Məhkəmə qərarları › İş №2(060)-5276/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5276/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5276/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 05.08.2012-ci il təvəllüdlü X5 və 18.09.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 15.07.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 05.08.2012-ci il təvəllüdlü X7 və 18.09.2013-cü il təvəllüdlü X10 adlı iki uşaqları var. Hazırda ayrı yaşayırlar. Cavabdeh ailəsinə baxmır, ailə qayğılarından uzaqdır. Birgə nikahdan olan uşaqlarını təkbaşına saxlaya bilmir. Cavabdehin hazırda yüksək qazancı var, fərdi əməklə məşğuldur, torpaq sahələrində fərdi yaşayış evlərini tikib satır. Lakin cavabdeh uşaqların saxlanılması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə nikahdan olan 05.08.2012-ci il təvəllüdlü X5 və 18.09.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay cavabdehdən bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə iki uşağa görə 400 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirdi ki, cavabdeh iddia tələbinin tam şəkildə təmin edilməsinə etiraz edir və iddia tələbi ilə qismən razıdır. İddiaçının iddia ərizəsində cavabdehin gəlir və qazancının yaxşı olması ilə bağlı qeyd etdikləri həqiqəti əks etdirmir və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehdən hər uşaq üçün aylıq 200 manat alimnetin tələb edilməsi tamamilə absurddur. Belə ki, müntəzəm gəliri olmayan, qazancı yüksək olmayan alimenti ödəməli olan valideyn 2021-ci il üçün uşaqlar üçün müəyyən olunmuş minimum 175 manat dolnacaq xərcindən də artıq vəsaitin aliment şəklində tələb edilməsi açıq aşkar şəkildə əsassızdır və təmin edilə bilməz. Digər tərəfdən müəyyən olunmuş 175 manat minimum dolacaq xərcinin yalnız tək valideyndən tutulması barədə qanunvericiliyin hər hansı bir imperativ göstərişi yoxdur. Uşağı saxlamaq hər iki valideynin borcu olduğu üçün həmin xərc də valideynlərə birgə qaydada aid edilməlidir. Qeyd etdikləinə və etirazda göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin qismən təmin edilməsi və 05.08.2012-ci il təvəllüdlü X5 və 18.09.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ-İİ 937485 saylı və AZ-İİİ 185726 doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 05.08.2012-ci il təvəllüdlü X7 və 18.09.2013-cü il təvəllüdlü X10 adlı iki övladları anadan olmuşdur. İş materiallarında olan AZ-İ 683585 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 15 iyul 2011-ci il tarixdə Sumqayıt Nikah evində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 570 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bağırova soyadı verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh oğlunun daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən ondan sabit pul məbləğində aliment tutulmalı, bu məbləğ hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması 01.06.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, aliment tələbinə görə X3 dövlət rusumunu ödəməkdən azad edildiyindən, 30 (otuz) manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 05.08.2012-ci il təvəllüdlü X5 və 18.09.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün 01.06.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar