Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4931/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “soy adının dəyişdirilməsi ilə bağlı ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ikinci övladı xx.xx.2019-cu il təvəllüdlü X1 ata babasının adına uyğun olaraq Telmanzadə kimi dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işə Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmış və xx.xx.2025-ci il tarixli məktubla rədd cavabı gəlmişdir. Həmçinin qeyd olunur ki, iddiaçının birinci övladı xx.xx.2004-cü il təvəllüdlü X2 Telmanzadə kimi dəyişdirilmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, övladı xx.xx.2019-cu il təvəllüdlü X1 Telmanzadə kimi dəyişdirilməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti xaricindədir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, hazırki tələb ümumi məhkəmənin baxaraq qərar qəbul edilməsi səlahiyyəti olmayan işlər katiqoriyasına aid olduğundan Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının imtinası inzibati qaydada mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305-ci maddəsindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarından görünür ki, rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanların təsnifatına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında inzibati hüquq münasibəti üzrə mübahisə olduğundan sonuncu müvafiq inzibati orqanın qərar və hərəkətləri ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada aidiyyəti inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, mübahisə ümumi yurisdiksiyalı məhkəməyə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və iddiaçıyə izah edilməlidir ki, o, müvafiq səlahiyyətli orqanın imtinasını inzibati qaydada mübahisələndirmək hüququ var. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki iş materiallarından görünür ki, ərizəyə 100.60 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən iddiaçıyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “soy adının dəyişdirilməsi ilə bağlı ərizəsini və ona əlavə olunmuş sənədləri iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizədə qeyd olunanlarla bağlı onun inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2025-ci il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100.60 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X5 İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4931/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4931/2025
08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver