Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4349/2024 06.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, birgə nikahdan anadan olmuş övladları - 05 yanvar 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat və 05 yanvar 2024-cü il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 100 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 may 2022-ci il tarixdə nikaha daxil olmuş və nikahları Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1369 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından bir övladları - 05 yanvar 2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Birgə nikah dövründə cavabdehlə münasibətləri əvvəlcə yaxşı olsa da, daha sonra pisləşmişdir. Hazırda cavabdehlə ayrı yaşayır və uşaqlarının saxlanması üçün ona heç bir köməklik etmir. O isə uşaqlarının maddi ehtiyaclarını qarşılamaqda çox çətinlik çəkir. Bu səbəbdən hesab edir ki, uşaqlarının saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Həmçinin qeyd edir ki, mediasiyaya müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə 03 iyun 2024-cü il tarixli arayış təqdim edilmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Övladı 6 aylıqdır. Onun saxlanmasında çətinlik çəkir. Buna görə uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment təyin edilməsini istəyir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Məktəbdə işləyir. Aylıq əmək haqqı 295 manatdır. İddiaçı əvvəlki məhkəmə iclasında obyekti olduğunu bildirsə də, həmin yerdə məişət avadanlıqlarını təmir edir. Böyük məbləğdə gəliri yoxdur. Əvvəlki nikahından iki övladı vardır. Onların yetkinlik yaşına çatana qədər saxlanması üçün 150 manat məbləğində aliment ödəyir. Maddi imkanı yol verdiyi qədər iddiaçı ilə birgə nikahdan olan övladının yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment ödəyəcəkdir.
Tədqiq olunan sübutlar:
5. AZ-İİ 505753 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 30 may 2022-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1369 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Nəsirova” soyadı verilmişdir.
6. AZ-İV 966871 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.
7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
8. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş “Qohumluq məlumatları”ndan görünür ki, Cavabdeh X3 və X6 adlı başqa övladları da vardır.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
13. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə Nəsirova (Orucova) Aygün Təhməddin qızı arasında 30 may 2022-ci il tarixdə Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Onların birgə nikahdan bir yetkinlik yaşına çatmayan övladları vardır. Hal-hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasına laqeyd münasibətinin olmasını bildirərək yetkinlik yaşına çatmayan uşağına görə 235 manat sabit pul məbləğində alimentin təyin edilməsini və üç yaşına çatanadək hər ay 100 manat miqdarında pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.
16. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
17. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
18. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
20. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi.
21. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).
22. Məhkəmə eyni zamanda cavabdehin az gəlir əldə etməsi dəlilinə münasibətdə qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər.
23. Bundan başqa elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarına əsasən cavabdehin X3 və X6 adlı başqa övladları da vardır.
24. Məhkəmə qeyd edir ki, cavabdehin digər nikahdan olan uşağının qanunla qorunan mənafeləri iddiaçı ilə nikahından olan uşağının mənafeyindən üstün deyildir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Məhkəmə hər iki nikahdan olan uşaqların mənafelərini eyni dərəcə qorumağa çalışmalıdır.
25. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir.
26. İddiaçı alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə 06 iyun 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 06 iyun 2024-cü ildən hesablanmalıdır.
27. Məhkəmə iddianın X1 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentdən əlavə 100 manat məbləğində pul tutulmasına dair hissəsinə münasibətdə bildirir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
28. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
29. Qeyd olunan normanın məzmunundan göründüyü kimi ər-arvadın uşağın doğulduğu andan üç il ərzində bir-birinə maddi cəhətdən kömək etməsi onların bunun üçün zəruri vəsaitə malik olduqları halda mümkündür. Lakin hazırki işdə iddiaçı tərəfindən məhkəməyə cavabdehin ona maddi cəhətdən kömək etməsi üçün zəruri vəsaitə malik olduğunu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
31. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci cavabdehdən alınaraq ona ödənilməlidir.
33. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
34. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 44 (qırx dörd) manat məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci xərci alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu qismində 45 (qırx beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva