Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5082/2025 15.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 onun yanında qalması, azyaşlı yetkinlik yaşına çatanadək onun saxlanılmasına görə Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, habelə ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutularaq ona İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X2 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar cavabdehlə aralarında olan münasibətlər normal olsa da, sonradan münasibətlər kolanmış, aralarında tez-tez mübahisələr baş vermişdir. Cavabdehlə ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur. Faktiki olaraq 3 aydan artıqdır ki, ayrı yaşayırlar. Bu 3 ay ərzində cavabdeh yalnız onun çoxsaylı təkidlərindən sonra övladı üçün sadəcə 200 manat məbləğində vəsait göndərmişdir.Cavabdeh hazırda övladına heç bir maddi kömək göstərmir.Övladları azyaşlıdır və onun bütün zəruri ehtiyaclarını təkbaşına qarşılamaqda çox çətinlik çəkir.Cavabdeh isə övladına maddi yardım etməkdən boyun qaçırır. O, hal-hazırda azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Övladı azyaşlı, anasına bağlı olduğu üçün onun üstün mənafeyi naminə uşağın yaşayış yeri onun yanında müəyyən edilməlidir. Bununla yanaşı, uşağın saxlanılması üçün onun xeyrinə cavabdehdən hər ay 246 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd edilir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş, razılıq əldə olunmamışdır. Ona Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01233 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur.Həmçinin 60 manat məbləğində mediasiya xərci tam şəkildə ödənilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən məhkəməyə disk təqdim olunmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, məhkəməyə təqdim etdiyi diskdə harada işləməyi ilə bağlı, nə qədər maaş almağı ilə bağlı səs yazmalar var.Bildirir ki, ***- **** manata yaxın maaş alır. Dayısının 2 obyekti var. Cavabdeh obyektin birində ofisiant kimi qeydiyyatdadır. Aprelin 7-sindən Sumqayıtda yaşayır. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-01233 saylı arayışdan göründüyü kimi, aliment tələbi mübahisəsinə dair işdə Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi Yeni yaşayış Massivinin 9-cu məhəlləsi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 728 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhər, Yeni Yaşayış Maasivi 9, ev 339 məhəllədə qeydiyyatsız yaşayır. Aliment tələbinin əsası kimi cavabdehin könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, uşağın həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynlə qalması məsələsini araşdıraraq qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmayan övladının onun himayəsində saxlanılmasını istəməsi və birgə nikahdan olan uşağın ananın himayəsində saxlanılması uşağın marağını pozması halı aşkar edilmədiyindən, eyni zamanda cavabdehin uşağın ananın himayəsinə verilməsinə etirazı olmadığından, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. Məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli (246:400=0,62) həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın təminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. İddiaçı 03 aprel 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat alimentin tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər- arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 60 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Aliment tələbi barədə ərizə xx.xx.2025-ci iltarixdə məhkəməyə daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5082/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5082/2025
15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver