Məhkəmə qərarları › İş №2(060)-5296/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5296/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5296/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, ünvan 1-dan cavabdehin cehiz əmlakının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd xalça, 1 ədəd sandıq, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt çarpayı, 2 ədəd döşək, 4 ədəd yastıq, 1 ədəd çaydan, 2 ədəd dəm çayniki, 1 ədəd qənd qabı, 5 ədəd böyük nimçə, 6 ədəd balaca nimçə, 1 ədəd tava, 2 ədəd kasa, 5 ədəd xörək boşqabı, 1 ədəd qazan, 2 ədəd bıçaq, 3 ədəd duz qabı, 3 ədəd şüşə duz qabı, 2 ədəd salat doğramaq üçün taxtadan ibarət cehiz əmlakın ünvan 1-dan boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, 90 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. Cavabdehin cehiz əmlakının boşaldılmasını istəyir. Belə ki, Cavabdeh ilə onun qardaşı X1 aralarında olan nikah rəsmi qaydada 10 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh xeyli zamandır ki, övladları ilə birlikdə başqa ünvanda yaşayır. O, dəfələrlə cavabdehə ünvan 1-dan cehiz əmlakının boşaldılmasını bildirsə də, Cavabdeh buna əhəmiyyət verməyərək hələ də ünvan 1-dan öz cehiz əmlakını boşaltmamışdır. İddiaçı cavabdehin əmlakının həmin ünvanda qalmasından çox narahatdır. O, cavabdehin cehiz əmlakına görə hər-hansı məsuliyyəti öz üzərinə götürmək istəmir. Ona görə də dəfələrlə cavabdehə cehiz əmlakının həmin ünvandan boşaldılmasını bildirmişdir. Belə ki, ünvan 1 ünvanında olan əşyalar onun normal yaşayış həyat tərzinə çox maneçiliklər törədir və həmin mənzildə onun yaşayışını çox çətinləşdirir. Təxminən bildiyinə görə onun cehiz əşyaları 1 ədəd termodan, 1 ədəd şfanerdən, 2 ədəd xalçadan, 1 ədəd sandıqdan, 1 ədəd divandan, 2 ədəd kreslodan, 1 ədəd taxt çarpayıdan, 2 ədəd döşəkdən, 4 ədəd yastıqdan, 1 ədəd çaydandan, 2 ədəd dəm çaynikindən, 1 ədəd qənd qabıdan, 5 ədəd nimçə böyük, 6 ədəd nimçə balaca, 1 ədəd tava, 2 ədəd kasa, 5 ədəd xörək boşqabı, 1 ədəd qazan, 2 ədəd bıçaq, 3 ədəd xörək qaşığı, 2 ədəd çay qaşığı, 1 ədəd çömçə, 3 ədəd stakandan, 6 ədəd nəlbəki, 3 ədəd duz qabı, 3 ədəd duz qabı şüşə, 2 ədəd salat doğramaq üçün taxtadan ibarətdir. Qalan qab-qacaq cehiz əşyalarından işlətmədikləri də var. Onların nədən ibarət olmalarını dəqiq deyə bilmir. Belə ki, Cavabdeh özü həmin əşyaları dəqiq bilir. Ona görə ki, onun cehiz əşyaları açılmadan qutularda ağzı bağlı qablaşdırılmışdır. O da həmin cehiz əşyalarına heç bir halda toxunmamışdır. Beləliklə, hesab edir ki, iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir.

Tərəflərin mövqeləri:

1. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 1 ildən çox müddətdir ki, evə yerləşmək istəyir, lakin əmlakların orda olması səbəbindən evə yerləşə bilmir. Ev ona məxsusdur, qardaşı evli olduğu zaman evi onlara müvəqqəti yaşamaq üçün vermişdir. Hal-hazırda isə boşandığı üçün əmlakların çıxarılmasını xahiş edir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

2. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hal-hazırda bacısıgildə qalır. Onun qalmağa yeri yoxdur. Əmlakları oradan götürsə də, onları aparmağa yeri olmadığı üçün iddia tələbi ilə razı deyildir. O, iddiaçının qardaşı ilə evli idi. Onun təkidi ilə yoldaşı ondan ayrılmışdır. Hal-hazırda yaşamağa yeri yoxdur.

Tədqiq olunan sübutlar:

3. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 26 iyul 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, 90 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.

4. 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1066 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, mənzil 90-da yaşayır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.

Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı qardaşının keçmiş arvadıdır. İddiaçının qardaşı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehə məxsus əşyaların onun mənzilində qalmasının mülkiyyət hüququnu məhdudlaşdırdığına istinad edərək, iddia ərizəsində göstərilən əşyaların mənzilindən çıxarılmasını tələb edir.

11. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrinin əsasları müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

13. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Bu baxımdan mülkiyyətçinin razılığı olmadığı halda cavabdehin mənzildən istifadə etmək hüququ yoxdur. Cavabdehə məxsus cehiz əmlakın çıxarılması xahiş olunan ünvan 1 ünvanında yerləşən mənzil isə İddiaçı xüsusi mülkiyyətindədir.

14. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması, eləcə də mənzillə bağlı hər hansı əşya hüququnun mövcudluğu müəyyən edilmir.

15. Cavabdeh özünə məxsus cehiz əmlakını İddiaçı məxsus mənzildə saxlamaqla ona mülkiyyətçi kimi öz hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Bu hal iddiaçını şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.

16. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, 90 saylı mənzildən Cavabdeh məxsus 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd xalça, 1 ədəd sandıq, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt çarpayı, 2 ədəd döşək, 4 ədəd yastıq, 1 ədəd çaydan, 2 ədəd dəm çayniki, 1 ədəd qənd qabı, 5 ədəd böyük nimçə, 6 ədəd balaca nimçə, 1 ədəd tava, 2 ədəd kasa, 5 ədəd xörək boşqabı, 1 ədəd qazan, 2 ədəd bıçaq, 3 ədəd duz qabı, 3 ədəd şüşə duz qabı, 2 ədəd salat doğramaq üçün taxta siyahıya alınmaqla çıxarılmalıdır.

Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh məxsus məxsus 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd xalça, 1 ədəd sandıq, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt çarpayı, 2 ədəd döşək, 4 ədəd yastıq, 1 ədəd çaydan, 2 ədəd dəm çayniki, 1 ədəd qənd qabı, 5 ədəd böyük nimçə, 6 ədəd balaca nimçə, 1 ədəd tava, 2 ədəd kasa, 5 ədəd xörək boşqabı, 1 ədəd qazan, 2 ədəd bıçaq, 3 ədəd duz qabı, 3 ədəd şüşə duz qabı, 2 ədəd salat doğramaq üçün taxtadan ibarət cehiz əmlaklar İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, 90 saylı mənzildən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar