Məhkəmə qərarları › İş №2(060)-4520/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4520/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4520/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "cehiz əmlaklarının mənzildən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "cehiz əmlaklarının mənzildən çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı 2009-cu ilin dekabr ayından faktiki nikah münasibətlərində olmaqla, nikahları xx.xx.2014-cü il tarixdə qeydə alınmış, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Fatimə, xx.xx.2019-cu il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. Cavabdeh 2009-cu ildən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçmüşdür. Mübahisəli mənzil xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı qardaşı X1 adına qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən qardaşı tərəfindən ona bağışlanmış və adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi İddiaçıdur. Tərəflər uzun müddət mübahisəli mənzildə birlikdə yaşadıqdan sonra 2021-ci ildə ailə münasibətləri pozulmuş, Cavabdeh uşaqları ilə birlikdə mənzili tərk edərək, valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4326/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması qət edilmişdir. Daha sonra, iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə istifadə hüququnun itirilməsi ilə bağlı qarşılıqlı iddia vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4997/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, Cavabdeh həmin vaxtdan 4-5 ay öncə mənzildən çıxmış və tərəflər hazırda bir yerdə yaşamırlar. Cavabdehnm mübahisəli mənzilə istifadə hüququ olmadığından həmin mənzilə köçürülə bilməz. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar isə məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanıldığından onların yaşayış yeri analarının yaşayış yeri sayılır. İlk iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3768/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddiaçı Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2792/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 105)-1729/2022 nömrəli, 19 oktyabr 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia təmin edilərək, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi və bu mənzildə istifadə hüquqlarının 4 il müddətinə saxlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1729/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilk iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsində dəyişdirilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən istifadə hüququ 2 il müddətinə saxlanılmışdır. Daha sonra, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul kompensasiyası verməklə cavabdehin ona məxsus Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4A, mənzil 8-ə dair azyaşlı uşaqları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2025-ci tarixli 2(060)-81/2024 saylı qətnaməsi ilə iddi tələbi təmin edilərək, Cavabdeh və onun azyaşlı övladlarının Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4A, 8 saylı mənzilə olan 2 il istifadə hüquqlarına İddiaçı tərəfindən onlara 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə xitam verilmişdir. Baş verənlərdən sonra iddiaçı nəinki cavabdehi ümumiyyətlə onun əşyalarını da öz evində görmək istəmir. Bununla əlaqədar olaraq bir neçə dəfə cavabdehə müraciət edərək cehiz əmlaklarının mənzildən çıxarılmasını xahiş etsə də, cavabdeh iddiaçının xahişinə məhəl qoymamışdır. Artıq iddiaçı ilə heç bir ailə bağlılığı qalmayan cavabdehə məxsus cehiz əşyalarının onun evində qalması düzgün deyil. Cavabdehin cehiz əşyaları iddiaçının mənzilində xeyli yer tutmaqla iddiaçının öz evində rahat yaşamağına imkan vermir. Cavabdehə məxsus cehiz əşyaları bunlardır: komot-1 ədəd, çarpayı taxt-1 ədəd, güzgülü termo-1 ədəd, paltar dolabı-1ədəd, güzgülü termo-1 ədəd, stol (masa)-1 ədəd, stul (masa)- 6 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd, yemək dəsti serviz-1 ədəd (24 parça), çay dəsti serviz-1 ədəd, qrafin-1 ədəd +6 ədəd stəkan, gülqabı-1 ədəd xurustal, lampa-1 ədəd, meyvə qabı-1 ədəd, konfet qabı-2 ədəd, lotqa-2 ədəd şüşə, qənd qabı- 4 ədəd şüşə, ləpə qabı-3 ədəd, sok stəkanı- 18 ədəd, mürəbbə qabı-6 ədəd, boşqab-23 ədəd, kasa-24 ədəd, qaşıq dəsti çamadan-1 ədəd, duz qabı-4 ədəd, şirniyyat qabı-1ədəd, armudu stəkan-16 şüşə, tefal çaynik ikili-1 ədəd, qazan dəsti-6 ədəd, ədyal-3 ədəd, kuxna dəsmalı-4 ədəd, can dəsmalı -7 ədəd, əl-üz dəsmalı-7 ədəd, çay dəsmalı-11 ədəd, yataq dəsti (pastel)-4 ədəd, yastıq üzü -9 ədəd, işlənmiş yorğan üzü-6 ədəd, uşaq çarpayısı-1 ədəd, döşək- 2 ədəd, taxt döşəyi-1 ədəd, yorğan-5 ədəd, yastıq-5 ədəd, tozsoran -1 ədəd, ətçəkən maşın-1 ədəd, döşəkcə-7 ədəd, rumka-6 ədəd, xalça-2 ədəd böyük+1 ədəd balaca, doroşqa-2 ədəd, divan kreslo üstü-1 ədəd, pərdə-2 ədəd, pakrival-1 dəst, çörək qabı-1ədəd, çilçıraq-3 ədəd, sintifon yastıq-6 ədəd. Göstərilənlərə əsasən Cavabdeh məxsus yuxarıda qeyd olunan cehiz əmlaklarının iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən öz hesabına çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-81/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh və onun azyaşlı övladlarının Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4A, 8 saylı mənzilə olan 2 il istifadə hüquqlarına İddiaçı tərəfindən onlara 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir.

7. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1009/2023 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1729/2022 nömrəl iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilk iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsində dəyişdirilməsi, Cavabdeh Suqmayıt şəhəri, məhəllə 41 a, ev 4a ünvanında yerləşən 8 saylı mənzildən istifadə hüququnun 2 il müddətinə saxlanılması qərara alınmışdır.

8. Həmin qərardan görünür ki, Cavabdeh ilə İddiaçı 2009-cu ilin dekabr ayından faktiki nikah münasibətlərində olmaqla, nikahları xx.xx.2014-cü il tarixdə qeydə alınmış, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Fatimə, xx.xx.2019-cu il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. Mübahisəli mənzil xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı qardaşı X1 adına qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı tərəfindən ona bağışlanmış və adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi İddiaçıdur.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-01021 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və cavabdeh iddiaçıya məxsus mənzilə köçmüş, iddiaçı ilə cavabdeh arasında nikah pozulduqdan sonra cavabdeh həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı cavabdehə məxsus əşyaların ona məxsus mənzildən çıxarılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmətyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

13. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

14. Göründüyü kimi iddiaçının mənzilində olan əşyalar cavabdehin cehiz əşyaları olmaqla, ona məxsusdur.

15. Bundan əlavə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehə məxsus əşyaların iddiaçının evində qalması iddiaçının mülkiyyətçi kimi öz mənzilindən istifadə etməsində məhdudiyyətlər yaradır. Nəticədə bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

16. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Cavabdeh etirazının əsası kimi ona məxsus əşyaların-“Samsung” markalı mikro dalğalı sobanın, “Samsung” markalı nofros soyuducunun, “TCL” markalı kondisionerin, “LG” markalı paltaryuyanın, şirəçəkənin, ətçəkənin, simfer elektrik sobanın sözügedən mənzildə olmasını qeyd etsə də, lakin qeyd edilən əşyalardan ətçəkən və şirəçəkəndən başqa digər əşyaların iddiaçıda olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

20. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

21. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları-komod (1 ədəd), çarpayı taxt (1 ədəd), güzgülü termo (1 ədəd), paltar dolabı (1ədəd), güzgülü termo (1 ədəd), stol (masa) (1 ədəd), stul (masa) (6 ədəd), divan (1 ədəd), kreslo (2 ədəd), yemək dəsti serviz (1 ədəd) (24 parça), çay dəsti serviz (1 ədəd), qrafin (1 ədəd) + 6 ədəd stəkan, gülqabı (1 ədəd) xrustal, lampa (1 ədəd), meyvə qabı (1 ədəd), konfet qabı (2 ədəd), lotqa qab (2 ədəd) şüşə, qəndqabı (4 ədəd) şüşə, ləpə qabı (3 ədəd), meyvə şirəsi stəkanı- (18 ədəd), mürəbbə qabı (6 ədəd), boşqab (23 ədəd), kasa (24 ədəd), qaşıq dəsti çamadan (1 ədəd), duz qabı (4 ədəd), şirniyyat qabı (1 ədəd), armudu stəkan (16 şüşə), tefal çaynik ikili (1 ədəd), qazan dəsti (6 ədəd), ədyal (3 ədəd), mətbəx dəsmalı (4 ədəd), can dəsmalı (7 ədəd), əl-üz dəsmalı (7 ədəd), çay dəsmalı-(11 ədəd), yataq dəsti (pastel) (4 ədəd), yastıq üzü (9 ədəd), işlənmiş yorğan üzü (6 ədəd), uşaq çarpayısı (1 ədəd), döşək (2 ədəd), taxt döşəyi (1 ədəd), yorğan (5 ədəd), yastıq (5 ədəd), tozsoran (1 ədəd), ətçəkən maşın (1 ədəd), döşəkcə (7 ədəd), qədəh (6 ədəd), xalça (2 ədəd böyük+1 ədəd balaca), xalça (ensiz xalça) (2 ədəd), divan kreslo üstü (1 ədəd), pərdə (2 ədəd), örtük (1 dəst), çörək qabı (1 ədəd), çilçıraq (3 ədəd), sintifon yastıq (6 ədəd) ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən öz hesabına çıxarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

28. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları-komod (1 ədəd), çarpayı taxt (1 ədəd), güzgülü termo (1 ədəd), paltar dolabı (1 ədəd), güzgülü termo (1 ədəd), stol (masa) (1 ədəd), stul (masa) (6 ədəd), divan (1 ədəd), kreslo (2 ədəd), yemək dəsti serviz (1 ədəd) (24 parça), çay dəsti serviz (1 ədəd), qrafin (1 ədəd) + 6 ədəd stəkan, gülqabı (1 ədəd) xrustal, lampa (1 ədəd), meyvə qabı (1 ədəd), konfet qabı (2 ədəd), lotqa qab (2 ədəd) şüşə, qəndqabı (4 ədəd) şüşə, ləpə qabı (3 ədəd), meyvə şirəsi stəkanı- (18 ədəd), mürəbbə qabı (6 ədəd), boşqab (23 ədəd), kasa (24 ədəd), qaşıq dəsti çamadan (1 ədəd), duz qabı (4 ədəd), şirniyyat qabı (1 ədəd), armudu stəkan (16 şüşə), tefal çaynik ikili (1 ədəd), qazan dəsti (6 ədəd), ədyal (3 ədəd), mətbəx dəsmalı (4 ədəd), can dəsmalı (7 ədəd), əl-üz dəsmalı (7 ədəd), çay dəsmalı-(11 ədəd), yataq dəsti (pastel) (4 ədəd), yastıq üzü (9 ədəd), işlənmiş yorğan üzü (6 ədəd), uşaq çarpayısı (1 ədəd), döşək (2 ədəd), taxt döşəyi (1 ədəd), yorğan (5 ədəd), yastıq (5 ədəd), tozsoran (1 ədəd), ətçəkən maşın (1 ədəd), döşəkcə (7 ədəd), qədəh (6 ədəd), xalça (2 ədəd böyük+1 ədəd balaca), xalça (ensiz xalça) (2 ədəd), divan kreslo üstü (1 ədəd), pərdə (2 ədəd), örtük (1 dəst), çörək qabı (1 ədəd), çilçıraq (3 ədəd), sintifon yastıq (6 ədəd) ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən öz hesabına çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar