Məhkəmə qərarları › İş №2(060)-5110/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5110/2023

20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5110/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment və maddi yardım tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment və maddi yardım tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 23 iyul 2009-cu ildə qanuni nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 14 aprel 2011-ci ildə X7 və X9 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra hərbçi olduğu üçün o, hər vaxt mənəvi cəhətdən ona dayaq olmuş, maddi cəhətdən sıxıntıları olsa da, bunu ona hiss etdirməmişdir. Birgə nikah dövründə mənzil almışlar, ona avtomaşın almışlar. Cavabdeh hərbçi olduğundan və ailədə iki qız uşağı böyüdüyündən o, ali təhsilli müəllimə kimi bir müddət işlədikdən sonra işdən çıxmalı olmuşdur. İddiaçı hal-hazırda heç bir yerdə işləmir, uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir, övladları Məhərrəmli Əsma fiziki qüsurludur, daimi müalicəyə ehtiyacı var. Lakin cavabdeh evdə xərcləri ödəməkdən daim yayınır. Maddi sıxıntı çəkmələrinə baxmayaraq, cavabdeh bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşağı ilə maraqlanmır, uşağın maddi və mənəvi təlabatlarını yerinə yetirilməsində iştirak etmir. Hərbçi kimi təqaüd alır, həm də N saylı hərbi hissədə işləyərək maaş alır. Ancaq buna baxmayaraq ailənin ehtiyaclarını ödəməkdən yayınır. İddiaçı dəfələrlə bu barədə cavabdehlə söhbət etmiş, lakin cavabdeh yalnız özünü fikirləşir, sanki ailəsi, uşaqları yoxdur, yeyib-içməyindən, lazımsız yerlərə pul xərcləməkdən sanki zövq alır, bu adam öz ailəsi, xəstə qız uşağı qətiyyən maraqlandırmır. Kifayət qədər pensiya alır, işləməklə əlavə gəliri də hesablasalar, əslində onlar bol-firavan yaşamalıdırlar. Ayda cüzi məbləğdə iddiaçıya pul verir ki, bu da ancaq ərzağ alınmasına zorla çatır. Qalan pulunu hara xərcləməsi barədə heç bir məlumat vermir. Onlara üç nəfərə ayda 300 manatlıq özü iştirak etməklə bazarlıq edir. Bundan artıq bir manat da olsun iddiaçıya və uşaqlarına vəsait vermir və xərcləmir, qalan pulu ancaq özünə xərcləyir. Aylıq gəliri isə pensiya ilə birlikdə 3000 manatdan yuxarıdır. 2500 manat pensiya alır, 600 manat işlədiyi yerdən maaş alır. Özünə isə heç bir məhdudiyyət qoymadan pul xərcləməyi xoşlayır. Artıq evdə narazılıqlar başlasa da o heç nəyi vecinə almır. İddiaçı bir dəfə boşanmaq istəsə də ona kartını verərək, aldatdı və məlum oldu ki, kartdan pulu daxil olan kimi götürür, kart boş olaraq iddiaçıda qalır. Tərəflər 10 fevral 2023cü ildə mediasiya təşkilatında barışıq sazişi imzalamışlar. Sazişə görə uşaqların saxlanması üçün hər ay ona pul ödəməli idi. Pensiya kartını ona verdi ki, oradan guya pul çıxarsın. Ancaq iddiaçını yenə də aldatdı. Artıq bu vəziyyətdən bezərək qərara almışdır ki, məsələni məhkəmə müstəvisində həll etsin. O, ailənin dağılmasını, yəni boşanmaq istəmir, ancaq istəyir ki, məhkəmə qaydasında uşaqlara aliment versin, xəstə qızları Əsmanın müalicəsi üçün məhkəmə tərəfindən əlavə hər ay maddi yardım ondan tutulsun. Ona görə ki, qızları Əsma Neftçilər xəstəxanasında açıq ürək əməliyyatı olunub, əlavə müalicəyə daimi ehtiyacı vardır. Göstərilənlərə əsasən 14 aprel 2011-ci ildə anadan olmuş X7 və 10 avqust 2013-cü ildə anadan olmuş X1 üçün Cavabdeh pensiya və əmək haqqının, digər gəlirlərinin 1/3 hissəsi aliment kimi tutulub iddiaçıya verilməsi və Əsma Məhərrəmlinin müalicəsi üçün ayda 100 manatın əlavə tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı ilə aralarında bağlanan birgə nikaha xitam verildikdən sonra aliment tələb edilməsinə razıdır. Əlavə olaraq qeyd edir ki, hər zaman ailəsinə yaxşı baxmışdır. Son dövrlər maddi sıxıntıları olduğu üçün ailə xərclərini qarşılaya bilmədim. İddiaçı ilə aralarında bağlanan birgə nikaha xitam verildikdən sonra tələb edilən alimenti ödəməyə razıdır. Hətta birgə nikah dövründə aldıqların evin də satışından əldə olunan pul iddiaçı ilə aralarında bərabər şəkildə bölünəcəkdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2009-cu il tarixdə verilmiş AZ-İ № 503632 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 23 iyul 2009-cu il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 1018 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir.

7. İş materiallarında olan Ağdam rayonu Nəmirli ərazi nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ № 653308 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 14 aprel 2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

8. İş materiallarında olan Ağdam rayonu Nəmirli kənd İƏD tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 151304 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 10 avqust 2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

9. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında mediator X2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023-00175 saylı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılaşırlar ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı xx.xx.2009-cu il tarixli 1018 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2021-ci il tarixli X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında yaşamasına razıdırlar. Tərəflər aliment, valideynin əlavə xərclərə cəlb edilməsi və əmlak bölgüsü tələbi ilə bağlı mübahisəni məhkəmə müstəvisində həll etmək barədə razılıq əldə etdilər.

10. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 6 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 03 saylı arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 xx.xx.2013-cü il tarixdən 6 №-li ASM-də qeydiyyata götürülüb. Müvafiq müayinələr olub. xx.xx.2015-ci il tarixdə X3 anadangəlmə ürək qüsuru Fallo Tedradası diaqnozu ilə açıq ürək əməliyyatı olub. xx.xx.2017-ci il tarixdə Mikrosefaliya diaqnozu qoyulmuşdur. Psixi nitqin və əqlin geriliyi. xx.xx.2017-ci il tarixdən dispanser qeydiyyatına götürülüb. Əsas diaqnoz: F 71.1 Orta dərəcəli əqli gerilik davranış pozuntusu ilə. F 80.0 Nitqin spesifik pozuntusu. Uşaq Nevroloq tərəfindən mütəmadi olaraq müalicə və müayinəyə olunur. Hal-hazırda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbdə təhsil alır.

11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh 225 nömrəli Hərbi hissədə avtobus sürücüsü vəzifəsində çalışır, maaşı isə 527,80 manatdır. Eyni zamanda X5 aldığı vətən müharibəsi iştirakçısı olduğu üçün pensiya məbləği 80 manat, YG-yə görə isə 2054,85 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaqlar ananın himayəsindədirlər. İddiaçı uşaqların saxlanılmalarında maddi çətinlik çəkir və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh pensiya və əmək haqqının, digər gəlirlərinin 1/3 hissəsi aliment və X4 müalicəsi üçün hər ay 100 manat maddi yardımın tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

17. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

18. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh işləyir, əmək haqqı məbləği 527,80 manat təşkil edir.

20. Göründüyü kimi Cavabdeh qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən deyildir.

21. Məhkəmə, cavabdehin işlədiyini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən qazancının müəyyən hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.

22. Belə ki, sabit gəliri olan valideyindən alimentin onun qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi tutulması qanunun imperativ göstərişidir.

23. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

24. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

26. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 24 iyul 2023-cü il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, həmin tarixdən başlayaraq tutulmalıdır.

27. Məhkəmə iddia tələbinin “Əsma Məhərrəmlinin müalicəsi üçün ayda 100 manatın əlavə tutulub iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin qazancı (başqa gəlirləri) yüksəkdir, habelə uşağa xəstəliyi ilə əlaqədar müavinət təyin edilmişdir.

29. Əlavə xərclərin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

30. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

31. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

32. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını, cavabdehin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il tarixli X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Nəticə hissəsi:

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il tarixli X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar