Məhkəmə qərarları › İş №2(060)-5330/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5330/2025

25.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5330/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" İstehsalat Müəssisəsi və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, forma məzmun) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı cavabdehlər "xxxx" İstehsalat Müəssisəsi və "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-nin və "xxxx" İstehsalat Müəssisəsinin üzərinə əmək haqqı kimi ödənilməli olan 2400 manat məbləğin və son haqq-hesabın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;

3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir;

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" İstehsalat Müəssisəsində işlədiyini, bunu təsdiq edən yol vərəqələrini işə əlavə etdiyini qeyd etmişdir.

5. İddiaçı cavabdehlər tərəfindən əmək haqqı kimi ödənilməli olan 2400 manat məbləğin və son haqq-hesabın hesablanaraq ona ödənilməsini xahiş etsə də, lakin həmin məbləğin hansı hissəsinin "xxxx" MMC-dən, hansı hissəsinin "xxxx" İstehsalat Müəssisəsindən tələb etdiyini ərizəsində göstərməmiş, məbləğ ümumi şəkildə irəli sürülmüşdür.

6. Həmçinin, iddia tələbini təsdiq edən hallar kimi işə əlavə etdiyi yol vərəqələrinə istinad etsə də, həmin yol vərəqələri "xxxx" İstehsalat Müəssisəsinə aid olduğu iddia edilən möhürlə təsdiqlənmişdir.

7. Belə olduğu təqdirdə məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən "xxxx" MMC ilə əmək münasibətlərinin mövcudluğunu və əmək haqqı öhdəliyinin yaranmasını təsdiq edən heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir.

8. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh kimi göstərilən hüquqi şəxslər arasında heç bir hüquqi və ya iqtisadi bağlılıq olmamaqla, hər biri müstəqil hüquqi şəxslərdir. İddia tələbi onların birgə fəaliyyəti nəticəsində yaranmadığından birgə məsuliyyət daşıya bilməzlər.

9. İddiaçının hər iki müəssisədə fərqli tarixlərdə işlədiyi göstərildiyi halda məhkəmə araşdırılması da iddiaçının hər bir cavabdehlə əmək münasibətinin ayrıca araşdırılması kontekstində aparıla bilər. Odur ki, iddiaçı bir-biri ilə əlaqəli olmayan tələbləri bir icraatda birləşdirmişdir.

10. Həmçinin, işə əlavə edilmiş mediasiya arayışından görünür ki, iddiaçı yalnız "xxxx" İstehsalat Müəssisəsini tərəf kimi qoymuş, "xxxx" MMC-yə münasibətdə mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir.

11. “Mediasiya haqqında” Qanunun Maddə 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir.

12. Bütün bu qeyd olunanlar da hazırkı ərizənin qaytarılması üçün əsasdır.

13. Məhkəmə iddiaçıya izah edir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla hər bir cavabdehə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

14. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər "xxxx" İstehsalat Müəssisəsi və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar