Məhkəmə qərarları › İş №2(060)-4938/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4938/2025

15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4938/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı Qədiməliyeva (Əhmədova) Sevda Budaq qızının Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə (açar sözlər: alimentin tutulması üsulunun və miqdarının dəyişdirilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, iddiaçı Qədiməliyeva (Əhmədova) Sevda Budaq qızının iştirakı ilə iddiaçı Qədiməliyeva (Əhmədova) Sevda Budaq qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2012-ci il tarixli, 2(060)-1257/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması üsulunun və məbləğinin dəyişdirilməsi, 21 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xeyrinə hər ay 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2012-ci il tarixli, 2(060)-1257/2012 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 21 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 23 fevral 2012-ci ildən başlayaraq hər ay həm aylıq qazancının dördə bir hissəsi miqdarında, həm də 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamədən sonra respublika üzrə 1 uşağın saxlanılması minimumda artımlar olmuşdur. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2012-ci il tarixli, 2(060)- 1257/2012 saylı qətnaməsi ilə 21 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş hər ay qazancının dördə bir (1/4) hissəsi miqdarında alimentin hissəvi tutulmasının sabit pul məbləği ilə əvəz edilərək, 21 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməlidir.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı Qədiməliyeva (Əhmədova) Sevda Budaq qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qətnamə qəbul edilərkən cavabdehin rəsmi iş yeri vardı. Hazırda cavabdehin rəsmi iş yeri yoxdur. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın saxlanılmasında əziyyət çəkir. Cavabdeh illərdir ona 80-90 manat məbləğində, son zamanlar bir neçə dəfə 100 manat ödəniş edib. O, qeyd edilənlərə əsasən uşağın saxlanılması üçün hər ay 400 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinin kötüyünə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh məhkəmənin əvvəlki iclasında iştirak etmiş və ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi kimi, son zamanlar deyil, artıq 10-12 ildir ki, qarşı tərəfə hər ay 100 manat məbləğində aliment ödənişi edir. Belə ki, qarşı tərəfin ona qarşı qaldırdığı aliment tələbinə dair iddiasını qismən qəbul edir. Uşaq üçün müəyyən olunmuş yaşayış minumumu həddində aliment ödəməyə maddi imkanı çatır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları:

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1257/2012 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, 21 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 23 fevral 2012-ci ildən başlayaraq hər ay həm aylıq qazancının dörddə bir hissəsi miqdarında, həm də 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir.

7. AZ-İİ seriyalı, 825330 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 21 oktyabr 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur.

8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 50 manat mediasiya xərci Qədiməliyeva (Əhmədova) Sevda Budaq qızı tərəfindən ödənilmişdir.

b) mülki iş üzrə tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

12. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.”

13. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). ... 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. ... 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.”

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

17. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında nikah pozularkən birgə nikahdan doğulmuş uşaq – 21 oktyabr 2011-ci il təvəllüdlü X3 ananın yanında saxlanılmış, onun saxlanılması üçün üçün Cavabdeh aylıq qazancının dörddə bir hissəsi miqdarında və 60 (altmış) manat sabit pul məbləğində aliment təyin edilmişdir.

18. İşin halları ilə müəyyən edilir ki, cavabdehin əmək haqqından hissəvi alimentin tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, cavabdehin qüvvədə olan rəsmi əmək müqaviləsi ilə gəliri olmadığından alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyildir. Hansı ki, alimentin hissəvi tutulması ilə bağlı tələb irəli sürülərkən iddiaçı cavabdehin aylıq 94 manat gəlirinin olduğuna əsaslanmışdır.

19. Məhkəmənin qənaətinə görə işin bu halı tərəflərdən birinin maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirilməli və iddia ərizəsinə Ailə Məcəlləsinin 112 və 78-ci maddələrinin tələbi baxımından qiymət verilməlidir.

20. Aliment məbləğinin müəyyən edilməsi zamanı yuxarıda göstərilən Plenum qərarındakı mövqe və formalaşmış məhkəmə təcrübəsi baxımından uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu müəyyən mənada meyar kimi qəbul edilir, lakin tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Məhkəmə uşağın sayını, cavabdehin rəsmi gəlirinin olmadığını, uşağın yaşayış minimumu həddində maddi tələbatının ödənilməsinin zəruriliyini, şəxsin qazanca malik olmamasının onu uşağı saxlamaq vəzifəsindən azad etmədiyini, cavabdehin yaşayış minimumu həddində aliment ödəməyə razılıq ərizəsini nəzərə alır və hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)- 1257/2012 saylı qətnaməsi ilə müəyyən edilən alimentin tutulma üsulu və məbləği dəyişdirilməli, hər ay cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulmalıdır.

21. Məhkəmə bu qənaətə gəlir ki, 246 manat məbləğdə alimentin tutulması, həm cavabdehin maddi vəziyyətinə, həm də uşağın əvvəlki təminat səviyyəsinə uyğundur.

22. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

23. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,615 misli həddində müəyyən edilməlidir.

24. Beləliklə, iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1257/2012 saylı qətnaməsi ilə müəyyən edilən alimentin tutulma üsulu və məbləği dəyişdirilməli, 21 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalı, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə hissəsi:

25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1257/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma üsulu və məbləği dəyişdirilsin. 21 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar