Məhkəmə qərarları › İş №2(060)-535/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-535/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-535/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 02.09.2014-cü tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 04.11.2016-cı il tarixində Aylar adlı, 24.12.2018-ci il tarixində isə Zaur adlı övladları doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Yoldaşının anası və atası onu və balaca balalarını bir qarın ac, bir qarın tox qoymuşlar. Yoldaşı isə narkotik aludəçisidir. Nə qədər bu yoldan çəkindirmək istəsə də, çəkindirə bilməmişdir. Valideynləri belə oğlunu müalicə elətdirməkdən boyun qaçırmışdır. O, oğullarını atalarının yanında böyütmək və gələcək üçün xeyirsiz övladlar olmaqlarını istəmir. Onlara yaxşı tərbiyə vermək və atalarının getdiyi yola baxıb o, yolla getməmələri üçün boşanmaq qərarına gəlmişdir. Artıq xeyli müddətdir ki, faktiki olaraq ayrılmışlar. Münasibətləri alınmadığı üçün onların bir ailə kimi bir yerdə yaşamaqları qeyrimümkündür. Cavabdeh bir valideyn kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Uşaqların maddi cəhətdən saxlanılmasında ona heç bir köməklik göstərmir. Qeyd olunanlara əsasən məhkəmədən onunla Cavabdeh arasında bağlanmış 02.09.2014-cü il tarixli, 840 saylı nikah qeydinin pozulması, 04.11.2016-cı il təvəllüdlü X2 və 24.12.2018-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və 04.11.2016-cı il təvəllüdlü X2 və 24.12.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 2 uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə aralarında hazıradək heç bir barışıq əldə olunmamışdır. Ona işləyib ailəsinə sahib çıxması üçün şans versə də, heç bir nəticəsi olmamışdır. Uşaqlar hal-hazırda özü ilə birlikdədir. İlk məhkəmə iclasından sonra cavabdeh uşaqları aparıb, 8 gün saxlamış, daha sonra özü gedib gətirmişdir. Cavabdeh uşaqları gəlib görür. Onun qazancı 1500 manata yaxın olur.Məhkəmə tərəfindən vaxt verilməmişdən əvvəl məhkəmə iclasında özü də bunu təsdiq edərək qaynaqçı işlədiyini, işi olanda 1000-1500 manat məbləğdə gəlirinin olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 19.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı valideynləri ilə yola getmir və evdən özbaşına çıxıb getmişdir. O da bu səbəbdən onu gətirməyə getməmişdir. İddiaçı 5 aydır ki, uşaqları ona göstərmir. Qaynaqçı işlədiyini, işi olanda gəlirinin 1000-1500 manat təşkil etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, İddiaçı izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 07.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə telefonla əlaqə saxlamaq mümkün oolmamış və ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 02.09.2014-cü il tarixində akt qeydləri kitabında 840 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada isə Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 04.11.2016-cı il, X3 isə 24.12.2018-ci il tarixdə anadan olmuşlar. Ataları Cavabdeh oğlu, anaları İddiaçıdır. Məhkəmə tərəflərə 19.01.2022-ci il tarixli, 2(060)-535/2022 saylı qərardad ilə barışmaları üçün vaxt verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtna etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edildi ki, ər-arvadın uzun müddətdir ki, ailə münasibətləri pozulmuş, bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, ailənin saxlanılması qeyri-mümkündür, nikahları formal xarakter daşıyır. Məhkəmə tərəflərə barışmaqları üçün verilmiş 3 ay vaxt ərzində barışmadıqlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, eyni zamanda iddiaçının nikahın pozulmasına təkid etməsini nəzərə alaraq belə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 02.09.2014-cü il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 840 №-ilə qeyd edilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları nəzərə almalıdır. Uşaqların mənafeyini, onların ana qayğısına daha çox ehtiyacı olmasını, uşaqların faktiki olaraq ananın himayəsində olmasını, məhkəmə tərəfindən araşdırılan halları nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan 04.11.2016-cı il təvəllüdlü X2 və 24.12.2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirib, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, hazırki yaşayış minimumu həddini, tərəflərin diqqətəlayiq maraqlarını, cavabdehin özü tərəfindən məhkəmə iclasında verilmiş izahata əsasən işlədiyi müddətdə gəlirinin 1000-1500 manat olmasını, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, 04.11.2016-cı il təvəllüdlü X2 və 24.12.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaıarı üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 26 noyabr 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abdullayeva (Bağırova) Minayə Qalib qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 02.09.2014-cü il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 840 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahınlarından olan 04.11.2016-cı il təvəllüdlü X2 və 24.12.2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalsın. Cavabdeh 26.11.2021-ci il tarixindən etibarən 04.11.2016-cı il təvəllüdlü X2 və 24.12.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar