Məhkəmə qərarları › İş №2(060)-4538/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4538/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4538/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa 300 manat olmaqla, ümumilikdə 600 manat pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, işə əlavə edilmiş materiallarla müəyyən olunur ki, tərəflər arasında 28 oktyabr 2024-cü ildə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və tərəflər öz aralarında müəyyən şərtərlə razılığa gəlmişlər. Həmin barışıq sazişinin şərti olaraq Cavabdeh övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi anası İddiaçı yanında yaşamasına, hər ay, hər uşağa 300 manat, ümumilikdə 600 manat pul məbləğində alimentin İddiaçı ödəyəcəyinə dair öhdəlik götürməsinə razılıq vermişdir. Hal hazırda iddiaçı həmin mediasiya prosesi zamanı tərəflər arasındakı mübahisənin predmeti olan və həmin prosesin nəticəsi olaraq barışıq sazişinin bağlandığı məsələ ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə desək iddiaçı tərəflər arasında mediasiya yolu ilə həllini tapmış məsələyə məhkəmədə yenidən baxılmasını istəyir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə mübahisəli məsələ ilə bağlı mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra yenidən iddia icraatı qaydasında həmin məsələyə baxılması imkanı nəzərdə tutulmamışdır. Belə ki, tərəflər arasında barışıq sazişi bağlandığından və mübahisəli məsələ həll olunduğundan artıq mövcud olmuş mübahisəyə məhkəmədə baxılması zərurəti də aradan qalxmışdır. Məhkəmədə iddia icraatı qaydasında o halda mediasiya nəticəsində bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq oluna və ya təsdiq olunmasından imtina oluna bilər ki, tərəflər arasında ilkin olaraq mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət olunsun, məhkəmədə icraat zamanı tərəflər öz aralarında mübahisənin mediasiya vasitəsilə həllinə dair razılığa gəlsinlər və mediasiya prosesinin tətbiqi nəticəsində barışıq sazişi bağlasınlar. Bu zaman məhkəmə tərəfindən həmin sazişin qanunazidd olduğu müəyyən edilmədikdə barışıq saziş məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilir, əks təqdirdə işin icraatı davam edir. Məhkəmə qeyd edir ki, məhkəmədə mübahisəli məsələ ilə bağlı iddia qaldırmamışdan öncə mediasiya vasitəsilə tərəflər arasında barışıq sazişinin bağlandığı halda yenidən eyni mübahisəli məsələ ilə bağlı iddia icraatı qaydasında məhkəmədə iddia qaldırılması yeni yaradılmış mediasiya institunun əhəmiyyətini də şübhə altına almış olur. “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Eyni zamanda tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanması onlar arasında artıq mübahisənin mövcud olmadığını ehtiva edir. Həmin proses nəticəsində bağlanmış barışıq sazişi könüllü icra müddətində icra edilmədikdə isə tərəfin hüququnun müdafiəsi vasitəsi kimi onun məcburi icra edilməsi üçün qanunvericilikdə xüsusi prosedur müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəsli ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi icra olunmadığı təqdirdə xüsusi icraat qaydasında həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi məsələsinə baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar