Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-529/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Elektronikə qarşı kredit müqaviləsinin ləğvi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı kredit müqaviləsinin ləğvi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1964-cü il tarixində anadan olmuşdur. xx.xx.2022-ci il tarixində bank olmayan kredit təşkilatı “EmbaFinans”-nın şimal filialı ilə bağladığı 450- KSM-0341-22 saylı kredit müqaviləsi və ona 1 saylı əlavə ilə Pozis Rk-149 model soyuducunu Sumqayıt şəhəri, köhnə “Sputnik” adlanan yerdə yerləşən Cavabdeh MMCdən almışdır. Soyuducunu evə gətirdikdən sonra quraşdırdıqda içərisinə qoyduğu məhsulları soyutmadığının fərqinə varmışdır. Özünün də soyuducu kimi məişət texnikaları haqqında yaxşı məlumatlı olduğuna görə yeni aldığı soyuducunun xarab olduğunu görmüşdür. Amma yenə də soyuducu yeni olduğuna görə işləmədiyini düşünərək gözləmişdir. Soyuducunu işlətdiyi gündən sonrakı gün də eyni şeyin şahidi olduqda soyuducunu aldığı yerə getməyi qərara almışdır. Burada həmin problemi bildirdikdə soyuducunun işlədiyini, onun səhv dediyini deyərək onu geri göndərmişlər. Amma soyuducu hələ də işləmədiyinə görə o təkrar-təkrar oraya getməli olmuşdur. Aldığı soyuducunun zəmanət talonun da göstərilir ki, məlumatdan şəxsi, ailə, məişət məqsədləri üçün istifadə edildiyi halda istehsalçı üç il zəmanət müddəti müəyyən edir. Təmir xidməti sifariş qəbul edildiyini gündən hesablanaraq mümkün qədər tez, lakin qanunvericilikdə nəzərdə tutulmuş 14 iş günündən gec olmayaraq həyata keçirilməlidir. Soyuducunun şəxsi, ailə, məişət məqsədləri üçün aldığına görə soyuducunun 3 il zəmanəti olmasına baxmayaraq məlumatı aldığı mağaza ilk başlardan təmir üçün sifarişi qəbul etməmişdir. Amma çoxsaylı müraciətlərdən sonra təmir üçün usta göndərilmişdir. Lakin soyuducunu təmir etmək mümkün olmamışdır. Yenə də mağazaya getdikdə onu haqlı olduğu təqdirdə haqsız çıxararaq geri göndərmişdilər. Aldığı soyuducunun zəmanət talonunda da bildirilir ki, meydana çıxan nasazlıqların aradan qaldırılması qaunla müəyyən edilmiş qaydada mümkün olmadıqda, malın dəyişdirilməsi və ya geri qaytarılması məsələsinə baxılır. Aldığı soyuducu xarab olduğuna görə zəmanət talonunun yuxarıda göstərdiyi müddəalarını rəhbər tutaraq soyuducunu qaytarmaq üçün müraciət etdikdə ona bunun mümkün olmayacağını dedilər. Düşünür ki, bu tamamilə qanunsuzdur. Soyuducu xarab olduğuna görə qaytarılmalı, kredit müqaviləsi ləğv edilməlidir. Bundan başqa aldığı soyducu xarab olduğuna görə müqavilə ilə nəzərdə tutulmuş aylıq krediti ödəməkdən imtina etsə də, “EmbaFinansın” əməkdaşları zəng edərək onu 190 manat ödəməyə məcbur etmişlər. Nəticədə xarab olan məişət texnikasına görə ona güclə 190 manat ödətdirmişlər. Soyuducu işlək vəziyyətdə olmadığına görə hesab edir ki, xx.xx.2022-ci ildə bank olmayan kredit təşkilatı “EmbaFinansın”-ın şimal filialı ilə bağladığı 450-KSM-0341-22 saylı kredit müqaviləsi və ona 1 saylı əlavə etibarsız sayılmalı və ləğv edilməlidir. Bundan əlavə onun çəkdiyi xərc Cavabdeh MMC tərəfindən özünə qaytarılmalıdır. Bütün bu hadisələrə və soyuducunun işləmədiyinə görə yayda soyuq saxlanılmalı məhsullarının çoxu xarab olmuşdur. Buna görə də onlara dəyən bütün zərər ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2022-ci ildə Cavabdeh mağazasından aldığı soyuducunun alınması üzrə BOKT «EmbaFinans»-ın şimal filialı ilə bağladığı 450-KSM0341-22 saylı kredit müqaviləsi və ona 1 saylı əlavə etibarsız sayılaraq ləğv edilməsi, «EmbaFinans»-a ödədiyi 190 manatın Cavabdeh MMC tərəfindən ona ödənilməsi, soyuducunun istismara yararsız olmasının təsdiqi ilə bağlı ekspert təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində qeyd olunmuş Cavabdeh MMC-nin Cavabdeh Elektroniks mağazası kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, rəylə razı deyildir. Onun şaxta olan kamerasında istifadə edirlər. O da yavaş-yavaş tükənəcəkdir. Soyuducunun kamerasında isə ümumiyyətlə heç nə saxlamaq mümkün deyildir. Nasazlıq məlum olan gün onlara zəng etmiş və müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Elektroniks məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh Elektroniksin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən mütəxəssis X4 izahatında bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci ildə onlara müraciət olunmuşdur. X1 iddiaçının ünvanında olmuşdur. Soyuducuda heç bir nasazlıq olmamışdır. İddiaçı soyuducunun setkasının qızmasından şikayət etmişdir. Setka da bir müddət qızır, sonra soyumaya gedir. Setka qızmalı deyildir. Onda düzgün tənzimlənmir. Soyuducu fasiləyə gedəndə su qaba tökülür, sonra buxarlanır. Onlar iddiaçının ünvanında olmuş, soyuducuya tərəflərin iştirakı ilə baxış keçirmişlər. Soyuducu işlək vəziyyətdə olmuşdur. Hər iki kamerasını çəkmişlər. Normal və işlək vəziyyətdə olmuşdur. Hər iki kamerada ərzaqlar var idi. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə mağazadan soyuducu almışdır. Lakin soyuducunu işlək vəziyyətə gətirmək istədikdə soyuducu işləməmiş, buzun sıxlığı az olduğuna görə su axmış, söyuducuda olan məhsullar zay olmuşdur. O, 190 manat məbləğində ödəniş etmişdir. Yararsız vəziyyətdə olması barədə mağazaya bildirmişdir. Soyuducunun qiyməti 910 manat təşkil edir. Mağazaya müraciət etdikdə 14 gün müddətinə onun məhkəməyə müraciət etmək üçün istehlakçı hüququnun olduğu izah edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh Elektroniksin nümayəndəsi Fərhad Əzimov iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı mağazaya daxil olduğu vaxt seçim etməkdə çətinlik çəkmiş, onlara seçim imkanı yaratdıqdan sonra zəng edib bildirmişlər ki, quraşdırılan soyuducunu bəyənirlər. Onlarda iki formada soyuducu satışda olmuşdur. Onlardan biri nofrost markalı, digəri isə dofrost markalı soyuducu olmuşdur. İddiaçı doforst markalı soyuducunu almışdır. Bir neçə gün sonra iddiaçının həyat yoldaşı zəng edib bildirmişdir ki, dofrost markalı soyuducunu deyil, nofrost markalı soyuducunu istəyir. Lakin onlar soyducunun işləməsi barədə heç bir məlumat verməmişlər. Bir neçə gün sonra İddiaçı mağazaya gələrək soyuducunu qaytarmaq istədiklərini bildirmişdir. Onlar isə servisdən nümayəndələr dəvət etmiş, bunun nəticəsində isə nümayəndələr, soyuducunun tam işlək vəziyyətdə olduğunu bildirmişdir. Əgər bir problem olsa idi, servisin əməkdaşı yerindəcə akt tərtib edərək, həmin gün soyuducu geri qaytarardılar. Kreditin ödənişinə Cavabdeh Elektroniks deyil Embafinans tərəfindən baxılır. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Azərbaycan Respublikas, Sumqayıt şəhərində xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 014455 nömrəli zəmanət talonundan görünür ki, soyuducu Pozis RK-149 nömrəli model xx.xx.2022-ci il tarixdə Kompakt yerində satılmışdır. İş materiallarında olan EmbaFinans tərəfindən verilmiş 450-KSM-0341-22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 910 manat məbləğində vəsaiti 12 ay müddətinə 32% dərəcəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 17 fevral 2023-cü il tarixli məlumatdan görünür ki, mühəndis-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssiz fəaliyyət göstərmir və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. İş materialarında olan Sumqayıt şəhər Məhkəməsində 2(060)-529/2023 saylı iş üzrə mütəxəssis qismində cəlb edilmiş "xxxx" QSC-ni təmsil edən mütəxəssislər, X4 və X3 tərəfindən İddiaçı məxsus olan Pozis RK-149 model soyuducusuna baxışın keçirilməsinin nəticəsi haqqında rəydən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı məxsus olan Pozis RK-149 model soyuducusuna yerində vizual və texniki baxış keçirilmişdir. Baxış zamanı onlar tərəfindən soyuducunun hər iki kamerası xüsusi ölçü cihazıyla ölçülmüş, telefon kamerası vasitəsilə videoçəkiliş aparılmışdır. Soyuducunun hər iki kamerası standartlara uyğun nəticə göstərmişdir. Müştərinin şikayəti soyuducunun arxa hissəsində və buzlaq yerində olan hissələrdə tər əmələ gəlməsidir. Bu soyuducu Defroz olduğu üçün bu tipli soyuducularda arxa divarlarda, buzlaq yerində tər əmələ gəlməsi tam standartlara uyğundur. Qüsur hesab edilmir. Beləliklə, yerində baxış keçirilmiş Pozis RK-149 model soyuducusu hazırda istifadəyə yararlı vəziyyətdədir. Hər hansı bir yararsız vəziyyət və zavod qüsuru aşkarlanmamışdır. Məhkəmə araşdırması zamanı iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, 450-KSM-0341-22 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 910 manat məbləğində vəsaiti 12 ay müddətinə 32% dərəcəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci ildə Cavabdeh mağazasından aldığı soyuducunun alınması üzrə BOKT «EmbaFinans»-ın şimal filialı ilə bağladığı 450-KSM0341-22 saylı kredit müqaviləsi və ona 1 saylı əlavə etibarsız sayılaraq ləğv edilməsi, «EmbaFinans»-a ödədiyi 190 manatın Cavabdeh MMC tərəfindən ona ödənilməsi, soyuducunun istismara yararsız olmasının təsdiqi ilə bağlı ekspert təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, soyuducuya baxış keçirilməsinin nəticəsi haqqında rəydən də görünür ki, bu soyuducu Defroz olduğu üçün bu tipli soyuducularda arxa divarlarda, buzlaq yerində tər əmələ gəlməsi tam standartlara uyğundur və qüsur hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iş üzrə mütəxəssis rəyi digər sübutlarla yanaşı qiymətləndirilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Beləliklə iş üzrə mütəxəssis rəyinə əsaslanaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının qusurlu hesab etdiyi soyuducunu istifadə edərək, üzərinə götürdüyü öhdəliyini həyata keçirməmək və bunun nəticəsində vəzifələrini boyun qaçırmaq niyyəti daşıyır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə şərtlərinə və ən əsası qüsurlu əşyanı qaytarmaq hüququnun olduğu halda iddiaçı bunu etməmiş, aldığı soyuducunu hal hazırki vaxtadək istifadə etmişdir. Məhkəmə istehlakçı hüquqlarının qorunması baxımından hər bir tərəfə sübut və dəlillərini təqdim etməli olduqlarını təklif etmiş, lakin iddiaçı iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə hüquqdan suiistifadə hallarına yol verərək məhkəmənin zəruri araşdırmasının nəticəsi olaraq verilmiş rəyə etiraz etmişdir. Lakin etirazın dəlillərinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, iddia əsaslı hesab edilə bilməz. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd olunan işin faktiki və prosessual hallarına əsaslanaraq hesab edir ki, məhkəmə iclasında İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Elektroniksə qarşı kredit müqaviləsinin ləğvi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-529/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-529/2023
15.05.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver