Məhkəmə qərarları › İş №2(060)-5113/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5113/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5113/2023 23.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “nikahın pozulması tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 08 sentyabr 2011-ci il təvəllüdlü X4, 03 oktyabr 2013-cü il təvəllüdlü X5 və 11 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi S.E.Qənbərli cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, mülki iş üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında 29 oktyabr 2010cu il tarixdə bağlanmış rəsmi nikahın vaxt verilmədən pozulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki o, Cavabdeh ilə 29 oktyabr 2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları var-03 oktyabr 2013-cü il təvəllüdlü X12, 08 sentyabr 2011-ci il təvəllüdlü X13 və 11 sentyabr 2018-ci il təvəllüdlü X10. Nikaha daxil olduqları vaxtdan normal münasibətləri olsa da, sonralar cavabdehin ailəsinə qarşı münasibəti dəyişməyə başlamışdır. Belə ki, ailədə tək işləyən o olmasına baxmayaraq, ailəsi ilə maraqlanmır, övladlarının maddi ehtiyaclarını qarşılamır. O, isə özü heç bir yerdə işləmir, uşaqlarına baxır. Dəfələrlə xəbərdarlıq etsə də ona məhəl qoymamış, gecələr evə gəlməmişdir. Ona görə də ailəsinə və uşaqlarına baxmır. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, qarşılıqlı iddia tələbini qəbul edir və nikahın pozulmasına etiraz etmir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini cavabdehlə aralarında olan nikahın pozulmasına etiraz etmədiyini bildirdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil ilkin iddia tələbini qismən qəbul edərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh-iddiaçı, İddiaçı ilə 29 oktyabr 2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikah münasibətlərindən 08 sentyabr 2011-ci il təvəllüdlü X13, 03 oktyabr 2013-cü il təvəllüdlü X12 və 11 sentyabr 2018-ci il təvəllüdlü X10 adlı üç övladları dünyaya göz açmışdır. İddiaçı ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birilərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Qarşılıqlı olaraq anlaşa bilmədiklərindən, nikahları kağız üzərində qalmışdır. Artıq ər-arvad münasibətləri pozulmuş və ailə faktiki olaraq dağılmışdır. Bu səbəbdən də aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də hesab edir ki, ailələrinin bərpa olunması mümkün deyil və bu nikah barışmaq üçün vaxt verilmədən pozulmalıdır. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, cavabdeh-iddiaçı, X8 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin qeyri rəsmi ər-arvad münasibətlərindən 06 iyul 2019-cu il təvəllüdlü X16 adlı bir övladları anadan olmuşdur. X8 ilə rəsmi nikaha daxil olmaq mümkün olmadığından, atalığın müəyyən olunması üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş və həmin qurum tərəfindən 27 iyul 2019-cu il tarixdə verilən “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”də X9 atası hesab edilmişdir. 06 iyul 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırmış, qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl C.Hüseynova cavabdeh-iddiaçını ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, onun bu təklifini qəbul etmiş və mediatorun iştirakı ilə aşağıdakı şərtlərlə 07 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023- 01644 saylı Barışıq sazişini imzalamışlar: “Mediasiya prosesində Cavabdeh qeyri-rəsmi nikah münasibətlərindən doğulmuş 06 iyul 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin X3 ödəmək barədə öhdəlik götürmüşdür. X8 06 iyul 2019-cu il təvəllüdlü X11 Cavabdeh ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü”. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilki iddia və qarşılıqlı iddia tələbi təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər 29 oktyabr 2010-cu il tarixdə nikaha daxil olmuş, bu nikahdan 08 sentyabr 2011-ci il təvəllüdlü X13, 03 oktyabr 2013-cü il təvəllüdlü X12 və 11 sentyabr 2018-ci il təvəllüdlü X10 adlı üç övladları doğulmuşdur. İşdə olan AZ-İ № 352175 saylı, xx.xx.2019-cu il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh 06 iyul 2019-cu il tarixdə X1 doğulmuş X9 atası hesab edilmişdir. İş materiallarında olan X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”ndən görünür ki, Mediasiya prosesində Cavabdeh qeyri-rəsmi nikah münasibətlərindən doğulmuş 06 iyul 2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin X3 ödəmək barədə öhdəlik götürmüşdür. X8 06 iyul 2019-cu il təvəllüdlü X11 Cavabdeh ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2023-cü il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1. və 20.2-ci maddələrinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən məhkəməyə belə bir saziş təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan 08 sentyabr 2011-ci il təvəllüdlü X13, 03 oktyabr 2013-cü il təvəllüdlü X12 və 11 sentyabr 2018-ci il təvəllüdlü X2 valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən onların yaşlarını, ananın boşanmadan sonra uşaqlarının onun yanında qalmasını tələb etdiyini, atanın boşanmadan sonra uşaqların anasına verilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, boşanmadan sonra uşaqlar anasının yanında qalmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh uşağın saxlanılması üçün cavabdeh-iddiaçıdan hər ay aylıq qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Lakin, iddiaçıcavabdehdən yalnız qazancının yarısı miqdarında aliment tutulması uşaqların marağını əhəmiyyətli dərəcədə pozduğundan məhkəmə uşağın əsaslı mənafelərini nəzərə alaraq belə qənaətə gəlir ki, aliment həm iddiaçı-cavabdehin məvacibinə uyğun həm də sabit pul məbləğində tutulmalı, alimentin miqdarı «Azərbaycan Respublikasında yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş həddən aşağı olmamalıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı hissəsi miqdarda aliment tutulur. Hazırki halda 08 sentyabr 2011-ci il təvəllüdlü X13, 03 oktyabr 2013-cü il təvəllüdlü X12 və 11 sentyabr 2018-ci il təvəllüdlü X2 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçı-cavabdehin tələbi qanuni, əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki halda iddiaçı-cavabdeh alimentin tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən, məhkəmə hesab edir ki, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, tərəflər arasında nikah formal xarakter daşıyır, tərəflərin birgə nikahdan olan uşaqlar hazırda anasının himayəsindədir.Odur ki, cavabdeh-iddiaçının nikahın pozulması tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçı cavabdehin boşandıqdan sonra qızlıq soyadı olan “Süleymanova” soyadına keçməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20, 22, 75, 78, 84-cü maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh 08 sentyabr 2011-ci il təvəllüdlü X13, 03 oktyabr 2013-cü il təvəllüdlü X12 və 11 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. İlkin iddia tələbi üzrə ödənilmiş rüsumlar iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında olan Qaradağ rayon qeydiyyat şöbəsində 29 oktyabr 2010-cu il tarixdə bağlanmış və 967 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından olan 08 sentyabr 2011-ci il təvəllüdlü X13, 03 oktyabr 2013-cü il təvəllüdlü X12 və 11 sentyabr 2018-ci il təvəllüdlü X10 anası- İddiaçı himayəsində qalsınlar. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş rüsum cavabdeh-iddiaçı Cavabdeh Murdaəli oğlunun özünə aid edilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar