Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5028/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3050 manat pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 50,50 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2025-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən onun istifadəsində və sahibliyində olan, "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində, 3Q saylı sahədə inşa edilən 1 girişlə yaşayış binasının, 6-cı mərtəbəsində, 1 otaqdan ibarət, sahəsi 62.5 kv.m olan 36 saylı mənzilinin təmir edilməsi öhdəliyini 18000 manat qiymətə cavabdeh üzərinə götürmüş və bununla əlaqədar tərəfindən cavabdehə cəmi 10800 manat pul vəsaiti ödənilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh podrat öhdəliklərini 4 ay ərzində yerinə yetirməli olmuşdur. Buna baxmayaraq cavabdeh razılaşdırılmış işlərdən cüzi hissəsini icra etmiş və bundan sonra işlərin icrasını dayandırmış və inşaat sahəsini tərk etmişdir. Bundan sonra podratdan imtina edib ödədiyi pulların müvafiq hissəsinin geri qaytarılmasını cavabdehdən tələb etməyə başlamışdır. Tələbi müsbət nəticə vermədikdə şikayət ərizəsi ilə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə müraciət etdi. İlkin yoxlama çərçivəsində təhqiqat orqanı tərəflərin izahatını almış və cinayət tərkibi müəyyən olunmadığına görə müvafiq qərar qəbul edilmişdir. Belə ki, 13-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nazim Əzizovun qəbul etdiyi 02 may 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cavabdehin direktoru X2 izahatında ondan pullar aldığını etiraf etmişdir. Eyni zamanda ödənişləri təsdiq edən yazılı qəbzlər də mövcuddur və həmin qəbzləri hazırkı iddia ərizəsinə əlavə edir. Dəfələrlə cavabdehin qanuni təmsilçisi X1 “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə səsli mesajlar göndərərək podrat müqaviləsi üzrə öhdəliklərini icra etməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən işlərin icrasını davam etdirməmiş və bu hərəkətsizliyinin səbəbləri barədə ona məlumat verməmişdir. Cavabdeh ödədiyi 10800 manat muzdun 4745 manat hissəsini ona qaytarmışdır. Buna baxmayaraq əmin olduğu odur ki, icra olunmuş işlərin cəmi dəyəri 3000 manatdan çox deyil. Bu səbəbdən də cavabdehin ona 3055 manat borcu qalmış, bu günə qədər ona qaytarmamışdır. Hal-hazırda icra olunmuş işin dəyəri ilə bağlı aralarında mübahisə var. Cavabdeh hesab edir ki, ona borcu qalmamışdır. O isə hesab edir ki, cavabdehin ona 3055 manat borcu qalmışdır. Bu səbəbdən hesab edir ki, podratçı tərəfindən icra edilmiş işin real dəyərinin qiymətlənmdirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Bunun vəsatət kimi nəzərə alınmasını xahiş edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh təşkilat işin dayandırılmasına səbəb kimi elektrik naqillərinin olmamasını bəhanə gətirmişdir. Müqaviləyə əsasən, təşkilat may ayında işi təhvil verməli idi. İlk dəfə 5400 manat məbləğində ödəniş etmişdir. İkinci dəfə də eyni qaydada 5400 manat məbləğində ödəniş etmişdir. Razılaşmaya əsasən, 3 mərhələdə bu məbləği ödəməli idi. Cavabdeh təşkilat tərəfindən bəzi xırda işlər görülmüş, divarlara ilkin suvaq vurulmuş və borular birləşdirilmişdir. Cavabdeh 4700 manat ödəmişdir. Polisə şikayət olunduqdan sonra 2000 manat məbləğdə pulu geri ödəmişdir. Cavabdeh yerdə qalan 6055 manat pulun materiallara sərf olunduğunu iddia edir. Bu mümkün deyildir. Cavabdeh təşkilatın bəzi materialları evdə qalmışdır. Onların götürülməsinə etirazı yoxdur.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Nazim Əzizov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır.
6. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Tikinti-təmir podrat müqaviləsi”ndən görünür ki, sifarişçi təmir işlərinin yerinə yetirilməsini podratçıya həvalə edir və podratçı da öz növbəsində bu işlərin görülməsini öz üzərinə götürür.
7. xx.xx.2025-ci il tarixli “Tikinti-təmir podrat müqaviləsi”nə 1 saylı Əlavə ilə təmir işinin dəyəri 18000 manat, ilkin ödəniş 5400 manat, müqavilə müddəti 4 ay müəyyən edilmişdir.
8. İddiaçı Vüqar Abbasov tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 3050 manat pul vəsaitinin geri qaytarılması tələb edilmiş, əks halda pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. 29.01.2023-cü il və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinn surətindən görünür ki, İddiaçı tərəfindən ilkin (30 faiz) ödəniş üçün 5400 manat, ikinci (30 faiz) ödəniş üçün 5400 manat məbləğlərində ödəniş edilmişdir.
10. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1400 saylı ekspert rəyindən görünür ki, İddiaçı Ələsgər oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsinin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində, 3Q saylı sahədə inşa edilən 1 girişli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqdan ibarət 36 saylı mənzildə Cavabdeh MMC tərəfindən görülmüş təmir işlərinin dəyəri 2843 manat, o cümlədən material xərci 1114 manat, usta xərci 1217 manat, digər nəzərdə tutulmayan işlər və itkilər, probab haqqı 512 manat təşkil edir. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
14. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
15. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı)
16. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır.
17. İşin faktiki hallarından, tərəflərin xx.xx.2025-ci il tarixli podrat xidmətləri haqqında müqavilə bağladıqları müəyyən olunur və buna görə də iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları tətbiq edilməlidir.
18. İşin mübahisəsiz halı odur ki, görülməli olan təmir işlərinin dəyəri 18000 manat məbləğində müəyyən edilmiş, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq ümumi müqavilənin dəyəri olan 18000 manat pul vəsaitindən 10800 manat məbləğində pulu cavabdehin hesabına köçürmüş, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilən təmir işlərinin müəyyən hissəsi görülmüşdür.
19. Podrat müqaviləsi üzrə təmir işlərinin cavabdeh tərəfindən tam görülməməsi işin mübahisəsiz halı olduğundan məhkəmə qeyd edir ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.
20. Belə olan halda məhkəmə qeyd edir ki, iş üzrə düzgün nəticəyə gəlmək üçün cavabdeh tərəfindən görülmüş təmir işlərinin dəyəri müəyyən edilməlidir.
21. "X4" MMC tərəfindən görülmüş təmir işlərinə dair təhvil-təslim aktları iş materiallarında olmadığından xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "X4" MMC tərəfindən görülmüş işlərin dəyərini (həcmi) nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır.
22. Məhkəmə tərəfindən cavabdeh tərəfidən görülmüş işlərinin dəyərinin müəyyən edilməsi üçün xx.xx.2025-ci il tarixində məhkəmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1400 saylı ekspert rəyindən görünür ki, İddiaçı Ələsgər oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsinin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində, 3Q saylı sahədə inşa edilən 1 girişli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqdan ibarət 36 saylı mənzildə Cavabdeh MMC tərəfindən görülmüş təmir işlərinin dəyəri 2843 manat, o cümlədən material xərci 1114 manat, usta xərci 1217 manat, digər nəzərdə tutulmayan işlər və itkilər, probab haqqı 512 manat təşkil edir.
23. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
24. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
25. Eyni zamanda məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə iddiaçıya 4745 manat məbləğində ödəniş edilmişdir.
26. Beləliklə məhkəmə cavabdeh tərəfindən görülmüş işləri və iddiaçıya 4745 manat məbləğində etdiyi ödənişi nəzərə alaraq hesab edir ki, iddiaçının məhkəmədə irəli sürdüyü tələbə uyğun olaraq Cavabdehndən 3050 (üç min əlli) manat məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehndən 3050 (üç min əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat, 50 (əlli) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva