Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5028/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1715Q saylı bağ evinə dair Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2014-cü ildə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağa dair həmin müqavilə əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Belə ki, xx.xx.1986-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahda olduqları vaxt faktiki yaşadıqları Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi 1715Q ünvanını əldə etmiş, burada bağ evi tikmiş və həmin evin tikintisinə böyük məbləğdə vəsait sərf etmişdirlər. Bu bağ evi onların birgə əmlakıdır. O, hazırda da bu bağ evində yaşayır. Lakin yaşadığı ünvana Sumqayıt şəhər üzrə İcra şöbəsindən xx.xx.2024-cü il tarixli bildiriş gələrkən bilmişdir ki, yaşadığı evi həyat yoldaşı onun xəbəri və razılığı olmadan banka girov qoymuş, pul götürmüşdür. Halbuki bu evi onlar birgə nikah dövründə əldə etmiş və bu ev onların əmlakıdır. Hazırda bilmişdir ki, Cavabdeh1 bankla xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlamaqla bankdan 51000 ABŞ dolları məbləğində kredit ayrılmış və yaşadıqları və mülkiyyətində olan bu bağ evini həmin kredit müqabilində ipoteka ilə yüklü etmişdir. Ona o da məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-139/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin ona qarşı kredit müqaviləsi üzrə borcun tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilməklə ondan 55636,75 manat əsas borcun, 11639,81 manat faiz borcu və 10 manat cərimə olmaqla, ümumilikdə 67286,56 manat pulun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manatın və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1715Q ünvanında yerləşən 0,18 ha torpaq sahəsi üzərində olan 122,10 km.m. ümumi sahəsi olan 4 otaqlı evə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140 manat müəyyən edilməsi, evin açıq hərracdan satılaraq satış pulundan banka olan bütün borcların ödənilməsi və qalan pulun ona qaytarılması qət edilmişdir. Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı "ipoteka müqavilэsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi 1715Q ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmişdir və hal-hazırda iddiaçı həmin bağ evində yaşayır. xx.xx.2024-cü il tarixdə bilmişdir ki, həmin daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Belə vəziyyət isə onun hüquqlarını pozur. Hal-hazırda iddiaçı iddia edir ki, guya Cavabdeh2 ASC tərəfindən birgə mülkiyyətdə olan daşınmaz əmlakın hüquqi rejimi pozulmuş və həmin əmlak qanunsuz olaraq əvvəlcədən iddiaçının razılığı alınmadan ipoteka ilə yüklü edilmişdir. Lakin iddiaçı iddia ərizəsində bu iddiasını sübut edəcək heç bir dəlil göstərməmişdir. Ümumi sözlərdən istifadə edərək əsassız fikirlər bildirmişdir. Hesab edirlər ki, bu səbəbdən iddia tələbi təmamilə əsassızdır və aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsi rədd edilməlidir: İpoteka müqaviləsi bağlanan zaman razılıq ərizəsi verilmişdir. Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 128117-CNS-6487 nömrəli kredit müqaviləsi və öhdəliyin təminat üsulu olaraq xx.xx.2014-cü il tarixli, 128117-NEDVİJ- 2899 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənməklə lazımi razılıq ərizəsi və digər sənədlər əlavə edilməklə bağlanmışdır. Həmin sənədlərə nəzər yetirdikdə İddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi 1715Q ünvanında yerləşən daşınmaz əmlakın ipoteka qoyulmasına etiraz etməməsi barədə razılıq ərizəsinin olduğu görsənir. Həmin ərizədən aydın olur ki, Vəliyevə Kəmalə Kamil qızı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, bağ evi 1715Q ünvanında yerləşən daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsindən xəbəri olmuş və buna dair yazılı razılığını bildirmişdir. Bu fakt onu deməyə əsas verir ki, iddiaçı Vəliyevə Kəmalə Kamil qızı icra prosesini ləngitmək və vaxt qazanmaq üçün ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Əqdin etibarsızlığını mübahisələndirməklə bağlı müddət keçmişdir. Yuxarıda da qeyd etdiyi kimi Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 128117-CNS-6487 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh2 ASC məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-139/2019 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilərək kredit borcunun Cavabdeh1 tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bank tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən verdikləri kassasiya şikayətləri ilə Ali Məhkəmənin 2(102)-3138/2020 saylı, xx.xx.2020 saylı qərarı ilə təmin edilmiş və iş yenidən baxılması üçün Apellyasiya Məhkməməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 2432/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş və iddiası təmin edilməmiş hissədə də təmin edilmişdir. Sonuncu qətnamədən də Cavabdeh1 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1803/21 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Bununla da kredit müqaviləsi üzrə Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında məhkəmə mübahisəsi yekunlaşmışdır. Göründüyü kimi kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə çəkişməsi 3 ilə yaxın müddətdə davam etmişdir. Şübhəsiz ki, faktiki həmin evdə yaşayan bir fərd olaraq Vəliyevə Kəmalə Kamil qızı da bu məhkəmələrdən xəbərdar və məlumatlı olmuşdur. Həmin müddətdə isə nə İddiaçı, nə də digər şəxs tərəfindən ipoteka müqaviləsinin etibarsızlığı mübahisələndirilməmiş, bununla bağlı etiraz bildirilməmişdir. Yuxarıda qeyd etdikləri məhkəmə çəkişmələrinin heç birində ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflərdən hər hansısa biri iddia və ya etirazla çıxış etməmişlər. Bu isə onu deməyə əsas verir ki, yuxarıda sadalanan məhkəmə qərarları preyudisial xarakter daşıyır və həmin qərarlarda əks olunmuş faktların yenidən sübut edilməsinə ehtiyac yoxdur.
Tərəflərin mövqeləri:
4. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, başqa bir şəxs həyat yoldaşını aldatmış, evi ipotekaya qoydurmuşdurlar. Yalnız icraçılar evə gəldiyi zaman belə bir qətnamənin olması barədə məlumatlı olmuşdurlar. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, onu aldatmışdırlar. Həmin şəxs hal-hazırda həbs olunmuşdur. Onun banka 51000 manat və 6000 manat da əlavə olaraq hesablanmış faiz borcundan ibarət borcu var idi. Ödənişlər etsələr də, onlar yalnız faizə çıxılmışdır. Hal-hazırda yaşamağa başqa yeri yoxdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. İddiaçı və Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iştirak etsələr də, onlara məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatında bildirdi ki, hal-hazırki iddia ilə iddia tələbi ilə bağlı verdikləri etirazı müdafiə edir. İpoteka müqaviləsi bağlanılan zaman razılıq ərizəsi verilmişdir. Həmçinin, əqdin etibarsızlığının mübahisələndirməsi ilə bağlı müddət keçmişdir. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
8. İV-ЖГ 292569 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Məmmədova Kəmalə Kamil qızı arasında bağlanmış nikah xx.xx.1986-cı il tarixində akt qeydləri kitabında 751 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir.
9. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1715Q nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 128117-NEDVİJ-2899 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Sumqayıt şəhəri, Novaxnı bağ massivi, 1715Q ünvanında yerləşən 122.10 kv.m ümumi, 68.82 kv.m yaşayış, 53.28 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi və ipoteka ilə təmin olunmuş öhdəliklər ipoteka qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda bankın ipoteka qoyana qarşı olan pul tələblərinin üstün qaydada ipoteka predmeti hesabına ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür.
11. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış reyestrdə 7E-34 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1715Q nömrəli bağ evinin və 0.18 ha torpaq sahəsinin "xxxx" ASC-yə ipoteka qoyulmasına etirazı olmadığını, razı olduğunu bildirmiş və ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.
12. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2260 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1715Q saylı bağ evində yaşayır və qeyd olunan ünvanda qeydiyyatda heç kim yoxdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2432/2020 saylı qətnaməsindən görünür ki, apellyasiya şiakyəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 04 iyun 2019-cu il tarixli 2(060)-139/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, ipoteka ilə ilkin satış qiyməti 140000 manat olmaqla Cavabdeh1 tutulmalı olan məbləğ bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin, ev açıq hərracdan satılması və satışdan əldə edilən vəsait “Bank VTB (Azərbaycan)" ASC-nə ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun evdən məcburi qaydada çıxarılması və evin boşaldılması qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2432/2020 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Məhkəmə baxışının hədləri:
15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. -14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. - 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasəb əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
- 31.1-ci maddəsinə görə ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. - 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 33.3-cü maddəsinə görə ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. - 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
-“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. - 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. - 8.2-ci maddəsinə görə ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. - 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
17. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında 02 iyul 1986-cı il tarixində nikah bağlanmışdır. İddiaçının həyat yoldaşı Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1715Q nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. Sözügedən əmlak ipoteka ilə yüklü edilən zaman İddiaçı notariat orqanına notarial qaydada təsdiq olunmuş xx.xx.2015-ci il tarixli ərizə təqdim edərək torpaq sahəsinin "xxxx" ASC-yə ipoteka qoyulmasına etirazı olmadığını, razı olduğunu bildirmiş və ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı məhkəmə iclasında həmin ərizədəki imzanın ona məxsus olduğunu bildirmişdir.
18. İddiaçı hal-hazırda qeyd olunan ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. O, iddia ərizəsində sözügedən müqavilənin etibarsızlığının əsası kimi mübahisəli bağ evinin həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə alındığını və həmin əmlak ipoteka ilə yüklü edilən zaman onun razılığının alınmadığını göstərmişdir.
19. Beləliklə hazırki işdə iddiaçı əqdin bağlanması üçün iradə ifadəsi ilə bağlı şərtlərin pozulduğuna istinad etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının sözügedən ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinə dair razılığının olmamasına dair dəlili öz təsdiqini tapmamışdır.
20. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Lakin hazırki işdə məhkəmə araşdırması zamanı mübahisələndirilən müqavilə bağlanarkən iradə ifadəsinin bildirilməsi ilə bağlı şərtlərə riayət edilməməməsi müəyyən edilməmişdir.
21. Bunun əksinə olaraq məhkəməyə təqdim edilmiş iddiaçının yuxarıda qeyd olunan ərizəsi ilə onun əri tərəfindən mübahisə predmeti olan müqavilənin bağlanılmasına razılığının olması müəyyən olunmuşdur. Beləliklə iddiaçı sözügedən müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş etibarlılıq şərtlərinə riayət edilməməsini sübut edə bilməmişdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair əsas kimi göstərdiyi dəlillər əsassız olduğundan və müqavilənin etibarlılıq şərtlərinin pozulduğu müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.
24. Bundan başqa cavabdeh etiraz ərizəsində iddia müddətinin ötürülməsini də əsas kimi göstərərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığını iddia edən iddiaçı bu halı sübut edə bilmədiyindən və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında əqdin etibarsız olması müəyyən edilmədiyindən qanunvericilikdə nəzərdə tutulan müddətlərin tətbiq edilməsinə hər hansı bir əsas yoxdur.
25. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 128117-NEDVİJ-2899 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 128117-NEDVİJ-2899 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva