Məhkəmə qərarları › İş №2(060)-4717/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4717/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4717/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatana kimi hər ay 100 manat maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 26.05.2016-cı ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 20.01.2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh ailəyə heç bir yardım göstərmir və qazancını özünə sərf edir. Uşağın tələbatı günü-gündən artır. İddiaçı uşağın yeyib-içmək və digər xərclərini ödəyə bilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1979-cu ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1988-ci ildə anadan olmuş, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatdadır. 10 saylı Mənzil Kommunal Sahəsinin 07.04.2021-ci il tarixli, 449 saylı arayışında iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. 129544 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən tərəflər arasında nikah 26.05.2016-cı il tarixində, Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən 23.01.2020-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, iddia həmin hissədə təmin edilməli, 23.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda uşaq üç yaşına çatana qədər hər ay 100 manat maddi yardımın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsində həmçinin göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1.). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (84.2.2.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin ona maddi yardım qismində aliment ödəməsini tələb edə bilər. Hazırkı halda cavabdehin həmin alimenti ödəmək üçün zəruri vəsaitə malik olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı cavabdehin bununla bağlı zəruri vəsaitə malik olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 07 may 2021-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar