Məhkəmə qərarları › İş №2(060)-5407/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5407/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5407/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı istehlakçı hüququnun müdafiəsi, müqavilədən irəli gələn öhdəliyin icrası tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 iyul 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə öhdəliyə cəlb edilməsi, ona satılmış Hoffman X Go markalı 1 ədəd telefonun istifadəyə tam yararlı vəziyyətdə ona qaytarılması və onun dəyərinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhər məhkəməsminin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə ondan 2 ədəd Hoffman X Go markalı telefon və 4 ədəd aksessuara görə ümumilikdə 219 manat məbləğində pulun tutulması qət edilmişdir. O, həmin “Hoffman X Go” markalı telefonun birini 24.05.2019-cu ildə almış, lakin telefonda ciddi problem yarandığı üçün 17 gün ərzində telefonu cavabdehin təmir şöbəsinə təqdim etmiş, lakin telefonu təmir edə bilmədikləri üçün onlarda qalmışdır. Onun bir istehlakçı kimi hüquqları pozulmuş, ondan həm telefon geri alınmış, həm də pulu tələb edilmişdir. Nə qədər ki, cavabdeh həmin telefonun dəyərini ondan tələb edir, belə olan halda həmin pul hesabına alınmış telefon və ya onun dəyəri alınaraq ona qaytarılmalıdır. O bu illər ərzində dəfələrlə cavabdeh təşkilata müraciət edərək telefonu dəyişərək ona istifadəyə yararlı telefon verməsini xahiş etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Belə olan təqdirdə dəymiş ziyanın əvəzi olaraq həmin telefon və ya telefonun dəyəri alınaraq ona qaytarılmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, ona iki ədəd “Hoffman X Go” markalı telefon hissə-hissə ödəmək şərtilə satılmışdır. İddiaçı telefonda baş vermiş nasazlıq səbəbindən mağazaya müraciət etmişdir. Hal-hazırda həmin telefon cavabdeh təşkilatdadır. İddiaçının telefonunun işləməməsinə səbəb onun ödənişləri gecikdirməsi olmuşdur. Belə ki, ödənişlər gecikdikdə telefonda olan bütün şəbəkələr avtomatik olaraq deaktiv olunur. Hazırda iddiaçı mağazaya yaxınlaşıb hər İMEİ koda 10 manat ödəməklə telefonu götürə bilər. Telefonun İddiaçı tərəfindən mağazadan götürülməsində heç bir problem yoxdur. Telefonun batareyası mağazanın hesabına dəyişdirilmişdir. Cavabdehin nümayəndəsi qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Sumqayıt şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(060)-2066/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilmiş, İMEİ nömrəsi **********32665 və **********36880 olan iki ədəd HOFFMANN X Go markalı telefon və 4 ədəd aksessuar üçün 199 manat ödənilməmiş hissə, 20 manat dövlət rüsumu, cəmi 219 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan 20.09.2019-cu il tarixli sifariş blankından görünür ki, İddiaçın HOFFMANN X Go markalı telefonu həmin tarixdə "xxxx" MMC-nin servis xidmətinə təhvil vermişdir. Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 05.05.2020-ci il tarixli aparılan işlər barədə çıxarışdan görünür ki, İddiaçı satılmış HOFFMANN X Go markalı telefon birinci dəfə 21.06.2019-cu il tarixdə servisə qəbul olunmuşdur. Telefonun ana platası dəyişdirilmişdir. İkinci dəfə 23.07.2019-cu il tarixdə servisə qəbul olunmuşdur. Batereya dəyişilməsi müştəriyə təklif olunmuş, müştəri tərəfindən ödənişli təmirdən imtina edilmişdir. Sonuncu dəfə 20.09.2019-cu il tarixdə servisə qəbul olunmuşdur. Batereya sıradan çıxmışdır. İMEİ kod deaktiv edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 24.05.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC sonuncuya dəyərini hissə-hissə ödəmək şərti ilə HOFFMANN X Go markalı iki ədəd telefon satmışdır. Telefonları aldıqdan bir müddət sonra həmin telefonların birində qüsur yaranmış, İddiaçı telefonu mağazaya təhvil vermiş və müqavilədə nəzərdə tutulan qaydada ödənişləri etməmişdir. Bundan sonra "xxxx" MMC İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq 199 manat ödənilməmiş hissə, 20 manat dövlət rüsumu, cəmi 219 manat məbləğində pulun İddiaçı alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(060)-2066/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Alğı-satqı haqqında ümumi müddəaları nəzərdə tutan normalarına görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (mad. 567). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (mad. 568.1). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Məhkəmə hesab edir ki, HOFFMANN X Go markalı telefonun tərəflər arasında bağlanmış 24.05.2019-cu il tarixli müqavilə ilə müəyyən edilmiş dəyərinin İddiaçı tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul olunduğundan HOFFMANN X Go markalı telefon istifadəyə tam yararlı vəziyyətdə "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh "xxxx" MMC tərəfindən HOFFMANN X Go markalı mobil telefonun istifadəyə tam yararlı vəziyyətdə İddiaçı qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi cavabdeh "xxxx" MMC tərəfindən HOFFMANN X Go markalı mobil telefonun istifadəyə tam yararlı vəziyyətdə İddiaçı qaytarılması hissəsində təmin edildiyindən, iddia həmin telefonun dəyərinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC tərəfindən HOFFMANN X Go markalı mobil telefon istifadəyə tam yararlı vəziyyətdə İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən HOFFMANN X Go markalı mobil telefon istifadəyə tam yararlı vəziyyətdə İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar