Məhkəmə qərarları › İş №2(060)-4602/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4602/2020

28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4602/2020 28.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən övladları – xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahdan iki - xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdü X5 anadan olmuşlar. İddiaçı üçüncü qrup əlildir. Cavabdeh səyyar ticarətlə, fərdi işlə məşğuldur. Yaxşı qazanc əldə edir və yaxşı gəliri olur. Lakin buna baxmayaraq uşaqlarına heç bir maddi və mənəvi köməklik göstərmir. Cavabdehin aylıq qazancı ***-**** manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, məhəllə 4A, ev 25-də yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh isə xx.xx.1980-ci ildə, Ermənistanın Quqark rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən tərəflər arasında xx xxxxxxxx 2015-ci il tarixində nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən X4 xx.xx.2015-ci ildə, X5 isə xx.xx.2018-ci ildə anadan olmuşlar. Hər iki uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. İddiaçı “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsinə əsaslanaraq cavabdehdən həmin məbləğdə aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci ildə müraciət etdiyi üçün alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə, 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2020-ci il tarixindən hesablansın. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Abdullayev Əsli ilə düzdür Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar