Məhkəmə qərarları › İş №2(060)-4476/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4476/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4476/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh rəsmi nikahımızdan anadan olmuş 10 mart 2018-ci il təvəllüdlü X3 və 18 noyabr 2020-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 175 manat sabit pul məbləğində alimentin, həmçinin 18 noyabr 2020-ci il tarixdə doğulmuş X2 3 yaşına çatana kimi qulluğa görə hər ay 196 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 may 2017-ci ildə faktiki nikaha daxil olmaqla evlənmişlər. Nikahlarını 22 yanvar 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahdan iki uşaqları-10 mart 2018-ci il təvəllüdlü X3 və 18 noyabr 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə evləndikləri ilk vaxtlar mehriban yaşasalar da son vaxtlar münasibətləri tamamilə korlanmışdır. Məhz buna görə artıq 10 aprel 2021-ci il tarixindən faktiki olaraq ayrı yaşayırlar və onunla bütün ər-arvad münasibətləri kəsilmişdir. Birgə nikahdan anadan olmuş uşaqların hər ikisi onun yanındadır. Cavabdeh onunla ayrıldıqdan sonra həmin vaxtdan bir daha uşaqları ilə maraqlanmamış, daimi iş yeri olmasına və əlavə olaraq fərdi əməklə məşğul olmasına, maddi imkanı yaxşı olmasına və qazancı yüksək olmasına baxmayaraq, uşaqların saxlanılması üçün ona yardım göstərməmişdir. Uşaqlar azyaşlı olduğuna görə özü heç bir yerdə işləyə bilmir. Valideynlərinin cüzi qazancı uşaqların saxlanılmasına kifayət etmir. Uşaqların sağlam böyüdülərək tərbiyə edilməsi üçün maddi yardıma, yəni alimentə ehtiyacı var. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir, hər ay uşaqların saxlanılması üçün hər uşağa görə 100 manat məbləğində aliment ödəyə bilər. Hazırda AR DİN Baş Mühafizə İdarəsində mühafizəçi vəzifəsində işləyir, əmək haqqı aylıq 350 manat təşkil edir. İddia tələbini qalan hissədə qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İİ seriyalı 250772 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 22.01.2018-ci il tarixdə 162 saylı nikah qeydi ilə nikah bağlanmış, qadına Bağıyeva soyadı verilmişdir. AZ-İV seriyalı 531408 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 18.11.2020-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV seriyalı 098755 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 10.03.2018-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ, habelə cavabdehin iddianı qismən etirafı, cavabdehin əmlak vəziyyətini nəzərə alınaraq ağlabatan məbləğ həddində müəyyən edilməklə, 28 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh 10.03.2018-ci il təvəllüdlü X1 və 18.11.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəyə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə uşağın azyaşlı olmaqla qulluğa ehtiyacının olmasını və bu səbəbdən iddiaçının işləməməsini, o cümlədən əmlak vəziyyəti ilə bağlı halları nəzərə alaraq hesab edir ki, 18.11.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən cavabdehin qazancının 350 manat həddində olmasını, cavabdehin digər gəlirlərinin olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini, iddia edilən həcmində alimentin tutulmasının cavabdehin özünün minimum dolanışıq xərclərindən məhrum edilməsi ilə nəticələnməklə əlverişsiz vəziyyətin yaranmasına səbəb olacağı ilə bağlı halları və tərəflər arasında ədalətli tarazlığın təmin edilməsini nəzərə alır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 84-cü maddəsi bu Məcəllənin «Ailə üzvlərinin aliment öhdəlikləri» adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan uşağın doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfdən aliment tutulması həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq 28.04.2021-ci il tarixdən hesablanmalıdır. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə MPM-nin 234-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, istər uşağın saxlanılması, istərsə də uşağın doğulduğu gündən üç il ərzində ər-arvadın bir-birini saxlamaq vəzifəsi ilə bağlı pul tutulması ümumilikdə aliment öhdəliklərinə aid edildiyindən məhkəmə qətnaməsi hər iki tələblə bağlı alimentin tutulması hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 28 aprel 2021-ci il tarixdən başlayaraq 10.03.2018-ci il təvəllüdlü X1 və 18.11.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 18.11.2020ci il təvəllüdlü X5 3 yaşına çatana kimi ananın saxlanılması üçün 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar