Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-511/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ailə qurduqdan sona ər-arvad münasibətləri bir müddət yaxşı olsa da sonradan cavabdehin təqsiri nəticəsində pisləşmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmir. Yaşam tərzləri və xarakterləri fərqli olduğuna görə münasibətləri artıq kəsilmişdir. Ailə dağılmış və yenidən bərpası mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit məbləğdə alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlə eyni ünvanda yaşayırlar. Cavabdeh Mənzil Kommunal və İstismar sahəsində işləməklə bərabər dövlətdən pensiya da alır. Buna baxmayaraq uşağın zəruri xərclərinin ödənilməsini təmin etmir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə SMS xəbərdarlıq və rəsmi qaydada bildiriş göndərilməklə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər – İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasından sonra İddiaçı prosesin davam etdirilməsinə razılıq verməmişdir. İlkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikah Azərbaycan Respublikası Sumqayıt nikah evində xx.xx.2011-ci il tarixində akt qeydləri kitabında 376 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2007-ci tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı yalnız aliment öhdəliyinin olması baxımından iddia tələbini müdafiə etməsinə baxmayaraq tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrinin əsasları ilə bağlı heç bir mötəbər sübutu məhkəmə müdafiəsinin predmeti olmamışdır.Bu baxımdan işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.Tərəflər təqdim etmədiyi təqdirdə işdə olan mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək tərəflərin birgə yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24 noyabr 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (AM 100.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 noyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-511/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-511/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver