Məhkəmə qərarları › İş №2(060)-4367/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4367/2022

22.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4367/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İdidaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2011-ci ildə Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı 2 övladları vardır. Uşaqlarından xx.xx.2004-cü il təvəllüdlü oğlu X5 artıq yetkinlik yaşına çatmışdır. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmişdir. İddiaçı ailənin dağılmasını istəmir bu səbəbdən də nikahın pozulması yox, ancaq aliment tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehlə ailə münasibətləri pozulsa da birgə yaşayırlar. Buna baxmayaraq Cavabdeh iddiaçıya və uşaqlarına baxmır. İddiaçı cavabdehin anası ilə birlikdə yaşayır. O da xəstə və çarəsiz insandır. Onun da müalicəyə ehtiyacı var. Lakin Cavabdeh heç anasına da köməklik göstərmir. Evə, uşağına baxmır. Bəzən günlərlə evə gəlmir. Hal-hazırda cavabdeh Əzimov X3 şirkətində işləyir və aylıq əmək haqqı normaldır. Əmək haqqını kart vasitəsi ilə alır. İddiaçı olaraq İddiaçı isə heç bir yerdə işləmir, eyni zamanda digər gəlir yeri yoxdur. Buna görə də oğlunun maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Çünki onun gündəlik tələbatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin iddiaçı işləmədiyinə və digər gəlir yeri olmadığına görə bu mümkün deyildir. Bütün öhdəliklər iddiaçının üzərində qalmışdır. Halbuki, uşaqlarının saxlanılması üçün onun tələbatını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. Ona görə də, aliment almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi. Bildirdi ki, cavabdeh özü də iddia tələbi ilə razıdır. Lakin uşaqların saxlanılmasında lazımi qədər iştirak etmir. Ona görə də alimentin bu qaydada ödənilməsini xahiş etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini, bir uşağın saxlanması üçün arvadı İddiaçı 300 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 70 № ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı övladları vardır. - № MŞB/6-2592 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə rəsmi qaydada xx.xx.2011-ci ildə Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Nikah dövründə xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı 2 övladları vardır. Uşaqlarından xx.xx.2004-cü il təvəllüdlü oğlu X5 artıq yetkinlik yaşına çatmışdır. İddiaçı ailənin dağılmasını istəmir bu səbəbdən də nikahın pozulması yox, ancaq aliment tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı oğlunun maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianı araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, eləcə də aliment verməyə borclu olan valideynin qazancının müntəzəm olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddianı etiraf etdiyindən aliment 300 manat sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 07 iyun 2022-ci il tarixdən etibarən xx.xx.2018-ci il il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment cavabden Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, hazırda cavabdeh tərəfindən ödəniləcək aliment məcmusu aylıq 300 manat təşkil etdiyindən, bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatdan 10000 manatadək olduğu üçün (hazırki halda 300x12=3600) qanunvericiliyin tələbinə əsasən 56 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. 07 iyun 2022-ci il tarixdən etibarən xx.xx.2018-ci il il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment cavabden Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın verilməsinə görə ödənilməli olan 56 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hisədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar