Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-523/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılmas” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqaxıi Şəhər Məhkəməsinin 2(060)-384/2015 saylı, 22.06.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını artıraraq, 17.11.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadbehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək 2(060)-384/2015 saylı, 22.06.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını artıraraq, 17.11.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadbehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 09.12.2005-ci il tarixdə rəsmi dövlət nikahından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 17.11.2006-cı il təvəllüdlü X3 adlı bir övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 26.11.2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadbehdən 15 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. 2015-ci il tarixdə o, Sumqayıt şəhər Məhkəməsinə aliment miqdarının artırılması tələbi ilə müraciət etmiş, məhkəmənin 2(060)-384/2015 saylı, 22.06.2015-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2-3040/2008 saylı, 26.11.2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 17.11.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadbehdən 24.11.2014-cü il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Lakin qət olunan aliment məbləği bugünki iqtisadi münasibətlərə uyğun gəlmir. Qızı günü-gündən böyüyür, o, məktəblidir. O, onu cəmiyyət üçün ağıllı, təhsilli bir vətəndaş yetişdirmək üçün onun təhsilinə xüsusi diqqət göstərir. Buna görə müvafiq hazırlıq kurslarına gedir. Bundan əlavə onun qida, geyim ehtiyac və tələbatlarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Böyüdükcə xərcləri də artmaqdadır. Hal-hazırda rəsmi iş yeri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, gəliri stabil deyildir. Eləcə də yeni nikahdan iki azyaşlı övladı var, xahiş edir ki, bu diqqətəlayiq hal kimi nəzərə alınsın. Uşaqların hüquqlari eyni olmalıdır. Qəhrəmanova Ayana qeyri-rəsmi artıqlaması ilə aliment ödəməyə çalışır. Gündəlik gəliri hava şəraitinə uyğun hesablasaq 400-550 manat olur. Aliment məbləğini 110 manatdan maxsimum 130 manat məbləğində təyin ediməsini xahiş edir. Məhkəmə, iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 22.06.2015-ci il tarixli 2(060)-384/2015 saylı qətnaməsinin məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-3040/2008 saylı, 26 noyabr 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 17.11.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X1 xeyrinə 24.11.2014-cü il tarixdən başlayaraq ayda 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin bir yetkinlik yaşına çatmayan övladının olması, uşağın ananın yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin hallarından göründüyü kimi uşağın saxlanılması üçün 108 manat sabit pul məbləğində alimentin tutulması məhkəmə qətnaməsi ilə qət edilmişdir. İş üzrə toplanmış sənədlərdən görünür ki, Cavabdeh «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» Publik Hüqüqi şəxsdə mütəxəssis işləyir və əmək haqqı 900 manat təşkil edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə uşağın minimum təminat almaq hüququnu, cavabdehin əmlak və ailə vəziyyətini, 900 manat əmək haqqı almaqla yüksək gəlirə malik olmasını və etirazının dəlillərinin inandırıcı olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22.06.2015-ci il tarixli 2(060)-384/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 17.11.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22.06.2015-ci il tarixli 2(060)-384/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 17.11.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə ödənilmiş dövlət rüsumu nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-523/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-523/2022
28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver