Məhkəmə qərarları › İş №2(060)-4802/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4802/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4802/2020 14.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin hissəvi tutulması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin hissəvi tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X4 üçün alimentin maaşının və digər gəlirlərinin dörddə biri məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bir uşaqları dünyaya gəlmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikaha xitam verilmiş, birgə nikahdan olan uşağın cavabdehin yanında və himayəsində qalması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə görə ondan hər ay 136.60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra iddiaçı 1 il keçmədən onu yenidən məhkəməyə verərək alimentin artırılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, alimentin 160 manat sabit pul məbləği şəklində tutulması qət edilmişdir. Qeyd edir ki, cavabdeh X3 həmin məhkəmə proseslərində onun rəsmi iş yeri olmadığından alimentin sabit pul məbləği şəklində tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə də iddia tələbi həcmində, işin hallarına uyğun olaraq işə baxıb sabit pul məbləği şəklində alimenti təyin etmişdir. Hal-hazırda vəziyyət dəyişib. Belə ki, hal-hazırda onun aylıq qazancı var və hər ay sabit əmək haqqı alır. İddia ərizəsinə əlavə etdiyi xx xxxx 2020-ci il tarixli arayışdan da göründüyü kimi o, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 87 C ünvanında yerləşən “X8” MMC-nin qapı istehsalı sahəsində operator vəzifəsində işləyir. Hər ay sabit qazancı və gəliri olur. Odur ki, hal-hazırda alimentin maaşının və digər gəlirlərinin 1/4-i məbləğində tutulması daha qanunauyğun olar. Bundan başqa bildirmək istəyir ki, o, 2019-cu il tarixdə yenidən rəsmi nikaha daxil olmuşdur. Nikahını təsdiq edən nikah haqqında şəhadətnaməni də iddia ərizəsinə əlavə etmişdir. İcra məmuru əvvəlki qətnamə üzrə alimenti hal-hazırda aylıq əmək haqqına yönəldir və 70 faiz məbləğində hər ay onun maaşından pul tutulur. Hal-hazırda onun dolanışığı üçün qalan pul məbləği 120 manat təşkil edir ki, bu da onu dövlət tərəfindən müəyyən edilmiş ehtiyac meyarı 190 manat pul məbləği belə etmir ki, o, ən azından azacıq da olsa ehtiyaclarını təmin etsin. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği də uşağın saxlanılmaslına çatmır. Bundan başqa iddiaçı qeyri rəsmi işdə də işləyir. Belə ki, iddiaçı mebellərin yığılması ilə məşğul olur. İddiaçı hər mebelin yığılmasından əlavə qazanc əldə edir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7463/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)- 185/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “X8” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də “X8” MMC-nin qapı istehsalı sahəsində operator vəzifəsində işləyir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər saxlanılmasını, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, alimentin məbləğinin dəyişdirilməsi məqəsədə müvafiq deyildir. «X5» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «alimentin hissəvi tutulması tələbinə» dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin hissəvi tutulması tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar