Məhkəmə qərarları › İş №2(060)-4437/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4437/2022

25.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4437/2022 25.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay onun xeyrinə bir uşağın saxlanması üçün 150 (yüz əlli) manat olmaqla üç uşağın saxlanması üçün cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə əvvəlcə faktiki, xx.xx.2011 -ci il tarixdə isə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı üç övladları var. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (hakim: T.N.Mahmudova) ilə iddiası təmin edilərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2011 -ci il nikahın pozulması, uşaqların onun himayəsində qalması qət edilmişdir. O, övladlarına baxır, onların qayğısını çəkir. Lakin, maddi sıxıntıları var. Hələki heç bir yerdə işləmir. Maddi təlabat qiymətlərinin qalxması və uşaqların artan xərclərini artıq qarşılaya bilmir. Hesab edir ki, cavabdeh valideyn kimi öz vəzifələrini icra etməli və uşaqların saxlanılmasında iştirak etməlidir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh hər ay onun xeyrinə bir uşağın saxlanması üçün 150 (yüz əlli) manat olmaqla üç uşağın saxlanması üçün cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə 2011-ci ilin aprel ayında nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından üç övladları var. Hazırda iddiaçı ilə araların olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. O, övladlarının saxlanmasından boyun qaçırmır. Lakin tələb olunan məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Onun aylıq gəliri çox aşağıdır. Lakin buna baxmayaraq, o, uşaqları üçün hər birinə 100 manat olmaqla ümumilikdə 300 manat aliment ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİİ № 243367 saylı, xx.xx.2014-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 205 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 484823 saylı, xx.xx.2015-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 601 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 065412 saylı, xx.xx.2013-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1392 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 223171 saylı, xx.xx.2016-cı il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah xx.xx.2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022-ci il tarixində, 09:00-09:10 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin medasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2022-ci il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki halda xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən təmin edilərək bu məbləğ hər uşağa 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 10 iyun 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 10 iyun 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat rüsum alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar