Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4905/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 24 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şərəf və ləyaqətini alçaldan söyüşlər barədə yəqin olmayan məlumatları telefon vasitəsi ilə statuslardan təkzib etmək üçün cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması və məcbur olunması, cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 17 may 2021-ci ildə Cavabdeh kütləvi informasiya vasitəsi olan “vatcapp” statuslarında barəsində şərəf və layaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Eyni zamanda həyat yoldaşı və qızını da küçə söyüşləri ilə söyərək, təhqir etmişdir. Cavabdeh sözügedən hərəkətləri cari ildə dəfələrlə qonşuların yanında, yəni onun yaşadığı həyətdə etmişdir. Cavabdehin hərəkətləri nəticəsində arzu olunmaz vəziyyətə düşmüş, xüsusilə ürəyindən dəfələrlə anju olunduğuna görə olunmuş müalicələri təzədən etdirmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də ona mənəvi və maddi zərər dəymişdir. Dəfələrlə təhqir olunduğu (hər dəfə 102 polis xidmətinə məlumat vermişdir) səbəbə görə çəkdiyi mənəvi iztirablar nəticəsində, ürəyində əsəbdən təzyiqin aşağı olması xəstəliyinə tutulmuşdur. Ona görə də növbəti müalicələr almağa məcbur olmuşdur. Həmçinin cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də cavabdeh, onun şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 3000 manat (üç min manat) dəyərində qiymətləndirmişdir. Çünki ürək damar müayinəsi və uzun sürən müalicəsi ona bu məbləğə başa gəlmişdir. İddiaçı əlavə olaraq bildirdi ki, qardaşı oğlu Cavabdeh yoldaşının bibisi qızı - X1 ilə 30.12.2020-ci il tarixindən evli olmuşdur. Bu Ramilin 2-ci evliliyidir. Toylarından 3 ay sonra bir neçə dəfə Ramil yoldaşını təhqir etsə də, bir əmi kimi onları barışdırmışdır. Nəhayət 2020-ci ilin iyul ayında Ramil yoldaşını öz atasıgilə gətirərək, orada anası və qardaşının yanında döyüb nalayıq söyüşlərlə təhqir etmişdir. Bu an Elladanın əlindən telefonunu alsalar da Ellada imkan tapıb ona zəng edərək, evdən qurtarması barədə ona yalvarmışdır. Yoldaşı ilə Corat qəsəbəsinə qardaşıgilə getmişdir. Elladanın əlindən gündəlik istifadə etdiyi əşyalarını da alaraq həmin evdən qovalamışlar. Onlar Elladanı 4 aylıq hamilə olduğuna görə iki gün öz evlərində müalicə etdirəndən sonra Bakıya atasıgilə yola salmışlar. Elladanın uşağı normal inkişafda olduğunu biləndən və gələcəkdə alimentdən yaxa qurtara bilməyəcəyini başa düşən Ramil onu bu hadisədə günahkar bilmiş və həmin vaxtdan onunla düşmənçilik etmişdir. Bu barədə hər dəfə 102 Polis xidmətinə məlumat vermişdir. Cavabdehin “Whatsapp” proqramında yazdığı statuslarda onun adı olmasa da, həmin statusların məzmunundan görünür ki, həmin yazılar onun barəsindədir. Yuxarıda göstərdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə eturaz edərək bildirdi ki, İddiaçı onun əmisidir. İddiaçı ona qarşı iddia tələbi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Çünki o, heç vaxt əmisini söyməmiş və onu təhqir etməmişdir. Əmisi iddia ərizəsinə əlavə edilmiş “Whatsapp” yazışmalarına istinad edərək bu nəticəyə gəlmişdir. Həqiqətən də həmin nömrə ona məxsusdur. Lakin “Whatsapp” statusları ilə bağlı qeyd edir ki, həmin müraciətləri əmisinə yox, iş yoldaşına ünvanlamışdır. Çünki həmin vaxt iş yoldaşı ilə arasında kiçik bir anlaşılmazlıq olmuş, o isə bu məzmunlu statuslar paylaşmışdır. Əlavə olaraq qeyd etdi ki, o, 26.12.2019-cu il tarixdə əmisi İddiaçı arvadının bibisi qızı Ellada ilə ailə qurmuş və həmin nikahdan övladları olmamışdır. Sonradan ailə münasibətləri pozulmuş və boşanmışlar. Ailəsinin dağılmasında da əmisinin böyük rolu olmuşdur. Amma bütün bunlara baxmayaraq o, əmisi ilə barışıb, bütün bu hadisələr olmamış kimi həyatlarına davam etmək istəyir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 01.09.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edlməsi haqqında qərarın suətindən görünür ki, Məmmədov Heydər Məmməd oğlunun özünü öldürməyə cəhd etməsi ilə bağlı cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş 18.05.2021-ci il tarixli, 722 nömrəli arayışa əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 18.05.2021-ci il tarixli, 691 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə yuxarıda qeyd edilən hər üç hal (məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması) müəyyən olunmur. Belə ki, iddiaçının istinad etdiyi cavabdeh tərəfindən yazılmış “Whatsapp” statuslarında İddiaçı adı yoxdur, həmin statusların konkret kimə ünvanlanması yazıların məzmunundan məlum deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin onun şərəf və ləyaqətinə toxunduğunu, bununla əlaqədar ona 3000 manat mənəvi zərər vurulduğunu sübut edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4905/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4905/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver