Məhkəmə qərarları › İş №2(060)-441/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-441/2024

08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-441/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Neftçala rayonu, Boyat kənd İnzibati Ərazi Nümayəndəliyində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 dekabr 2012-ci il tarixdə 15 nömrə ilə nikah qeyd edilmişdir. Onların birgə nikah münasibətlərindən iki uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi odur ki, cavabdehlə ilk vaxtlar mehriban yaşasalar da, sonradan xasiyyətləri tutmamış, bir-birlərini başa düşməmişlər. Daima aralarında sözsöhbət, narazılıq, dava-dalaş baş vermişdir. Belə ki, cavabdeh "xxxx" ASC-nin Neftçala Su İdarəsində suvaran fəhlə işləyib əmək haqqı almasına, şəxsi traktoru ilə əkin-biçinlə məşğul olmasına, şəxsi avtomobilləri, torpaqları olmasına, torpaq sahəsində yonca əkib, kənd təsərrüfatı ilə məşğul olmasına (ildə 3000-4000 manat civarında gəlir əldə etməsinə), ən əsas ailəni və uşaqlarını saxlamaq üçün qazancını (digər gəlirlərini) onun həmin evdə yaşamaq istəyib-istəməməsini soruşmadan “pul vermirəm, ev almışam, ora pul ödəyirəm” deyib ailəsinə və uşaqlarına xərcləməmişdir. Bir sözlə cavabdehin arvadı olaraq cavabdehin qazancını görmür. Hətta maaş kartı atasındadır. O işləmədiyindən cavabdehdən, qaynatasından heç olmasa cavabdehin maaş kartını onlara verməsini xahiş etməyinə baxmayaraq nəticəsi olmamışdır. Hal-hazırda ona məlum olmuşdur ki, cavabdehin aldığı və guya pulunu ödədiyi ev mübahisəlidir. Ev sahibi evini tələb edir. Qeyd edir ki, işləmir, özünün, uşaqlarının ehtiyaclarını çox çətinliklə atasının köməkliyi ilə təmin edir. Halbuki, atası çox xəstədir. İkinci qrup əlildir. Onun xərclədiyi pula özünün, ailəsinin ehtiyacı vardır. Hesab edir ki, cavabdeh bir valideyn – ata, ər kimi ailəsinin ehtiyaclarını təmin etməli, qazancını ailəsinə xərcləməlidir. Lakin cavabdeh dəfələrlə bu zəmində ailədə dava-dalaş olmasına baxmayaraq özünə nəticə çıxarmamış, maaş kartını ailənin istifadəsinə verməmiş, hətta verməkdən qəti şəkildə imtina etmiş, könüllü olaraq maddi yardım göstərməmişdir. Oğlu Sənan xəstədir. Mütəmadi olaraq müayinə, müalicə olunur. Dərman pereparatları qəbul edir. Bəzən elə olur ki, həkim resept yazmasına baxmayaraq maddi imkansızlıqdan uşağın dərmanlarını vaxtında ala bilmir. Həmçinin onu müalicə etdirə bilmir. Cavabdehdən pul istəyəndə açıqca pul verməkdən imtina edir. Ona görə də cavabdehi məhkəməyə verib ondan ailment tələb edəcəyini bildirmiş və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh o, İddiaçı xeyrinə iki uşağın, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, xx.xx.2023-cü il tarixdən (cavabdehə təklifin təqdim olunduğunu tarixdən) başlayaraq hər bir uşaq üçün hər ay ödənilmək şərtilə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində, cəmi 440 (dörd yüz qırx) manat məbləğində alimentin və onlar tərəfindən dövlət rüsumu olaraq ödənilmiş mediasiya (50 manat dövlət rüsumu + 5 manat kargüzarlıq) və sənəd təsdiqi üçün notariat (15 manat dövlət rüsumu) xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılması və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsinin birinci abzasında və xahiş etdi hissəsində xx.xx.2016-cı il təvəllüdlü X3 ata adının Məmməd kimi oxunması, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimen tələbinə dair” iddia ərizəsinin təmin edilərək, Cavabdeh o, İddiaçı xeyrinə, iki uşağın, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2023-cü il tarixdən (cavabdehə təklifin təqdim olunduğu tarixdən) başlayaraq hər bir uşaq üçün hər ay ödənilmək şərti ilə 250 (iki yüz əlli) manat sabit pul məbləğində, cəmi 500 (beş yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən onun ünvanına göndərilmiş məktub 20 noyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə ona təqdim olunaraq zərfə möhür vurulmuşdur. Zərfi aldığı gün ona məlum olmuşdur ki, hazırda yuxarıda qeyd etdiyi ünvanda uşaqları ilə birlikdə onunla yaşayan arvadı Abbasova (Novruzova) Fəridə Məhəmməd qızı ona qarşı Sumqayıt Şəhər Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış və hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bu hal onda kifayət qədər şübhələr yaratmaqla ailə bağlarının zəifləməsinə gətirib-çıxartmaqdadır. Qeyd edir ki, məhkəmə bildirişi xx.xx.2023-cü ildə, iddia ərizəsi isə 18 oktyabr 2023-cü ildə tərtib edilib ona göndərilsə də iddia ərizəsini “imzalayan arvadı” bu tarixlərə kimi və sonra onun yanından ayrılmamış, ondan icazəsiz evdən kənara çıxmamışdır. Uşaqları da daim onunla birlikdə yaşadığından və Neftçala rayonu, Xıllı qəsəbə tam orta məktəbində təhsil aldığından onların maddi tələbatı onun tərəfindən müntəzəm olaraq bir ailə başçısı kimi təmin olunmuşdur. Belə olan halda ona qarşı əsassız iddia tələbinin Sumqayıt Şəhər Məhkəməsində qaldırılması və ərizənin birlikdə yaşadığı arvadı Fəridə Abbasova (Novruzova) tərəfindən imzalanması onda kifayət qədər əsaslı şübhələr yaratmışdır. Hər zaman ailə işlərinə davamlı müdaxilə edən qaynanası isə Sumqayı Şəhərində yaşayır. Lakin bu tələbdən xəbəri olmadığını bildirir. Məhkəmədən bu faktın araşdırılması üçün göstəriş verilməsini xahiş etmişdir. Əlavə olaraq iddia ərizəsinin məzmununa münasibət bildirərək qeyd edir ki, Fəridə Abbasova (Novruzova) ilə birgə nikahlarından Sənan və Sinan adlı iki uşaqları doğulmuşdur. Uşaqlar Neftçala rayonu, Ballıcalı kəndində onun himayəsində yaşayırlar. Arvadı Fəridə həmin kəndə atası evinə gəlin köçmüş və onlar xeyli müddət orada yaşamışlar. Uşaqlar da atası evində yaşadıqları müddətdə dünyaya gəlmişdir. Bir ildən artıqdır ki, yoldaşının təkidi ilə qonşuluqda satılan rəsmi sənədi olmayan evi şifahi razılaşma ilə alıb orada yaşayırlar. İddia tələbində qeyd edilən avtomobil etibarnamə əsasında atasının istifadəsində olmaqla təmir edilməklə özünə məxsusdur. Özü "xxxx" ASC-nin Neftçala Su İdarəsində fəhlə işləməklə ailəni dolandırır. Hesab edir ki, iddia tələbi ona qarşı qərəzli və ədalətsizlik nümayiş etdirməklə məqsədli şəkildə ailəni dağıtmaq məqsədi daşıyır. İddiaçı faktiki olaraq onunla birlikdə yaşadığı halda Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Qanunvericiliyin tələbinə əsasən iddiaçı o halda qeydiyyat ünvanı üzrə nikahın pozulması və aliment tələbi irəli sürə bilər ki, himayəsində azyaşlı uşaqları və sair hallar olsun. Uşaqlar isə onun himayəsində olduğu və burada təhsil aldıqları halda iddia tələbinin Sumqayıt Şəhər Məhkəməsində baxılması yolverilməzdir. Uşaqlarının eyni zamanda arvadının ondan ayrı yaşaması və onun ailənin ehtiyaclarını təmin etməməyi iddiaçı tərəfindən heç bir sənədlə və hallarla sübuta yetirilmir. Bu səbəbdən iddia tələbində qeyd edilənlərin hüquqi əsası olmamaqla qərəzli və məqsədli xarakter daşımaqlar eyni zamanda (imzada) saxtakarlığa səbəb olmaqla və aidiyyat qaydalarının pozulması ilə icraata götürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, himayəsində iki azyaşlı uşağı olduğundan məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmir. O iddiasını müdafiə edir. Məhkəmə iclasının isə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Nefçala rayon Boyat kənd İnzibati ərazi nümayəndəliyi tərəfndən verilmiş 09 noyabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 779277 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin noyabr ayının 09-cu günündə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada isə Abbasova soyadı verilmişdir. Nefçala rayon Boyat kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Nefçala rayon Boyat kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02147 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən məktub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Neftçala rayon Təhsil Nazirliyi Neftçala Rayon Təhsil Sektoru R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş 28 may 2023-cü il tarixli, 57 nömrəli arayışdan görünür ki, X7 hal-hazırda Neftçala rayonu, Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin ikinci sinfində oxuyur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Neftçala rayon Təhsil Nazirliyi Neftçala Rayon Təhsil Sektoru R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş 28 may 2023-cü il tarixli, 58 nömrəli arayışdan görünür ki, X6 hal-hazırda Neftçala rayonu, Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin ikinci sinfində oxuyur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışın gəlir məlumatları bölməsindən görünür ki, Cavabdeh "xxxx" ASC-də qurğu operatoru vəzifəsində işləməklə aylıq 395 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız aliment öhdəliyinin olması baxımından iddia tələbini müdafiə etməsinə baxmayaraq tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrinin əsasları ilə bağlı heç bir mötəbər sübutu məhkəmə müdafiəsinin predmeti olmamışdır. Bu baxımdan işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Tərəflər təqdim etmədiyi təqdirdə işdə olan mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Belə ki, iddiaçının hər uşaq üçün 250 manat məbləğində tələb etməsinə baxmayaq onu təsdiq edən sübutları təqdim etməməsi, eyni zamanda cavabdehin hər uşaq üçün 250 manat ödəmək iqtidarında olmamasını qeyd etməsinə baxmayaraq qeyd olunanlar təsdiq olunmadığından məhkəmə bu qənaətə gəlir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, cavabdehin əmək haqqına uyğun alimentin müəyyən edilməsinin uşaqların mənafeyinə təsir göstərməsi baxımından, uzun müddət birlikdə yaşamaqlarını, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumillikdə 280 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 06 noyabr 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 noyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat, ümumillikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı verilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar