Məhkəmə qərarları › İş №2(060)-5198/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5198/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5198/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 may 2020-ci il təvəllüdlü X2 və 06 mart 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin 04 dekabr tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahlarından 13 may 2020-ci il təvəllüdlü X4 və 06 mart 2023-cü il təvəllüdlü X5 olmaqla iki övladları dünyaya gəlmişdir. Ailə həyatlarının ilk illərində normal yaşamağa başlamış və aralarında hər hansı ciddi problem də olmamışdır. Lakin tədricən xasiyyətlərinin və ailə dəyərlərinin fərqli olması səbəbindən həyat yoldaşı ilə münasibətləri korlanmağa və aralarında soyuqluq yaranmağa başlamışdır. Belə ki, cavabdehlə xasiyyətlərinin tutmaması səbəbindən tədricən münasibətləri soyumağa və buna görə də aralarında tez-tez söz-söhbətlər əmələ gəlməyə başlamışdır. Nəticədə ailədə yaranmış bu narazılıqlar münasibətlərinin tamamilə korlanmasına gətirib çıxarmış və sonda cavabdehin ailəsi tərəfindən ona böhtan atılaraq evdən çıxıb valideynlərininin yanına gəlməyə məcbur edilmişdir. Onlar cavabdehlə artıq bir müddətdir ki, ayrı-ayrı yaşayırlar və onlar uşaqları ilə valideynlərinin himayəsində yaşayır. Bu müddət ərzində cavabdeh nəinki uşaqlarının maddi vəziyyəti və dolanışıqları ilə maraqlanmamış, hətta uşaqların geyimlərini və oyuncaqlarını belə geri qaytarmamışdır. Cavabdehin onunla münasibətləri pozulsa da, övladlarının maddi tələblərini təmin etmədiyinə görə hal-hazırki şəraitdə uşaqların saxlanılması üçün alimentin ödənilməsi tələbini irəli sürməyə lüzum görür. O, cavabdehlə aliment mübahisəsini mediasiya qaydasında nizama salmağa çalışsa da, bu cavabdehin təqsiri ucbatından mümkün olmadığı üçün məhkəməyə müraciət etməyi və övladlarının saxlanılması üçün cavabdehdən sabit pul şəklində aliment məbləğinin tutulmasını tələb etməyi qərara almışdır. Belə ki, hal-hazırki şəraitdə onun maddi durumu övladlarının tam şəkildə normal saxlanılmalarına, yaşamalarına və təhsil almalarına imkan vermir. Buna görə də belə bir şəraitdə onun bütün bu yükü daşımağı mümkünsüzdür ki, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə aliment ödəmək vəzifəsinin qoyulmasını tələb etməyi qərara almışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh Sumqayıt Regional Təhsil-Təchizat şöbəsində işləyir. Bundan başqa o, maşın alveri ilə məşğuldur. Lakin cavabdehin maşın alveri nəticəsində atasının ona hər satılan maşına görə 100 manat verməsi barədə fikirləri inandırıcı deyil. Ümumiyyətlə cavabdeh uşaqları üçün aliment ödəmək istəmir. Bununla əlaqədar cavabdeh müəyyən bəhanələr gətirir. Hətta atalığın müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda hesab edir ki, iş cavabdeh tərəfin qeyd etdiyi əsasla baxılmamış saxlanıla bilməz. Belə ki, tərəflər arasında olan mübahisə eyni predmet barəsində deyil. Hazırkı iddia tələbi alimentlə bağlıdır. Məhkəmənin icraatında tərəflər arasında alimentlə bağlı hər hansı başqa bir iş yoxdur. Cavabdeh uşaqlarda yalnız birinə münasibətdə atalığı mübahisələndirir. Buna baxmayaraq digər uşağının da saxlanması üçün könüllü olaraq aliment ödəmir. Bir sözlə cavabdeh aliment öhdəliyinin icrasından müxtəlif baəhanələrlə yayınmağa çalışır. Cavabdehin kifayət qədər gəlir və əlavə qazancı var. Belə ki, o maşın alveri ilə də məşğul olur. Bunu hazırlıq iclasında verdiyi izahatında cavabdeh özü də etiraf etmişdir. Respublikada maşın alverindən qazanılan yüksək gəlir isə hamıya məlumdur. Bundan başqa qüvvədə olan qanununveciliyin, həmçinin Ali Məhkəmənin Plenum Qərarlarına əsasən aliment məsələsini həll edərkən məhkəmə üçün cavabdehin əmək haqqının məbləği, hətta işləyib işləməməsi də əhəmiyyət kəsb etməməlidir, əsas məsələ uşağın mənafeyidir. Nümayəndə qeyd edilənlərə əsaəsn iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, eyni tərəflər, eyni premet barəsində eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin digər hakimin icraatında da iş var. Belə olan halda hesab edir ki, hazırkı mübahisə baxılmamış saxlanılmalı və ya iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Bundan başqa qeyd edir ki, cavabdehin hər zaman əlavə qazancı və gəlirləri olmur. Cavabdeh daimi olaraq maşın alveri ilə məşğul deyil, o rəsmi qaydada işləyir. Belə olan halda hesab edir ki, uşaqların saxlanılması üçün müəyyən ediləcək alimentin məbləği cavabdehin əmək haqqına uyğun olmalıdır. Nümayəndə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, Təhsil Nazirliyində işləsə də, əlavə tenderlərə qoşulmur, məhsul alınmasında iştirak etmir. Rəsmi qazancı vergi tutulmadan 538 manatdır. Vergi tutulduqdan sonra isə daha az məbləğdir. Onun əmək haqqından başqa əlavə gəliri və qazancı olmur. Onu da qeyd edir ki, maşın alveri ilə məşğul olsa da, həmin işdən hər ay pul qazanmır. Belə ki, hər maşın təxminən 3-4 aydan bir satılır, hər maşının satışından isə cəmi 100 manat məbləğində qazanc əldə edir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan nikah haqqında akt qeydindən görünür ki, X6 ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 3367 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Xankişiyeva soyadı verilmişdir. Tərəflərin birgə nikahından 13 may 2020-ci il təvəllüdlü X4 və 06 mart 2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş doğum haqqında akt qeydlərinin notarial qaydada təsdiqlənmiş surətinə əsasən) İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh aylıq əmək haqqı 538 manat, ümumi tutulmalardan sonra 464,33 manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Xızı Regional Təhsil İdarəsində qrup rəhbəri vəzifəsində işləyir və 538 manat əmək haqqı alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, cavabdehin əmək haqqının məbləğini, o cümlədən qeyri-müntəzəm də olsa əlavə qazancının olduğunu nəzərə alaraq hesab edir ki, 13 may 2020-ci il təvəllüdlü X4 və 06 mart 2023-cü il təvəllüdlü X1 üçün alimentin hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində müəyyən edilməsi onların əvvəlki təminat səviyyəsinin saxlanılmasına imkan verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə icraatın baxılmamış saxlanılmalı olması barədə cavabdehin vəkilinin ərizəsi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə iddia qaldıraraq aralarında bağlanmış xx.xx.2018-ci il tarixli nikahın pozulması və 13 may 2020-ci il təvəllüdlü X2 onun yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi məhkəmənin icraatında 13 may 2020-ci il təvəllüdlü X4 və 06 mart 2023-cü il təvəllüdlü X1 üçün aliment tələbinə dair hər hansı başqa bir iş yoxdur. Məhkəmə onu da qeyd edir ki, hər iki uşaq nikahda olan şəxslərdən doğulduğundan və Cavabdeh 06 mart 2023-cü il təvəllüdlü X3 atası olması barədə doğum haqqında şəhadətnamə hal-hazırda qüvvədə olduğundan məhkəmə cavabdehin uşaqlardan birinin atası olmaması və onun atalığını mübahisələndirməsi ilə bağlı etirazının dəlillərini də qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 600 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 7200 (600*12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 92 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan görünür ki, tərəflərin hər ikisi mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsaəsn məhkəmə hesab edir ki, cavabdeh mediasiya prosesində iştirak etdiyindən, mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsinin (42 manat) iddianın təmin edilən hissəsinə mütənasib olaraq hissəsi (təxminən 67 faiz) – 28 manat dövlət rüsumu da tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 may 2020-ci il təvəllüdlü X4 və 06 mart 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və ödənilmiş 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı verilsin. Cavabdeh 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar