Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5056/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh Ralail oğlundan aylıq 250 manat sabit pul məbləğində alimentin, tərəfindən çəkilmiş mediasiya xərclərinin onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. O, bir valideyn kimi vəzifə borcunu yerinə yetirərək daima övladının saxlanılmasında, maddi ehtiyaclarının qarşılanmasında fəal iştirak etmiş, oğlu Eldənizi boya-başa çatdırmışdır. O, səhhətində olan problemlərlə bağlı uzun müddətdir işləmir. Buna baxmayaraq oğlu Eldəniz bir övlad kimi üzərinə düşən övladlıq borcunu yerinə yetirmir, hətta mülkiyyətində olan mənzildə yaşamaqla ona öz mənzilindən istifadə etməyə imkan verməmiş, bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bir övlad olaraq işləməyən valideyn kimi onun maddi ehtiyaclarının qarşılanmasında iştirak etməlidir. Cavabdehin qazanc və gəliri olduğu üçün ondan hər ay üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun bilir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh onun oğludur. O, səhhətində olan problemlərlə bağlı uzun müddətdir ki, işləmir, yalnız təqaüd alır. Buna baxmayaraq oğlu Eldəniz bir övlad kimi üzərinə düşən övladlıq borcunu yerinə yetirmir, hətta mülkiyyətində olan mənzildə yaşamaqla ona öz mənzilindən istifadə etməyə imkan verməmişdir. Cavabdeh bir övlad olaraq işləməyən valideyn kimi onun maddi ehtiyaclarının qarşılanmasında iştirak etməlidir. Cavabdehin həm özü, həm yoldaşı, həm də qızı işləyir. Bu səbəbdən düşünür ki, o, aliment ödəmək qabiliyyətinə malikdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ailədə 4 nəfərdirlər. Oğlu xəstədir, səhhətində problem var, qazancının əksər hissəsi onun müalicəsinə gedir. Hal-hazırda kirayə qalır. 626 manat məbləğində aylıq əmək haqqı vardır. Sonda məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X5 izahatında bildirdi ki, onların iddiaçıya qarşı 12000 manat ödəməklə kompensasiya verilməsinə dair iddia ərizəsi vardır. Həmin iddia ərizəsi birinci instansiya məhkəməsində təmin olunmuş, Apellyasiya məhkəməsində qüvvədə qalmışdır. Hal-hazırda Ali Məhkəmənin icraatındadır. Müdafiə etdiyi şəxs hal-hazırda kirayədə qalır, evi yoxdur, 3 yaşlı övladının səhhətində problemlər vardır və onun müalicəsinə kifayət qədər pul xərcləyir. İddiaçı isə aylıq 525 manat təqaüd alır və özünə məxsus mənzili kirayəyə verərək ondan gəlir əldə edir. Göründüyü kimi iddiaçının aylıq gəliri kifayət qədər yüksəkdir.
Tədqiq olunan sübutlar:
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-7/2-i-15625/2024 saylı arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 521,79 manat məbləğində əmək pensiyası alır. Əmək pensiyasının məbləğindən xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 46,92 manat, xx.xx.2027-ci il tarixindən xx.xx.2027-ci il tarixədək 2,12 manat məbləğində tutulma qeyd edilmişdir. Tutulma nəzərə alınaraq hal-hazırda 474,87 manat məbləğində əmək pensiyası ödənilir.
8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2779/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh Rəfail oğluna, X4, X2 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə onların və azyaşlı X1 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
-6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
12. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il pensiyaçılar üçün yaşayış minimumu ölkə üzrə 222 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
14. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı yaşa görə 521,79 manat məbləğində əmək pensiyası alır. Tutulma nəzərə alınaraq hal-hazırda Dövlət Sosial Müdafiə Fondundan 474,87 manat məbləğində əmək pensiyası ödənilir. Cavabdeh onun oğludur. İddiaçı hazırda əmək qabiliyyətsiz olduğunu və maddi yardıma ehtiyacı olduğunu əsas gətirərək cavabdehdən onun saxlanması üçün hər ay 250 manat alimentin alınaraq ona ödənilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi yetkinlik yaşına çatmış uşağın valideynin saxlanması üçün aliment ödəməsi ilə bağlı olduğundan həmin münasibətlərə ailə qanunvericiliyinin aliment münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
17. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbinin əsaslı olması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsi iki əlamətin birlikdə mövcudluğunu şərtləndirir. Birinci növbədə valideynin maddi yardıma ehtiyacı olması, ikinci əmək qabiliyyəti olmayan olmasını. İddiaçı pensiyaçı olduğundan əmək qabiliyyəti olmayandır. İkinci əlamət valideynin maddi yardıma ehtiyacının olmasıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi yardıma ehtiyacın olmasını müəyyənləşdirərkən yaşayış minimumu nəzərə alınmalıdır. Belə ki, maddi yardıma ehtiyacı olan şəxs dedikdə qanunverici yaşayış minimumdan aşağı gəlirlərə malik şəxsləri nəzərdə tutur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilik 2024-cü il üçün pensiyaçılar üçün yaşayış minimumu ölkə üzrə 222 manat müəyyən etmişdir. Hazırkı iş üzrə İddiaçı isə yaşa görə 474,87 manat məbləğində pensiya alır.
18. Eyni zamanda iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda adı qeyd edilən xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi İddiaçı tərəfindən cavabdehlər Cavabdeh Rəfail oğluna, X4, X2 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə onların və azyaşlı X1 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir.
19. Beləliklə iddiaçı yuxarıda qeyd edilən iş üzrə 12000 manat məbləğində kompensasiya verməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda iddiaçının 12000 manat məbləğində vəsaiti vermək imkanına malik olması da məhkəmənin onun maddi ehtiyacı olan şəxs olmaması qənaətinə gəlməsinə əsas verir.
20. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı maddi yardıma ehtiyacı olan şəxslərin qrupuna daxil deyildir və həmin hissədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsində nəzərdə tutulmuş ikinci zəruri əlamət, yəni valideynin maddi yardıma ehtiyacı olması əlaməti yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan təmin ediməməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Ralail oğlundan aylıq 250 manat sabit pul məbləğində alimentin, tərəfindən çəkilmiş mediasiya xərclərinin onun nəfinə tutulması tələbinə dair iddiası təmin edilməsin.
Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh Ralail oğlundan aylıq 250 manat sabit pul məbləğində alimentin, tərəfindən çəkilmiş mediasiya xərclərinin onun nəfinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva