Məhkəmə qərarları › İş №2(060)-4992/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4992/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4992/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı 08.05.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşı tamam olanadək ona 100 manat sabit pul məbləğində maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt ASAN xidmət X3 tərəfindən 21 avqust 2019-cu il tarixdə qeydə alınmış Cavabdeh və cavabdeh İddiaçı arasında bağlanmış nikahın pozulması, azyaşlı uşaq X2 anası cavabdeh İddiaçı ilə qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin İddiaçı ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 21.08.2019-cu ildə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 08.05.2020-ci il təvəllüdlü X4 adlı anadan olmuşdur. Cavabdeh fərdi işlə məşğuldur, yaxşı qazanc əldə edir, yaxşı gəliri var. Lakin uşağa heç bir maddi və mənəvi köməklik göstərmir. Bu səbəbdən uşağının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh fəhlə işləyir, amma aylıq qazancı 1000-1500 manat təşkil edir. Bundan başqa onun anası və atası da işləyir, yaxşı əmək haqqı alırlar. Buna baxmayaraq uşağın saxlanmasına heç bir kömək etmirlər. İlkin iddiaçı eyni zamanada qarşılıqlı iddia tələbini qəbul etdiyini, cavabdehlə aralarında olan nikahın pozulmasına razı olduğunu, nikah pozulduqdan sonra övladının onun yanında qalmasını bildirərək ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh İddiaçı ilə 21.08.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahından 08.05.2020-ci il təvəllüdlü X4 adlı bir övladaları anadan olmuşdur. Tərəflər 21.08.2019-cu il tarixdən 19.04.2021-ci il tarixədək bir yerdə yaşamaqla birgə təsərrüfat idarə etmişdirlər. Tərəflər arasında daim söz söhbətlər olur. Lakin cavabdeh İddiaçı davranışında heç bir müsbət dəyişiklik baş verməmişdir. 19.04.2021-ci ildə İddiaçı birgə yaşadıqları ünvanı birlikdə tərk edib getmiş və aralarında olan münasibətlərinə son qoyulmuşdur. Uşaq azyaşlı olduğundan Cavabdeh onun anası ilə qalmasına etiraz etmir. Nümayəndə həmçinin bildirdi ki, Cavabdeh ilkin iddia tələbini qismən qəbul edir. O, Rusiya Federasiyasının vətəndaşıdır. Onun, Azərbaycan Respublikasında rəsmi olaraq işləmək hüququ yoxdur və nikah dövründə heç vaxt sabit iş yeri və qazancı olmayıb. Onun hər ay 1000-1500 manat qazanc əldə edilməsi ilə bağlı iddia ərizəsində qeyd olunanlar yalnışdır. Onun ailəsinin maddi təminatını birgə yaşadıqları ata və anası təmin etmişdir. O, birgə nikah dövründə təsadüfi işlərdə fəhlə kimi işləyib və cüzi qazanc əldə etmişdir. Pandemiya dövründə maddi vəziyyəti daha da pisləşmiş və hətta müvəqqəti işləməsi də mümkün olmamışdır. Cavabdeh valideynlərinin köməyi ilə uşağının saxlanması üçün 120 manat aliment ödəyə bilər. İddia tələbini 100 manat maddi yardım hissəsində ümumiyyətlə qəbul etmir. Nümayəndə göstərilənlərə əsasən nikahın pozulmasını, uşağın anasının yanında qalmaqla onun saxlanılması üçün 120 manat aliment müəyyən edilməsini, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsinin 15.04.2021-ci il tarixli 70 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 1-3-cü məhəllədə qeydiyyatsız yaşayır. İş materiallarında olan AZ-T 034073 saylı nikah haqqında təkrar şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 21 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 2420 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından 08 may 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-T 167757 nömrəli doğum haqqında təkrar şəhadətnaməyə əsasən) Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan X1 adlı yetkinlik yaşına çatmayan bir uşaqları anadan olmuşdur. Onlar artıq ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Ailənin bərpası mümkün deyil. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Tərəflərin nikahın pozulmasına qarşılıqlı razılıqları olduğuna görə məhkəmə hesab edir ki, Cavabdeh Taleh oğlu ilə İddiaçı arasında olan nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların… saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflərin birgə nikahdan olan uşaqlarının kiminlə qalması məsələsini həll edərkən məhkəmə tərəflərin razılığını, uşağın azyaşlı olmasını və ana qayğısına daha çox ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, 08 may 2020-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsinə verilməli, uşaq yetkinlik yaşına çatanadək onun saxlanması üçün Cavabdeh aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə ilkin iddianın alimentin məbləği ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən ondan tutulan aliment sabit pul məbləğində, məbləği isə 175 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 21.05.2021-ci il tarixdən hesablanmalıdır. İlkin iddia tələbinin X2 3 yaşına çatanadək hər ay əlavə olaraq İddiaçı xeyrinə cavabdehdən 100 manat məbləğində alimentin tutulması hissəsində məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 2) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh X2 3 yaşına çatanadək hər ay əlavə olaraq İddiaçı xeyrinə 100 manat məbləğində aliment ödəmək üçün zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmadığından, ilkin iddiaçı özü də Cavabdeh fəhlə işlədiyini bildirdiyindən həmin hissədə ilkin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşlıqlı iddiaçı Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21 avqust 2019-cu tarixli, 2420 saylı nikah qeydi pozulsun. Nikah pozulduqdan sonra 08 may 2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalsın. Qarşlıqlı iddiaçı Cavabdeh 21.05.2021-ci il tarixdən başlayaraq 08 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar