtının uçot tabellərinə və əmək haqqının hesablanması və ödənilməsi cədvəllərinə baxış keçirilməsi nəticəsində məlum olmuşdur ki, İddiaçı 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq iş saatlarına cəlb olunmuş, bu dövrlərə görə əmək haqqına əlavənin hesablanması və "xxxx" MMC tərəfindən ödənilməsi təmin edilmişdir. Qeyd etdi ki, İddiaçı Abşeron-Xızı Regional şöbəsinə verdiyi izahatında 2020-ci ilin avqust ayından 2022-ci ilin aprel ayına qədər iş vaxtından artıq işə cəlb edildiyini, bu işə görə əmək haqqının ödənilmədiyini, bu ödənişin ödənilməsinə köməklik göstərilməsini bildirmiş, lakin qeyd etdiyi dövrlərdə işləməsi ilə bağlı təqdim etdiyi “işə gediş cədvəlləri” adlı sənədlərin surətində bu sənədlərin "xxxx" MMC-yə aid olmasına dair heç bir qeyd aparılmamış, "xxxx" MMC tərəfindən rəsmi (möhürlə) təsdiq olunmamışdır. Habelə İddiaçı tələb etdiyi dövrlərdə işləməyi ilə bağlı əlavə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Bununla yanaşı bildirdi ki, "xxxx" MMC-nin direktoru (işəgötürən) İddiaçı işdən çıxdığı sonuncu iş günü xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 83.2-ci maddəsini pozaraq son haqq-hesab ödəməmiş və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, STP” MMC-nin direktoru (işəgötürən) barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirlən X4 ifadə verərək bildirdi ki, "xxxx"-nin nəqliyyat bölməsində işləmiş, iddiaçı da sürücü olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının 29-da işdən çıxmağa məcbur olduğunu bildirdi. "xxxx"-də nəqliyyatın yanacaq sərfiyyatı üzrə mütəxəssis işləmiş, yanacaq sərfiyyatı üzrə qeydiyyat aparmışdır. Qeyd etdi ki, iddiaçı iş vaxtından artıq saatlarda işləmişdir. Belə ki, iş vaxtı 08:00-dan 17:00-a kimi olmuş, 17:00-dan sonra işləyəndə isə iş vaxtından artıq işləməyə görə əlavə saat hesablanmışdır. Gündüz vaxtı iri həcmli yük maşınlarının şəhərə girişinə qadağa qoyulduğundan, yalnız saat 21:00-dan sonra icazə verildiyindən iddiaçı daha çox axşam vaxtı işləmişdir. "xxxx", təxmini 9 zavodun birləşməsindən ibarətdir və belə ki, iddiaçı gündüz vaxtı zavod daxilində də işləmiş, yük daşımışdır. Bildirdi ki, özü də iş vaxtından artıq saatlarda işləmiş, iş vaxtından artıq saatlarda işləməyi ilə bağlı ona haqq ödənilməmişdir, işdən çıxanda ona 13-cü maaş da verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə "xxxx"-də bir yerdə işləmiş, hər ikisi də sürücü olmuşdur. Hər ikisi gecələr iş vaxtından artıq saatlarda işləmiş, amma iş vaxtından artıq saatlarda işləməkləri ilə bağlı onlara əlavə haqq verilməmişdir. İşlədikləri müəssisə tərəfinfən onlara, iş vaxtından artıq saatlarda işləməkləri ilə bağlı əlavə haqq verəcəkləri bildirilsə də, həmin haqq verilməmişdir. Habelə qeyd etdi ki, bazar günləri də işləmişlər, amma buna görə də əlavə haqq verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, o "xxxx"-də GPS üzrə mütəxəssis işləmiş, habelə aparıcı dispetçer olmuşdur. Məsələn, Sadıq bəyin yük maşını reysə buraxılanda növbəti gün Təranə xanım yük maşınının nə vaxt işdən çıxması və nə vaxt işə qayıtması barədə məlumatları ondan tələb etmişdir. O da Təranə xanıma bu barədə məlumatları verəndən sonra Təranə xanım qeyd edərək əmək haqqının verilməsi üçün lazımi bölməyə göndərmişdir. Qeyd etdi ki, Sadıq bəyə və onun kimi işləyən digər işçilərə işin xüsusiyyəti ilə əlaqədar olaraq səhər, günorta saatlarında şəhərə çıxmağa icazə verilmirdi, gecə saatlarında işləyirdilər. Bbelə ki, Sadıq bəy iş vaxtından artıq saatlarda işləmişdir. Hər yük maşınında GPS olmuş və GPS-dən maşının getdiyi trayektoriya bilinmiş, GPS maşın tərpəndiyi vaxtdan saatı hesablamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 12 dekabr 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki,İddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2019-cu il tarixində (xx.xx.2019-cu ildən xx.xx.2020ci il tarixədək) müddətli əmək müqaviləsi bağlanmışdır. - MŞB/6-6266 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - MN ******* saylı, 12 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı işdən çıxdığı sonuncu iş günü xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 83.2-ci maddəsini pozularaq son haqq-hesab ödənilməmiş və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işəgötürən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - "xxxx" MMC üzrə xx.xx.2022-ci il tarixli, 58-İRD/X №-li əmrdən görünür ki, X6 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-cı il tarixli özünün müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. - 19 may 2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC-də inzibati idarəetmə departamentinin nəqliyyatın istismarı bölməsində 2-ci dərəcəli sürücü vəzifəsində işləyən İddiaçı ərizə ilə müraciət edərək 19 may 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edir ki; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" MMCnin işəgötürəni arasında xx.xx.2019-cu il tarixində (xx.xx.2019-cu ildən xx.xx.2020- ci il tarixədək) müddətli əmək müqaviləsi bağlanmış, X1 departamentinin Avtoparkın idarəolunması şöbəsinin Ağır nəqliyyat və texnikalar bölməsinə 2-ci dərəcəli sürücü(dartıcı) peşəsinə işə qəbul olunmuşdur. X6 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-cı il tarixli özünün müraciəti əsasında cəmiyyətin xx.xx.2022-ci il tarixli 58-İRD/X saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən (tərəflərdən birinin təşəbbüsü ilə) "xxxx" MMC-nin işəgötürəni tərəfindən xitam verilmişdir. İddiaçı "xxxx" MMC-də işlədiyi dövrlərdə 2020-ci ilin avqust ayından 2022-ci ilin aprel ayının sonuna qədər iş vaxtından artıq işə cəlb olunduğun və bu işə görə əmək haqqınıza əlavənin ona tam ödənilmədiyini bildirmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 2020-2022-cı illərin iş vaxtının uçotu tabellərinə, əmək haqqının hesablanması cədvəlinə əsasən yalnız 2020ci ilin yanvar ayından 2020-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq işə cəlb olunduğu və bu dövrlərə görə əmək haqqına əlavənin hesablanması ödənilməsinin təmin edildiyi müəyyən olunmuşdur. 2021-2022-ci illərdə iddiaçının işlədiyi dövrlərdə iş vaxtından artıq işə cəlb olunmağı təqdim edilmiş iş vaxtının uçotu tabellərində və əmək haqqının hesablanması cədvəllərində müəyyən edilməmişdir. İddiaçı Abşeron-Xızı Regional şöbəsinə verdiyi izahatında 2020-ci ilin avqust ayından 2022-ci ilin aprel ayına qədər iş vaxtından artıq işə cəlb edildiyini, bu işə görə əmək haqqının ödənilmədiyini, bu ödənişin ödənilməsinə köməklik göstərilməsini bildirmiş, lakin qeyd etdiyi dövrlərdə işləməsi ilə bağlı təqdim etdiyi “işə gediş cədvəlləri” adlı sənədlərin surətində bu sənədlərin "xxxx" MMC-yə aid olmasına dair heç bir qeyd aparılmamış, "xxxx" MMC tərəfindən rəsmi (möhürlə) təsdiq olunmamışdır, habelə İddiaçı tələb etdiyi dövrlərdə işləməyi ilə bağlı əlavə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin "xxxx" MMC-nin direktoru (işəgötürən), İddiaçı işdən çıxdığı sonuncu iş günü xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 83.2-ci maddəsini pozaraq son haqq-hesab ödəməmiş və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, STP” MMC-nin direktoru (işəgötürən) barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə şahidlərin qeyd etdiklərinə tənqidi yanaşır, belə ki, şahidlər müəyyən səbədlərə görə cavabdeh təşkilatdan işdən azad edilmiş şəxslərdi və onların cavabdehə qarşı münasibətlərdə zidiyyətləri vardır. İddia müddətinin tətbiqinə gəldikdə isə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalara əsasən hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq iş saatlarının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq iş saatlarının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-427/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-427/2023
10.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver