Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5116/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2010-cu ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. 15 aprel 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları- xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri düz gəlmir. Belə ki, cavabdeh ailə qayğılarından uzaqdır, ailəyə baxmır. Elə bu səbəbdən məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində alimentin tutulub iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 aprel 2016-cı il tarixdə verilmiş AZ-İİ № 109050 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 15 aprel 2016-cı ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 884 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir.
7. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 04 sentyabr 2011-ci il tarixində verilmiş AZ-İİ № 725344 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 iyul 2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 03 iyun 2015-ci il tarixində verilmiş AZ-İİİ № 543737 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 may 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞS/MT030/2023-01428 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2023-cü il tarixindən "xxxx" ASC-nin Mühafizə Departamentində mühafizəçi vəzifəsində çalışır və onun aylıq əmək haqqı məbləği 345 manat təşkil edir.
11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı Sumqayıt Dövlət Universitetində böyük laborant vəzifəsində çalışır və əmək haqqı məbləği isə 500 manatdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 15 aprel 2016-cı il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları vardır. İddiaçı Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün aliment tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin hazırda rəsmi iş yeri olsa da, qanunveriliciliyə əsasən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə poza bilər. Belə ki, cavabdehin əmək haqqının müəyyən hissəsi kimi tutulma təxminən 115 manat təşkil edir. Bu məbləğ də «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qeyd olunmuş məbləğə uyğun deyildir. Belə olan halda məhkəmə hesab edir ki, aliment sabit məbləğdə müəyyən edilməlidir.
17. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, cavabdehin izahatını, tərəflərin rəsmi iş yerlərini və əmək haqlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir.
18. Belə ki, iddiaçı tərəf hər ay sabit pul məbləğində 440 manat miqdarında alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
20. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.
21. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
23. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, iddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur.
25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
26. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
28. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
29. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
30. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
31. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, uşaqların üstün mənafelərini, uşaqların saxlanılmasının hər iki valideynin borcu olması ilə bağlı qanunvericiliyin tələblərini, uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququnu olması kimi halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24 iyul 2023-cü il tarixindən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
33. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
36. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (320 x 12 = 3840 manat. 2840 x 1% = 28,4 manat. 30+28,4= 58,4 manat)
37. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 58,4 (əlli səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.
Nəticə hissəsi:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 iyul 2023-cü il tarixindən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 58,4 (əlli səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva