Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4522/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı nikahın pozulması barədə akt qeydinin etibarsız hesab edilməsi və nikah qeydinin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı nikahın pozulması barədə akt qeydinin etibarsız hesab edilməsi və nikah qeydinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onunla X3 arasında 19 may 1979-cu ildə bağlanmış nikahın pozulması ilə bağlı akt qeydləri kitabında xx.xx.2005-ci ildə 145 saylı qeyd əsasında aparılmış akt qeydinin etibarsız hesab edilməsi və nikah qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə xx.xx.1979-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahdan 3 övladları olmuşdur. M.Abdullayev aralarında bağlanmış nikahın pozulması ilə bağlı Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.1997-ci il tarixli 2-60-1997 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, aralarında bağlanmış nikah ləğv edilmiş və uşaqların saxlanılması üçün M.Abdullayevdən aylıq qazanc və gəlirinin 1/2 hissəsi miqdarında aliment tutulmuşdur. Həmin qətnamədən protest verilmiş və AR Ali Məhkəməsinin 3D-6/192-1997 saylı qərardadı ilə protest təmin edilərək Sumqayıt şəhər məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ləğv olunmuş və Sumqayıt şəhər məhkəməsinin 5/2-256-1997 saylı xx.xx.1997-ci il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Həyat yoldaşı 23 dekabr 2020-ci ildə vəfat etmişdir. O, Cavabdehnə müraciət edərək ona nikah haqqında arayış verilməsini istəmiş, həmin vaxt ona məlum olmuşdur ki, artıq nikahın pozulması barədə xx.xx.1997-ci il tarixli qətnamənin ləğv edilməsinə və bu mülki iş üzrə iddianın baxılmamış saxlanılmasına baxmayaraq cavabdeh 8 il sonra, xx.xx.2005-ci ildə akt qeydləri kitabında nikahın pozulması ilə bağlı qeyd aparmış və aralarında bağlanmış nikahı ləğv etmişdir. Belə bir qeydin aparılması ona xx.xx.2023-cü il tarixli məktubu aldıqdan sonra bəlli olmuşdur. Belə hesab edir ki, nikahın pozulması qeydi artıq ləğv edilmiş və hər hansı bir hüquqi qüvvəsi olmayan qətnamə əsasında aparıldığı üçün həmin qeyd etibarsız hesab olunmalı və cavabdeh təşkilatın nikah barədə akt qeydləri kitabında qeydə alınmış 19 may 1979-cu il tarixli nikah qeydi bərpa olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, çox güman ki, 2005-ci ildə yoldaşı ilə aralarında olan narazılıq əsasında o, belə bir addım atmışdır. Halbuki, sözügedən qətnamə 1997-ci ildə ləğv edilmişdir. Bu səbəbdən hesab edir ki, nikah qeydinin ləğv edilməsi barədə qeyd etibarsız sayılmalıdır. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS843995085 saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) xəbərdar edilsə, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 3/2-60-1997 saylı, xx.xx.1997-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.1979-cu ildə Sumqayıt şəhər VVAQ şöbəsində İddiaçı və X3 arasında bağlanmış nikah qeydiyyatının pozulması, X1 aylıq qazancının 1/2 hissəsi xx.xx.1997-ci il tarixdən başlayaraq tərəflərin birgə nikhından doğulmuş xx.xx.1981-ci il təvəllüdlü Hacının, xx.xx.1983-cü il təvəllüdlü Qabilin, xx.xx.1984-cü il təvəllüdlü Xəyalənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 3D-6/192 saylı qərardadı ilə protest təmin edilərək, Sumqayıt Şəhər xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 5/2-256-1997 saylı xx.xx.1997-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla X1 İddiaçı qarşı nikahın pozulması barədə iddia tələbi baxılmamış saxlanılmışdır. İşdə olan Cavabdeh 19 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1979-cu il tarixli, 471 saylı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli 2-60 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən xx.xx.2005-ci il tarixdə 145 saylı nikahın pozulması haqqında aktla qeydə alınmışdır. İş materiallarında olan İİ-JQ 308691 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X2 xx.xx.1979-cu il tarixdə Sumqayıt Nikah Evində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 471 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan AZ İİ 147060 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2163 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2005-ci iı tarixli 145 nömrəli nikahın pozulması barədə akt qeydindən görünür ki, X3 ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1979-cu il tarixdə Sumqayıt Nikah Evində rəsmi nikaha girərək ailə qurmuşdurlar. Sumqayıt şəhər Məhkəməsinin 3/2-60-1997 saylı xx.xx.1997-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin 3D-6/192 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 5/2-256-1997 saylı xx.xx.1997-ci il tarixli qərardadı ilə X1 İddiaçı qarşı nikahın pozulması barədə iddia tələbi baxılmamış saxlanılmışdır. Lakin buna baxmayaraq tərəflər arasında olan nikah ləğv olunmuş qətnamə əsasında xx.xx.2005-ci il tarixdə pozulmuş və nikahın pozulması barədə 145 nömrəli, xx.xx.2005-ci il tarixli akt qeydə alınmışdır. Hazırda iddiaçı nikahın pozulması barədə akt qeydinin etibarsız hesab edilməsini və nikah qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Eyni zamanda nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. (158.2) Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür (162.3). Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, İddiaçı ilə X3 arasında 19 may 1979-cu ildə bağlanmış nikahın pozulması barədə xx.xx.2005-ci il tarixli, 145 saylı akt qeydi ləğv olunmuş məhkəmə qətnaməsi əsasında aparıldığından həmin qeyd etibarsız hesab edilməli və nikah bərpa edilməlidir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25, 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ilə X3 arasında 19 may 1979-cu ildə bağlanmış nikahın pozulması barədə akt qeydləri kitabında aparılmış xx.xx.2005-ci il tarixli, 145 saylı akt qeydi etibarsız hesab edilsin. İddiaçı ilə X3 arasında nikahın bağlanması barədə xx.xx.1979-cu il tarixli, 471 saylı akt qeydi bərpa olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4522/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4522/2023
21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver