Məhkəmə qərarları › İş №2(060)-4271/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4271/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4271/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcra məmuru X11 qarşı “artıq hesablanmış aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ona əsassız olaraq hesablanmış 8400 manat aliment borcunun ləğv edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Rəsmi nikahdan iki uşaqları vardır. Cavabdehlə müəyyən narazılıqlar yarandığına görə, cavabdeh məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 2 uşağın saxlanması üçün hər 300 manat tutularaq cavabdehə verilməsi qət edilmişdir. Bu qətnamə mövcud olsa da, cavabdeh bu qətnamənin icrasını tələb etməmiş, yenidən barışaraq bir ailə kimi yaşamağa davam etmişlər. Bu müddət ərzində, nəinki uşaqların, həttta cavadehin də saxlanması onun üzərində olmuş, bir ailə kimi mehriban yaşayaraq birgə təsrrüfat idarə etmişlər. Hətta Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi ləğv edilsə də, yenə də bir yerdə yaşamağa davam etmişlər, yenidən nikahlarını rəsmiləşdirməsələr də, cavabdehin öz iştirakı ilə kəbin kəsdirmişlər (həmin kəbin kağızının əsli cavabdehdədir). Bu müddət ərzində tam mehribançılıq üçün hətta atasının mülkiyyətində olub, etibarnamə ilə onun istifadəsində olan avtomaşını da cavabdehin adına keçirmişdir. Bu müddət ərzində valideynləri onlar üçün əlavə tikdikləri Zeynalabdin qəsəbəsi, Ə.Vahid keçəsi, ev 4V ünvanda yerləşən evdə yaşamışlar. Son zaman münasibətlər yenidən pisləşmiş və bu zaman onlar yenidən ayrılmışlar. Bundan sonra cavabdeh qüvvədə olan məhkəmə qətnaməsini əsas gətirərək icra idarəsinə gəlib guya 3 il ərzində onun aliment ödəmədiyini bildirərək həmin dövrlər üçün aliment tələb etməyə başlamışdır. İcra məmuru onu icra idarəsinə dəvət edəndə o, bütün olanlar barədə yazılı izahat vermiş, sənədləri təqdim edib və bildirmişdir ki, bu dövrdə onlar bir ailə kimi yaşamışlar və o, həm uşaqların, həm də cavabdehin bütün tələbatlarını ödəmişdir. Lakin buna baxmayaraq icra məmuru ona xəbərdarlıq edərək həmin müddət üçün 8400 manat aliment borcu olduğunu bildirmiş və bu barədə rəsmi xəbərdarlığı təqdim etmişdir. O, həmin borcun ondan tutulmasının dayandırılmasını xahiş etsə də, icra məmuru bunu etməmiş və borcu onun əmək haqqısına yönəltmiş, hazırda həmin borc 70 faiz miqdarında olmaqla onun əmək haqqından tutulur. Bu isə onun hüquqlarını pozur, bu illər ərzində uşaqların təminatlarını təmin etdiyi halda, yenidən həmin dövr üçün məbləğlər ondan ikinci dəfə tutulur. Bu isə qanunsuzdur. Həmin təyin edilmiş aliment cavabdehə görə deyil, iki uşağın saxlanması üçün təyin edilmişdir. O, da bu dövr ərzində uşaqların bütün tələbatlarını təmin etmiş, cavabdehlə bir ailədə yaşamışlar, hətta cavabdehin də maddi tələbatlarını qarşılamışdır. Əgər o, cavabdehlə bir ailədə yaşayıb birgə təsərrüfat idarə etməsəydi, uşaqların maddi tələbatlarını ödəməsəydi, cavabdeh bu illər ərzində çoxdan icra məmurundan alimentini tələb edərdi və onun barəsində tədbir görülərdi. Lakin bu müddət ərzində cavabdeh bir dəfə də olsun aliment barədə icra məmuruna müraciət etməyib və aliment tələb etməyib. Bu hallar da sübut edir ki, o, uşaqların saxlanması üçün bütün xərcləri qarşılamışdır. Bu aliment də məhz uşaqların saxlanması üçün ondan alınmalıdırsa, o, bu məbləği, hətta ondan artığını ödəmişdir. Bu halda cavabdehin həmin məbləği ikinci dəfə ondan tələb etməsi əsassızdır və bu aliment borcu göstərilən hallara əsasən silinməlidir. Məhkəmədə İddiaçı və nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh qızı iddia tələbini qəbul etməyərək göstərdi ki, 2008-ci ildə onlar ailə həyatı qurmuşlar. Cəmi 1 il normal münasibətləri olmuşdur. İddiaçı hər dəfə onu döymüş, təhqir etmişdir. O, dəfələrlə şikayət ərizəsi vermişdir. Lakin cavabdehin anasının xahişi ilə onlardan imtina etmişdir. Evə baxmadığına görə o, aliment tələb etmişdir. O, özü işləyib uşaqlarına elə baxmışdır. Aliment kəsildikdən sonra onların münasibətləri daha da pisləşmişdir. Hər dəfə karta pul vuranda ona zülm etmişdir. O, illərlə uşaqlarına görə iddiaçıya dözmüşdür. Uşaqlarına əl qaldırdıqdan sonra iddiaçıdan boşanmaq qərarına gəlmişdir. Boşansalarda onlar bir evdə yaşamışlar. Son hadisələrdən sonra iddiaçı evdən polis vasitəsi ilə çıxarılmışdır. Eyni zamanda iddiaçının ona verdiyi avtomobilin dəyərini ödədiyi üçün maşın onun adına keçmişdir. Məhkəmədə şahid X8 bildirdi ki, iddiaçı onun oğlu, cavabdeh keçmiş gəlini olub. Tərəflər boşansalarda, sonradan bir yerdə yaşamışdılar. Onlar nikahları pozulduqdan sonra iki il bir yerdə yaşamışdırlar. O, oğluna dəfələrlə aralarında barışıq olmasına baxmayaraq yaranmış aliment borcunu ödəməsini bildirmişdir. Bir müddət sonra cavabdeh iddiaçı barəsində yaranmış aliment borcuna görə polisə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehlə yaşadığı iki il ərzində uşaqların və cavabdehin maddi və mənəvi təminatını ödəmişdır. Eyni zamanda atasına məxsus maşını iddiaçı cavabdehə bağışlamışdır. Məhkəmə iddiaçı və nümayəndəsini, cavabdehin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsi 2(060)-6629/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 1096 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması və xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 iddiaçı Cavabdeh ilə qalması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, onun aliment borcu aprel ayı daxil olmaqla 8400 manat təşkil edir və könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacaqdır. İş materiallarında olan Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olmuş “Chevrolet Cobalt markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2021-ci il tarixdə Cavabdeh Zakir qızının adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. İşdə olan AD №643894 dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cobalt” minik markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X2r. İşə əlavə olan xx.xx.2023- cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, Cavabdeh keçmiş əri Sərvərin barəsində olunan şikayət əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:09 radələrində DİN-nin 102 qaynar xəttinə ünvanladığı müraciət əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. İşdə olan Cavabdeh 2-ci polis bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, hazırda yaşadığı ev qaynatası X3 məxsusdur. Zakir Mahmudov onu evdən çıxartmayacağı təqdirdə, nəvəsi, oğlu və keçmiş əri X5 ona olan 7800 (yeddi min səkkiz yüz) manat aliment borcunu istəmir. Sərvərin onun yaşadığı evdən çıxması şərti ilə ondan 2023-cü ilin yanvar ayının 1-dən dövlətin uşağa kəsdiyi 300 (üç yüz) manat pulunu ödəməsini tələb edir. Sərvər yenədə onunla yaşamaq üçün evinə gəlsə ondan əvvəlki aliment borcunu da tələb edəcəkdir. Hal-hazırda onun keçmiş əri Sərvərə qarşı heç bir şikayət, iddia və maddi tələbi yoxdur. Odur ki, xx.xx.2023-cü il tarixdə 102 qaynar xəttinə etdiyi müraciət əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2023-cü il tarixində, 10:00 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən və flaşkartdan da görünür ki, tərəflər rəsmi qaydada nikahları pozulsada, faktiki olaraq iki il bir ünvanda yaşayaraq birgə təsərrüfat aparmışlar və həmin müddət ərzində cavabdeh tərəfindən heç bir aliment tələbi olmamış, eyni zamanda cavabdehin iş materiallarında olan ərizəsindəndə görünür ki, o, iddiaçının 7800 manat qalan aliment borcundan imtina etmişdir. Eyni zamanda iddiaçı aliment borcunun əvəzi olaraq atasına məxsus avtomaşını cavabdehə bağışlamışdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər boşanandan sonra birgə yaşadıqları dövrdə İddiaçı tərəfindən ailəsi üçün İrşad mağazalar şəbəkəsindən soyuducu, cavabdehin adına olan Samsunq A515 mobil telefonu almışdır. Həmin fakt məhkəmə iclası zamanı cavabdeh tərəfindən inkar edilməmişdir. Məhkəmə tərəfindən 12056/20 saylı İcra işi nəzərdən keçirilən zaman müəyyən edildi ki, Cavabdeh tərəfindən 11 yanvar 2023-cü il tarixədək İddiaçı tərəfindən uşaqların saxlanılması üçün alimentin verilməməsi barədə heç bir şikayəti və ya ərizəsi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçının 8400 (səkkiz min dörd) yüz manat aliment borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı əsassız olaraq hesablanmış 8400 (səkkiz min dörd yüz) manat aliment borcu ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar