Məhkəmə qərarları › İş №2(060)-4673/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4673/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4673/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 mart 2004-cü il təvəllüdlü X11 və 25 iyul 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəmyə ərizə təqdim edərək iddia ərizəsində texniki səhvə yol verildiyini, cavabdehin soyadının “Novruzov” deyil, “Namazov” olaraq qəbul edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X8 ilə 2002-ci il tarixdən faktiki nikaha daxil olmaqla ailə kimi bir yerdə yaşamışlar. Birgə faktiki nikahdan 08 mart 2004-cü il təvəllüdlü X11 və 25 iyul 2005-ci il təvəllüdlü X12 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibəti yaxşı olsa da, son zamanlar xasiyyətləri tutmur, onunla yola getmirlər, aralarında daim söz-söhbət olur. Cavabdehlə ər-ərvad kimi bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar və artıq 4 aydır ayrı yaşayırlar. Ayrılandan sonra uşaqların ehtiyaclarını ödəmək üçün aliment təyini istəyir. Cünki cavabdeh uşaqları ilə maraqlanmır və onların eytiyaclarını qarşılamır. O da uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, özəl tibb müəssisəsində fərdi qaydada tibb bacısı işləyir, aylıq gəliri 200 manat təşkil edir. Bu məbləğlə həm özünün, həm də uşaqların təminatını qarşılaya bilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir, o, Rusiya vətəndaşıdır. Lakin 10 ildən artıqdır ki, Azərbaycanda yaşayır. Hazırda işsizdir, alimenti ödəməkdən imtina etmir, lakin hər ay iddia edilən məbləğdə aliment ödəməyə imkanı yoxdur, hər ay uşaqların saxlanılması üçün hər uşağa görə 100 manat məbləğində aliment ödəyə bilər. İddia tələbini qalan hissədə qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı 067983 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 Azadə İlyas qızından doğulmuş X6 atası hesab edilmişdir. AZ-İ seriyalı 687088 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 25.07.2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X9, anası İddiaçıdır. İ-QO seriyalı 538453 saylı doğum haqqında şəhadətnamənin (rus dilindən azərbaycan dilinə tərcümə olunmuş) təsdiq edilmiş surətindən görünür ki, X11 08.03.2004cü ildə anadan olmuş, atası X10, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ nəzərə alınmaqla həmin məbləğə yaxın ağlabatan məbləğ həddində müəyyən edilməklə, 06 may 2021-ci il tarixdən başlayaraq X3 08 mart 2004-cü il təvəllüdlü X7 və 25 iyul 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06 may 2021-ci il tarixdən başlayaraq 08 mart 2004-cü il təvəllüdlü X7 və 25 iyul 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdeh X3 İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. X3 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar